Məhkəmə qərarları › İş №2(024)-797/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-797/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-797/2024 07.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 20560 manat pulun və 152 manat ödənilmiş dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İş materiallarından görünür ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, iddiaçının qeyd etdiyi bitkilərlə bağlı məlumatlar ətraflı göstərilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində taxıl və dənli bitkilərin əkilib-becərilməsi və satılması ilə məşğul olduğu, 30 ha torpaq sahəsini icarəyə götürmələri, 20 ha hissəsinə arpa, 8 ha hissəsinə qarğıdalı əkmələri, 2 ha hissəsini boş saxlamaları, xx.xx.2024-cü il tarixdə qarğıdalını biçmək üçün sahəyə getdikləri zaman 8 ha qarğıdalı sahəsinin 5 ha hissəsinin biçildiyini gördüklərini, həmin ərazidə qalan 3 ha sahədən 30840 kq qarğıdalı biçdiklərini, 1 ha qarğıdalı sahəsindən 10280 kq qarğıdalı olması qeyd olunsa da, həmim hallara aid müvafiq sübutları, yəni hər hektara görə bir illik məhsuldarlığı barədə faktları, məhsuldarlığın nəticələrini əks etdirən mütəxəssis (qiymətləndirici) rəyi iddia ərizəsinə əlavə etməmiş və ərizədə qeyd etməmişlər. Bu yanaşma məhkəmə prosesinin çəkişmə şəraitində aparılması prinsipindən irəli gəlir. Belə ki, MPM-nin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi məhkəmə mülki prosesin çəkişmə şəraitində həyata keçirilməsini təmin etməyə borcludur, lakin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları tapmaq məhkəmənin vəzifəsi deyildir. Bu cür vəzifə iddiaçının üzərinə qoyulmuşdur. Məhz buna görə MPM-nin 149.2.3-cü maddəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməsi tələb olunur. Nəzərə alınmalıdır ki, iddia ərizəsində iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halların göstərilməsi formal xarakterli məlumat olmayıb, məhkəmə prosesinin çəkişmə prinsipinin təmin olunmasına yönələn tələblərdən biridir. Eyni zamanda bu hal gələcəkdə qətnamənin icrasını təmin etmək, ədalət mühakiməsinin xəyali xarakter almamasına yönələn atılmış addımdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). İddia ərizəsi qaytarıldığı üçün hesab edirəm ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə “PashaPay” ödəniş sistemi vasitəsilə ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumu MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizənin verilməsi üçün “PashaPay” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 153 (bir yüz əlli üç) manat məbləğində dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar