Məhkəmə qərarları › İş №2(024)-715/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-715/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-715/2025 23.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Elman Fəırhad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 20.000 manat pul borcun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 150 manat dövlət rüsumunun cəmi 20.000 manat və 150 manat pulun Qax rayonu, Turaclı kənd sakini Cavabdeh Cəbrayiloviçdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Onun ünvan 2yətini 2014-cü sonlarında 45.000 manata satmışdır. Əlində pul var idi və almaq üçün torpaq sahəsi axtarırdı. Həmkəndlisi Cavabdeh Cəbrayiloviçin özünə və ailəsinə məxsus Qax rayonu, Turaclı kəndi ərazisində 4.5 ha fındıq bağını satdığını eşitmişdir. O, bu münasibətlə Murad və atası Cəbrayıl kişiyə zəng edib maraqlanmışdır ki, satılıq torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 450 top fındıq kolu var idi. Onlar torpaq sahəsi olduğunu bildirmişlər. O, həmin torpaq sahəsinin sənədi ilə maraqlanmış, ona cavabdehin atası Cəbrayıl və oğlu Murad sənədləri qaydasında düzəldəcəkələrini bildirmişlər. Həmin vaxt onların torpaq sənəd işləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında idi. O, onlara inanmışdır. 2015-ci ilin iyun ayından oktyabr ayının 5-nə kimi 35.000 manat pul vermişdir. Həmin pulu vermişdir ki, o alqı-satqı edə bilsin. Bağ tamamilə bərbad gündə idi. O bağa ora həmin illər ərzində 5 ton gübrə və oranı təmizlətmək üçün 2.000 manat xərc çəkmişdir. Abuladze ondan aldığı pula başqa yerdən fındıq bağ sahəsi almışdı və oranı idarə edirdi. 2022-ci il tarixdə topaq sahəsi satdığı adam geri qaytaran zaman Abuladze onun üstünə gəlib o da torpaq sahəsini qaytarmaq istədiyini bildirmişdir. O, xeyli xərc çəkdiyini ona bağı almaq üçün 35.000 manat pul verdiyini bildirində cavabdeh pulunu tamamilə qaytaracağını bildirdi. 19 yanvar 2022-ci il tarixdə Qax şəhərində kirayədə qaldığı ünvana Abuldze Murad anası Məryəm ilə gələrək 12.000 manat pulu nəğd şəkildə ödədi və digər məbləği 2 il ərzində ödəyəcəyinə söz verdi. Bununla bağlı yazılı qəbz verdi. Ondan 9 ay sonra 2022-ci ilin sentyabr ayında 2.000 manat pulu Qaxa onun yaşadığı küçəyə gələrək verdi. Daha sonra 2023-cü ilin oktyabr ayında Cavabdeh ona olan borcundan 1.000 manat ödədi. Cavabdehin borcu 20.000 manat qaldı. 2023-cu il tarixdən dəfələrlə yaşadığı Turaclı kəndinə o və həyat yoldaşı Ülviyyə Xəlilova getmiş və hər dəfəsində onları təhqir edib ki, hazırda pulunun olmadığını bir də onun qapısına gəlsə 102 xidmətinə şikayət edəcəyini bildirdilər. O, bundan ondan sonra oraya gedib cavabdehdən pul istəməyə çəkinmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. Aralarında dəfələrlə vatsap yazışmaları olmuş və onunla danışmışlar. Artıq iki ilə yaxındır ki, cavabdeh pulu qaytarmır. Cavabdehin indiyə qədər həmin qalmış 20.000 manat borcundan heçnə ödəməmişdir. Hazırda cavabdehin ona 20.000 manat borcu var. Həmin borcu ilə bağlı ona qəbz vermişdir. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 150 manat dövlət rüsumu ödəmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, videoçəkiliş də var, əlyazması da var. Cavabdehin ona borcu var. Bağ sahəsi almış, bir müddət sonra bağı geri qaytarmış və pulunu geri qaytarmamışlar. Bu adamlar dələduzluqla onun pulunu əlindən almışlar. O, cavabdehgildən torpaq sahəsi, fındıq bağı almışdır. Həmin bağını evini satıb almışdır. Torpağı alandan sonra cavabdeh dedi ki, torpağın sənədlərində problem var. İş də gedir, Şəki İnzibati Məhkəməsindədir və sənədləri düzəldib verəcəkdir. Bu minvalla ondan pul almışdır. İki dəfə Şəki Məhkəməsinə getmişdir. Şəki Məhkəməsində də müəyyən olunmuşdur ki, torpağın sənədləri düzəlmir. Sonra torpaq şöbəsinə gəlmiş və Muradın atası ilə söhbət etmişlər. Orada bildirilmişdir ki, yenidən torpaqlar bölünməlidir ki, onların sənədləri düzəlsin. Yəni bu sənəd düzəlməyəcəkdir. O da pulun bir hissəsini vermişdir. Muradın atasına demişdir ki, hələ ki gec deyil, onun pulunu qaytarsın, başqa yerdən bağ alacaqdır. Cavabdehin atası da demişdir ki, vermişdir ki, narahat olma, otuz ildir o yığmışdır, indidən sonra da o yığsın, heç kəs heç bir söz deyən deyil. Sənəd də nə vaxt düzələr, narahat olmasın. Pulu da ondan hissə-hissə almışlar. Pulu aldıqdan sonra ona dedilər ki, narahat olmasın. Bağ baxılmayan bağ olmuş, bərbad halda olmuşdur. Əziyyət çəkmiş, yol çəkmiş, bağı-bağçanı əmələ gətirəndən sonra gəlmişlər ki, onlar artıq bağı qaytarırlar. O da bütün nəyi var, bağa qoymuşdur. O da bunu yazmış və boynuna almışdır ki, bəli bu məbləği götürmüşdür. Onun banka 21.000 manat borcu vardır. Ayda 1.050 manat kredit ödəyir. Fikirləşmişdir ki, bağ alar, fındığını yığar və məhsulun puluna ev tikər. Həyət evi tikmək istəyirdi, əvvəl binada mənzildə yaşamışlar. Pulu, bağı, maşını əldən çıxmışdır. Oğlu və onun əmək haqqı kreditə sərf olunur. Əgər onun pulunu ödəsə idilər və istifadə etdiyi bağı almasaydılar, bağı istifadə etsəydi məhkəməyə müraciət etməzdi. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Cəbrayıl oğlu iddia tələbini qəbul etməyərək iddia ilə bağlı göstərdi ki, o iddiaçının danışdıqları ilə qəti razı deyil. Onun atası 2020-ci ildə vəfat etmişdir. İddiaçı pulu mərhum atasına vermişdir. Həmin pulu da qaytarmışlar. İddiaçı bağın əvəzinə 27.000 manat verib. Bağı iddiaçıya satıb, başqa yerdən, yaxından bağ almışlar. İddiaçı ilə müqavilə olmuşdur, rəhmətlik atası demişdir ki, onların aldığı bağın sahibi rəsmiləşdirmə etsin, onlar da iddiaçının sənədlərini rəsmiləşdirək. Atası 2020-ci ildə vəfat etdikdən sonra həmin adam bağı onların adına rəsmiləşdirməmişdir. O da Rusiyadan qayıdıb gəlmiş həmin adam ona pulu tam qaytarmamışdır. Həmin pulu da iddiaçıya verəndə iddiaçı xəlvət video çəkmişdir. 2021-ci ildən də o iddiaçıya pulu qaytarmışdır. Bağı aldıqları şəxs rəsmiləşdirmə etməmiş, pulun yarısını qaytarmış, o da pulu gətirib, çəkilişi iddiaçı edib və üstündən beş il keçib. 2021-ci ildən o iddiaçıdan alınmış bütün pulu qaytarmışdır. O, iddiaçının 27.000 manat pulunu qaytarıb ödəmişdir. İddiaçı onu şərləməklə artıq pul tələb edir. 2021-ci ildə gəlmiş, 2024-cü ilədək iddiaçının pulunu ödəmişdir. Üstəgəl də iddiaçı altı il bağın məhsulunu yığmışdır. İddiaçıya bir manat da borcu yoxdur. İddianın təmin edilməməsini xahiş edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Cəbrayıl oğlu tərəfindən yazılaraq hər iki tərəfin imzaladığı qəbzdən görünür ki, 19 yanvar 2022-ci il tarixdə İddiaçı 12.000 manat pulu verdiyini, İddiaçı isə 12.000 (on iki min) manat pulu qəbul etdiyini, D.C.Abuladze 23.000 manat pulu 2023-cü ilin sonuna qədər İddiaçı ödəməyi öhdəsinə götürdüyünü göstərmişdir. CD diskə köçürülmüş videoçəkilişdən görünür ki, yuxarıda qeyd olunan qəbz X2 xətti ilə yazılmış, o xx.xx.2022-ci il tarixdə İddiaçı 12.000 manat pulu verdiyini, İddiaçı isə 12.000 manat pulu qəbul etdiyini, D.C.Abuladze 23.000 manat pulu 2023-cü ilin sonuna qədər İddiaçı ödəməyi öhdəsinə götürdüyünü yazmışdır. Həmin vaxtı D.C.Abuladze 23.000 manat pulun İddiaçı ödəməyi öhdəsinə götürdüyünü mübahisələndirməmişdir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında borc münasibətləri yaranmış, Cavabdeh tərəfindən iddiaçıya fındıq bağı satılmış, iddiaçı bağın dəyəri üçün 35.000 manat pul ödəmişdir. Lakin həmin bağ sahəsini sənədləşdirmək mümkün olmamış, cavabdeh iddiaçıdan bağ sahəsini geri almışdır. Cavabdeh Cəbrayıl oğlu tərəfindən qəbz yazılaraq 19 yanvar 2022-ci il tarixdə İddiaçı 12.000 manat pulu verdiyini, İddiaçı isə 12.000 manat pulu qəbul etdiyini, D.C.Abuladze 23.000 manat pulu 2023-cü ilin sonuna qədər İddiaçı ödəməyi öhdəsinə götürdüyünü göstərmişdir. Lakin cavabdeh vədinə əməl etmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Belə ki, cavabdeh X1 iddiaçıya 12.000 manat pul verməsini və 23.000 manat borclu qalmasını və həmin pulun 2023-cü ilin sonuna qədər ödəyəcəyi barədə öhdəlik götürməsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi həm iddiaçı, həm də cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzlə və həmin qəbzin cavabdeh tərəfindən yazılmasını əks etdirən videoçəkilişlə birbaşa sübuta yetirilmişdir. Sübutetmə yükü üzərinə düşən cavabdeh X4 bağ sahəsinin iddiaçıya 27.000 manata satıldığını, həmin pulu 2024-cü ilədək iddiaçıya tam olaraq qaytarmasını göstərsə də, məhkəməyə bu barədə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən Cavabdeh İddiaçı 23.000 manat borcu qalması barədə yazılaraq imzalanmış qəbz və videogörüntü ilə sübuta yetirilmişdir ki, iddiaçı 20.000 manat pul tələbində haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Burada öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur. Öhdəliyin icra edilməməsi baş verir. Bu da ciddi hüquqi nəticələrə səbəb olur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Hesab edilir ki, Cavabdeh riski ilə öhdəliklərə görə məsuliyyət daşıyır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər tərəfə-borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürlər. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak etmiş varlanmış şəxs, digəri isə burnun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddaəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.000 manat pul və ödənilmiş 150 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20.000 manat pul və ödənilmiş 150 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar