Məhkəmə qərarları › İş №2(024)-643/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-643/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-643/2024 28.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin həcminin artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2010-cu il tarixdə doğulmuş X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat alimentin Cavabdeh tutularaq özünə ödənilməsi, həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manatının özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mediasiya təşkilatında xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh birgə nikahlarından olan xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün hər ay 130 manat aliment ödəyir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilmişdir. Özü hazırda mediasiya təşkilatına 50 (əlli) manat, məhkəmə üçün isə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, yalnız qiymətləndirilən iddia üçün 30 (otuz) manat ödəməli idi. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq özünə çox çətindir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd etdiyi kimi hər ay 200 (iki yüz) manat məbləğində alimentin cavabdehdən alınaraq özünə ödənilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, təyin olunan 130 manat məbləğdə alimenti hər ay ödəyir və gecikməsi yoxdur. İlk nikahından himayəsində bir oğlu vardır və onun təlim-tərbiyəsi ilə yalnız özü məşğul olur. Ehtiyaclarını özü qarşılayır. Buna görə də iddiaçının tələb etdiyi hər ay 200 (iki yüz) manat məbləğində alimenti ödəməyə imkanı çatmır. Uşağın ehtiyaclarının qarşılanması üçün daha artıq məbləğə ehtiyac olduğunu bilir. Həmçinin qeyd edir ki, artıq bir neçə aydır təyin olunan 130 (bir yüz otuz) manat məbləğdən daha artıq ödəniş etmişdir. Hər ay 150 (yüz əlli) manat məbləğində aliment ödəyə bilmək imkanı vardır. Odur ki, iddia tələbinin qismən təmin olunmasını və alimentin onun bildirdiyi həddə artırılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01434 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(024)-96 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi alimentin miqdarı hər ay sabit pul məbləğində 80 (səksən) manat müəyyən edilməsi, həmçinin alimentin tutulmasının xx.xx.2015-ci il tarixdən başlanılması qət edilmişdir. Mediasiya təşkilatında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən birinci tərəf İddiaçı alimentin miqdarının artırılaraq 130 (bir yüz otuz) manat olmasını tələb etmiş, ikinci tərəf Cavabdeh isə tələb ilə razılaşmış və sazişin bağlanılmasını xahiş etmişdir. xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 üçün xx.xx.2021-ci il tarixdən 130 manat alimentin ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2024-cü il tarixli BPM**********12 nömrəli qəbzindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat rüsum ödəmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzindən görünür ki, İddiaçı məhkəmənin hesabına 30 (otuz) manat rüsum ödəmişdir. AZ-İİ № 545510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası Cavabdeh, anası İddiaçıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 14 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, 130 (bir yüz otuz) miqdarında aliment müəyyən olunduğu 2021-cü ildən sonra uşaq üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh hər ay 130 (bir yüz otuz) manat ödəyərək müvafiq qəbzləri Qax rayon icra və probasiya şöbəsinə təqdim edir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin azdır və uşağın saxlanılması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ətraflı araşdırıb işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, Qax rayon məhkəməsinin 2(024)-96 saylı 03 iyul 2015ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-ci il tarixdə doğulmuş Günel adlı uşağın 18 yaşı tamam olanadək saxlanılması üçün cavabdehdən hər ay 80 (səksən) manat aliment pulunun xx.xx.2015-ci il tarixdən başlayaraq tutulub iddiaçının hesabına ödənilməsi qət olunmuşdur. Sonradan Mediasiya təşkilatında xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 130 manat aliment ödəyir Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə hazırki iddia üzrə aşağıdakı məsələlərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki: İddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilk əvvəl nikahın pozulması və aliment tələbinə dair Qax rayon məhkəməsinə müraciət etmiş, iddia tələbi qismən təmin edilmiş və Günel adlı uşağın saxlanılması üçün hər ay cavabdehdən 80 (səksən) manat alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra 2021-ci ildə iddiaçı aliment məbləğinin artırılması üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə mediasiya sessiyasında iştirak etmiş, tərəflər mediasiya təşkilatında razılığa gələrək barışıq sazişi imzalamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən aslimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmənin tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilməsi qeyd edilmişdir. Hazırki iş üzrə isə iddiaçı barışıq sazişi ilə təyin edilən aliment məbləğinin artırılmasını tələb etdiyindən və qanunvericilikdə qeyd edilən hal birbaşa tənzimlənmədiyindən, məhkəmə hüquq münasibətlərinin tənzimlənməsində qanunun analogiyasını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Odur ki, qeyd edilən qanunvericilk normalarını rəhbər tutaraq məhkəmə mediasiya sessiyasında bağlanmış barışıq sazişi əsasında təyin edilmiş aliment məbləğinin artırılmasını mümkün hesab edir. Həmçinin qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Mediasiya təşkilatının xx.xx.2021-ci tarixli barışıq sazişinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Günel adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 130 (bir yüz otuz) həcmində tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün hər ay sabit pul məbləğində 180 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçının alimentin məbləğinin 200 manat məbləğində müəyyən edilməsi üçün əsas gətirdiyi uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını tək qadın olaraq özünə çox çətin olması barədə iddiaları ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar alimentin göstərilən miqdarda artırılması üçün əsas olan hal hesab edilmir. Hazırki halda aliment məbləğinin artırılaraq 180 (bir yüz səksən) manat müəyyən edilməsi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən (cavabdehdən tutulan 130 manat alimentin məbləği artırılaraq 180 manat müəyyən edildiyi üçün) 30 manat məbləğdə dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50 (əlli) manat rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Mediasiya təşkilatında xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən cavabdehlə birgə nikahdan olan xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi və ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçının ödədiyi 50 (əlli) manat rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar