Məhkəmə qərarları › İş №2(024)-670/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-670/2023

15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-670/2023 15.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İddiaçı Kərimli (Mustafayeva) Aydan İdris qızının, Cavabdeh iştirakı ilə. İddiaçı Kərimli (Mustafayeva) Aydan İdris qızının Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Kərimli (Mustafayeva) Aydan İdris qızı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşma çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün ona ödədiyi 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kərimli (Mustafayeva) Aydan İdris qızı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahlarını xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan onların xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 adlı övladları doğulmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və rəsmi olaraq ayrılmışlar. Qax Rayon Məhkəməsinin 2(024)-872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 343 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 mənim himayəmdə olmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən başlanılması qət edilmişdir. Hazırda o uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdehin hər ay bir uşaq üçün verdiyi 120 manat alimentlə uşaqları saxlaması qeyri-mümkündür. Uşaqlar hazırda böyümüş, təhsil və geyim kimi xərcləri artmışdır. Ona görə də o cavabdehdən uşaqların saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün ona ödədiyi 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kərimli (Mustafayeva) Aydan İdris qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, uşaqlar hazırlığa gedir və xərcləri artmışdır. Cavabdehin ödədiyi aliment məbləği isə kifayət etmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, alimentin artırılmasına etiraz edir. Çünki əvvəl təyin olunan alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi alimenti ödəyə bilmir. İddianı qəbul etmir və rədd edilməsini xahiş etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Kərimli (Mustafayeva) X10 rayonu Oncallı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Mustafayev X3 şəhəri, Nizami prosepkti, 6 mənzil 11-də qeydiyyatdadır. İş materiallarında olan Qax rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(024)-872/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün cavabdeh hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınaraq X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV № 124516 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 13 iyun 2018-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ № 801787 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 13 iyul 2016-cı ildə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X5 mediasiya prosesində iştirak etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(024)-872/2021 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün cavabdeh hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınaraq X1 ödənilməsi və alimentin tutulması xx.xx.2021-ci il tarixdən başlanması və uşaqların on səkkiz yaşına çatanadək davam etdirilməsi qət edilmişdir. Hazırda uşaqlar böyümüş və təlabatı artmışdır. İddiaçı uşaqların saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazının əsası kimi iddiaçının tələb etdiyi alimenti ödəmək üçün maddi imkanının olmamasını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nigahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərin maddi vəziyyətində dəyişiklik olması halları müəyyən olunsa da, həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu da artmışdır. Uşaqların saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi ümumilikdə 150 manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğuna görə məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Həmçinin Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018ci il tarixdə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşma çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün ödədiyi 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşma çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün ödədiyi 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar