Məhkəmə qərarları › İş №2(024)-633/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-633/2024

06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-633/2024 06.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mal-qarasının onlara məxsus olan qarğıdalı sahəsinə vurduğu ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İş materiallarından görünür ki, iddia aydın və konkret deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçılar ərizədə onlara məxsus olan qarğıdalı sahəsinə 2000 (iki min) manat maddi ziyan dəydiyini göstərdikləri və iddianın qiymətinə uyğun olaraq qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödədikləri halda, iddia tələblərində cavabdehlərdən hansı məbləğdə ziyanı tələb etdiklərini göstərməmiş, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi barədə aidiyyatı üzrə sorğu göndərilməsini məhkəmədən xahiş etmişlər. Halbuki Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Eyni zamanda iddiaçılar tərəfindən iddia tələbinin əsaslandırıldığı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində xx.xx.2024-cü il tarixdə qarğıdalı sahəsinə 12 baş iribuynuzlu heyvanın girdiyini qeyd etmiş, lakin özünə məxsus qarğıdalı sahəsinə həmin tarixdə mal-qara tərəfindən vurulmuş zərərin həcminin müəyyən edilməsinə dair müvafiq mütəxəssis rəyini iddia ərizəsinə əlavə etməmişlər. İddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tairxdə yəni iddiaçıların göstərdiklərin xx.xx.2024-cü il tarixdən 6-7 gün sonra daxil olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qax rayon DAİM-nin mütəxəssislərinin tərtib etdiyi 03 sentyabr 2024-cü il tarixli Akt-dan da görünür ki, sahəyə baxış keçirilərkən heyvanlar tərəfindən qarğıdalının yeyilərək və tapdalanaraq məhsulda itki baş verəcəyi göstərilmişdir. Göründüyü kimi, iddiaçıların hadisə baş verməzdən qısa müddət sonra dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə müvafiq quruma rəy almaq üçün müraciət etməsi zərərin miqdarı ilə bağlı gələcəkdə mübahisələrin yaranmasının qarşısını ala bilər. Qeyd olunan sahədə məhsula dəymiş ziyanın həcmində kənar təsirlər nəticəsində dəyişiklik ola bilmə ehtimalı vardır. Yuxarıda qeyd olunan prosessual hüquq normasından da göründüyü kimi, sadalanan sübutların iddia ərizəsinə əlavə edilməsi iddiaçı tərəfindən həyata keçirilir. Ona görə də iddia ərizəsinin icraata götürülməsi mümkünsüzdür. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılmalıdır. Mülki-Prosesual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “dəymiş ziyanın müəyyən edilərək cavabdehlərdən alınması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə “MilliÖn” ödəniş terminalı ilə "xxxx" MMC vasitəsi ilə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar