Məhkəmə qərarları › İş №2(024)-660/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-660/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-660/2025 25.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, İddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi»-in Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi» Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi»-ın bank hesabına meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus meşə əkinin zədələnməsi və məhv edilməsi nəticəsində dövlətə dəymiş zərərin 345 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı 7 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən 19 aprel 2024-cü il tarixdə Mərkəzin Qıpçaq meşəbəyliyinin 14 saylı meşə dolayısında yoxlama keçirilən zaman Qax rayonu Qıpçaq kənd sakini Cavabdeh X3 məxsus meşə əkininin zədələnməsi və məhv edilməsi halları müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları»ın 2.2-1-ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda, inzibati xəta haqqında işə baxılarkən Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 400 manat maddi zərər vurulması müəyyən edilmişdir. Bu səbəbdən 29 aprel 2024-cü il tarixdə 3-14-27/08/2-034/2024 nömrəli məktubla X3 vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş və bu günədək vətəndaş ona tətbiq edilmiş cərimədən yalnız 55 manat məbləğində vəsaiti 7 saylı RMTM-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən, meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Meşə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Meşə Məcəlləsinin 79-cu maddəsində göstərilmişdir ki, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinin mənasına görə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında həyata keçirilir. Adı çəkilən Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41-1 -ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu Məcəllənin İV fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən «10» (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsinə, habelə cavabdehin həmin bildirişi 19 avqust 2025-ci il tarixdə qəbul etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuş etirazı məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş 19 aprel 2024-cü il tarixli, MN ******* №li protokoldan görünür ki, Cavabdeh barəsində İXM-in 257.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi»-i ilə Cavabdeh 345 manat madddi ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azaddırlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanan yuxarıda maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunamüvafiq olar. Belə ki, iş materialları ilə cavabdehin mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus meşə əkinin zədələnməsi və məhv edilməsi nəticəsində dövlətə dəymiş zərərə görə 345 manat məbləğində pul vəsaiti tutulub 7 saylı X1 mərkəzinin «Kapital Bank»ın Şəki rayon şöbəsinin Dövlət Xəzinədarlıq agentliyi Kod 210005, VÖEN **********, M/H AZ4138CTRE**********00 03944, S.W.İ.F.T CTREAAZ22, H/H: AZ38CTRE********************, VÖEN ******* 541, Büdcə təsnifatının kodu: 142324, Büdcə səviyyəsinin kodu:1 təyinatı 7 saylı RMTM cərimə pulu saylı hesabına ödənilməli, iddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi»-in ödəməkdən azad olunduğu 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus meşə əkinin zədələnməsi və məhv edilməsi nəticəsində dövlətə dəymiş zərərə görə 345 manat məbləğində pul vəsaiti tutulub 7 saylı X1 mərkəzinin «Kapital Bank»ın Şəki rayon şöbəsinin Dövlət Xəzinədarlıq agentliyi Kod 210005, VÖEN **********, M/H AZ4138CTRE**********00 03944, S.W.İ.F.T CTREAAZ22, H/H: AZ38CTRE********************, VÖEN ******* 541, Büdcə təsnifatının kodu: 142324, Büdcə səviyyəsinin kodu:1 təyinatı 7 saylı RMTM cərimə pulu saylı hesabına ödənilsin. İddiaçı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X2 Mərkəzi»-in ödəməkdən azad olunduğu 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar