Məhkəmə qərarları › İş №2(024)-83/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-83/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-83/2024 27.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ödədiyi 7000 (yeddi min) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, iş üzrə Cavabdeh çalışdığı “İdea-home” mebel mağazasında evi üçün 2 ədəd mətbəx mebeli sifariş etmişdir. Cavabdehlə aralarındakı razılaşmaya əsasən beh kimi əvvəlcədən ona 5000 (beş min) manat pul vermiş, o, isə öz növbəsində həmin mebel (mətbəx) dəstini 40-50 gün müddətində hazırlayaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh 1 aydan sonra sifariş etdiyi mebel dəstini, səhv ölçülər götürməsi səbəbindən, ölçülərdə 20 sm-lik fərq olmaqla korpus hissələrini gətirmiş, ikinci mebel dəstini daha tez hazırlamaq üçün, ondan 2000 (iki min) manat pul almışdır. Cavabdeh aralarında bağlanmış razılaşmaya əməl etməmiş, 40-50 günə təhvil verəcəyi mətbəx mebel dəstini 2 aya yarımçıq və səhv rənglənmiş qaydada gətirmiş, ölçülərini və parametrləri düz gəlmədiyi üçün həmin mebel dəstini ona qaytararaq, dəymiş 7000 (yeddi min) manat verdiyi pulu tələb etməsinə baxmayaraq, bu vaxtadək qaytarmamışdır. Cavabdehin ona qarşı əməllərinə hüquqi qiymət verilməsi üçün, Binəqədi rayon Pİ-nə müraciət etmiş, əməli mülki xarakterli olduğu səbəbindən, məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ödədiyi 7000 (yeddi min) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, 2023-cü ilin fevral ayında Cavabdeh dostu elmir adlı şəxs onların qapı işini götürmüş və onun işindən razı qalmışdır. Elmirdən mebel işi üçün tanış və yaxşı usta olub-olmamasını soruşmuş, o da Cahangiri məsləhət görmüşdür. Cahangirin mobil nömrəsini aldıqdan sonra ofisdə görüşmüşlər. Bir sifarişçi kimi bildirir ki, mebel ustası mebeli hazırlamazdan əvvəl gəlib ölçüləri dəqiq götürməlidir. Məsələn, ona qapı işini görən işçi 4 dəfə gəlib ölçü götürmüş və bir dənə də səhvi olmamışdır. Qapılar yerinə düzgün oturmuşdur. O, Cahangirlə ofisdə söhbət edən zaman onu evə dəvət etmişdir ki, gəlib düzgün ölçü götürsünlər. Həm də demişdir ki, onun dostunun düzəltdiyi qapı ağ rəngə bənzər rəngdədir. Gəlib yerində baxsın. Cahangir gələnə qədər o soyuducunu, aspiratoru və duxovkanı alıb gətirmişdir ki, onların yerləşdirmə yerləri var. Birinci mebeli dəqiq yadında deyil, 15-20 gündən sonra gətirmiş və ölçüləri 20-25 sm az olmuşdur. O da istəməmişdir ki, onlara ziyan olsun və həm də kompramisə gəlməyə çalışmışdır ki, işi düzəlsin. Ona görə də, əhəmiyyət verməmişdir. Bir-neçə vaxtdan sonra Cahangir qapıları gətirmişdir. Qapıların 4- 5-nin ölçüsü uyğun gəlməmişdir, alçaq düzəldilmiş, soyuducunun yerinə girməmişdir. Görünür ki, işləyən ustalar bu işin peşəkarı deyildir. Ondan sonra araşdırmışdır ki, işləyən ustalar qapı ustalarıdır və mebellə heç bir əlaqəsi yoxdur, kiminsə əvəzinə işləyirlər. Onlar demişlər ki, cavabdehin mebel sifariş etdiyi şəxsin ailə problemi olmuş və çıxıb Moskvaya getmişdir. Onlardan xahiş etdiyi üçün mebeli onlar yığmışlar. Ona görə də, belə səhvlər olmuşdur. Soyuducu yerinə girməmiş, qapılar alçaq olmuş, siyirmələrin qapısı gödək qalmış, üstünün tacı gəlməmiş, cavabdeh düzəldəcəyinə söz versə də, işlər elə qalmışdır. Mebelin rəngi də düm ağ parlaq olmuş, qapıların rəngi ilə uyuşmamışdır. Cavabdehi çağırmış, mebelin rəngini göstərmiş, demişdir ki, əgər onun xoşuna gəlirsə elə qalsın. Cavabdeh rəngin özünün də xoşuna gəlmədiyini bildirmişdir. O zaman cavabdehə həmin nöqsanları aradan qaldırmasını və nə xərci varsa çəkəcəyini demişdir. Cavabdeh mebelin rəngini dəyişmişdir. Mebel işi yarımçıq qalmış, qalan nöqsanlar aradan qalxmamışdır. Aradan bir müddət keçmiş, cavabdeh ondan 2000 (iki min) manat istəmiş və demişdir ki, ikinci mebeli də tezləşdirib düzəldib gətirsin. Bundan əvvəl o cavabdehə 5000 (beş min) manat vermişdir. Cavabdeh qalan 3300 (üç min üç yüz) manatı istəsə də, verməmiş və mebeli gətirib çıxartmasını demişdir. Cavabdeh heç nə deməmiş və güc bəlayla gətirib ikinci mebelin korpusunu qoymuşdur. Korpusda aspiratorun qoyulacağı yerdə taxta adam boyu gəlmişdir. Orada iş görmək mümkün deyildir. Standartlardan heç xəbəri yoxdur. İki ədəd taxtanın biri yaşıl, digəri ağ rəngdədir. Mebelin üst tərəfi qaymağı rəngdə, iç tərəfi isə düm ağ rəngdədir. Baxmışdır ki, iş gecikir, iyun ayının 23-ü vacib işi olduğuna görə Gürcüstana getməli idi və cavabdeh də tərpənmir, qərara gəlmişdir ki, mebeli başqa şəxsə düzəltdirsin. “Zəfər oğlu”nun baş ustasına zəng edərək çağırmış və yarımçıq mebeli oluğunu bildirmişdir ki, nə qədər xərci varsa əlavə edəcəkdir. Həmin usta gələrək mebellərə baxmış, tacı, qapının gödəyini, soyuducu yerini, bütün nöqsanları, düzəldəcəyini bildirmişdir. Həmin vaxtı təsadüfən əlini mebelə dəyən zaman boyanın töküldüyünün şahidi olmuşlar. Mebelin boyasının da sökülməli olduğu məlum olmuşdur. Hesablamış və görmüşdür ki, mebelin xərci ona baha başa gəlir. Ona görə də, səhəri günü telefonla cavabdehə yazmışdır ki, saat 12-yə qədər mebeli aparsa söküb aparıb anbara təhvil verəcəkdir. Cahangir isə nə cavab vermiş nə də gəlmişdir. O da “Zəfər oğlu”nun işçilərini dəvət etmiş, onlar mebeli səliqəli şəkildə sökmüş, yük avtomobili ilə cavabdehin anbarının qarşısına boşaltmışlar. Orada həmin mebeli gəlib yığan şəxslər də olmuşdur. Videosunu da çəkmişdir ki, cavabdeh mebeli ona təhvil vermişdir. O da cavabdehə təhvil verdi. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı ilə Elmir adlı şəxs vasitəsi ilə tanış olmuşdur. Düşünür ki, Elmir pis yeri məsləhət görməz və kimsə istəməz ki, arada qalsın. Ondan sonra sifarişi qəbul etmiş, dizaynı ofisdə çəkmişlər. İddiaçı özü kənarda dayanmış və detallara çox da qarışmamışdır. Ölçüləri forması barədə daha çox yoldaşı seçim etmişdir. Rəngini də yoldaşı seçmişdir. Həmçinin şəkil də özlərinə göndərilmiş şəkildə də mebelin rənginin ağ rəng olması görsənir. İddiaçının dediyi kimi, rənglə bağlı bu rəng olmasın söhbəti olmamışdır. Mebel sadəcə evə getdikdən sonra, rənginin o olmadığı, bizim plintusların rəngi olduğunu, hətta ondan sonra ona nümunə də gətirmişdir. Ondan sonra aralarında narazılıq olmuşdur. O da demişdir ki, ağ rəngdir belə danışılıbdır. Ortada dostu olduğu üçün demişdir ki, rəng məsələsini həll edərik. Sonra razılaşmışlar ki, onun qarşılığında işin sonunda müəyyən qədər ödəniş olunacaq. Ölçü ilə bağlı, işin gedişatı ilə bağlı, iddiaçının dediyi kimi ustanın ailəvi probelmi olması və Rusiyaya getməsi ilə bağlı heç bir problem olmamışdır. Mətbəx olduğu kimi qalmış, sadəcə rənglə bağlı problem olmuşdur. Onu da iddiaçı bilməmiş, sadəcə olaraq yoldaşı demişdir ki, rəng seçdikləri rəng deyildir. Ağ yox, dizaynerə onlarn plintuslarının rənglərini demişdir. Ancaq dizayner də təsdiq edə bilər ki, rənglə bağlı danışılıb, ağ parlaq rəng seçilmişdir. Özlərinin qeydiyyatdında da ağ parlaq rəng olaraq yazılmışdır. Ölçü ilə bağlı, işin keyfiyyəti ilə bağlı narazılıq olmayıb. İddiaçının hal-hazırda ona 5800 (beş min səkkiz yüz) manat borcu vardır. Mesajda da yazmışdır ki, sizin bu qədər borcunuz var. İş 10300 (on min üç yüz) manata danışılmış, 7000 (yeddi min) manatı verilmiş, 3300 (üç min üç yüz) manatı qalmışdır. 2500 (iki min beş yüz) manatı isə yenidən rənglənməsi üçün iddiaçı ödəməli idi. Sonradan rənglə bağlı heç bir problem olmamışdır. Onlar Binaqədi rayon polis idarəsində razılaşmışlar ki, onlar 5800 (beş min səkkiz yüz) manatdan o şərtlə imtina edirlər ki, iddiaçı mebeli olduğu kimi qəbul edir və özü montaj elətdirir. Keyfiyyətlə bağlı isə “Zəfər oğlu” ilə anlaşdıqdan sonra video çəkmişlər. Onlara heç bildirməmişlər ki, rəngi belədir. Hətta evə getdikdə iddiaçı demişdir ki, rəng əladır. Sadəcə olaraq tez bir zamanda ikinci mətbəxi gətir qoy. 2000 (iki min) manat aldıqdan sonra ikinci mətbəx mebelinin korpusunu gətirib qoymuşlar. Görsə ki, işlərdə problem var, iş yarımçıqdır və problemlidir. Adam yenidən ödəniş edərdimi?. Təkrarən mebelin gətirilməsi üçün 2000 (iki min) manat ödəyərdimi? İddiaçının özü ona demişdir ki, mebelin rəngi idealdır. Heç bir problem yoxdur. İkinci dəfə mebel bu cür gəlsə onlar razıdırlar. Gecikmənini səbəbi isə iddiaçının yoldaşının mebelinin rəngini əvvəl ağ seçib sonradan qapıyla eyni tonda olması barədə fikrini dəyişməsidir. İkisinin də rəngi ağ kimi idi. Sadəcə olaraq orada vurğulamaq lazım idi ki, bu ağın onlara verilən kodunda olması idi. Səhv etmirsə rəngin kodu 90-10 idi. O rəng gedənə kimi onlara həmin rəng kodu ilə bağlı heç bir bildirş verilməmişdir. Heç kəs deməmişdir ki, bu onların qapısının rəngində olacaq. Mətbəx mebelini yenidən qaşınıb yenidən rənglənməyə verildiyi üçün müəyyən qədər vaxt aparmışdır. İkinci mətbəxi də 90 faiz gətirib quraşdırmışlar. Bircə qapıları qalmışdır. Axırıncı dəfə onların etirazından sonra razılaşmışlar ki, onlar tələb edəcəyi puldan imtina etsinlər, iddiaçı tərəf də mətbəxi olduğu kimi qəbul etsinlər. Axırıncı anlaşmaları elə olmuşdur. Ya iddiaçı onlara pul ödəməyəcəkdi, ya da onlar iddiaçıya. Sonradan xəbəri olmuşdur ki, iddiaçı ikinci mətbəxi onlarla əlaqəsi olmayan bir yerə boşaltmışdır. Ya onların ofisinə gətirməmişdir, ya da Suraxanıdakı ünvana gətirilməmişdir. Suraxanıda anbar vardır. İddiaçı “Zəfər oğlu” ilə anlaşdıqdan sonra onlara pul ödəməli olduğu üçün bu bəhanələri etmişdir. Mebel ona təhvil verilməmişdir. Onların bir ünvanı Suraxanı rayonunda, digər ünvanı isə Ceyhun Hacıbəylidədir. Orada ofisləri yerləşir. Həmin ünvanda da yan və arxa tərəfdə boş yerləri vardır. Hüququ ünvanı haradadırsa ora gətirməli idi. İddiaçının mebeli təhvil verdiyi sexin onlarla heç bir əlaqəsi yoxdur. İddiaçı mebeli mebel quraşdıranlara yox, ona təhvil verməli idilər. Təhvil verilən şəxslər isə mebeli yerinə quraşdıranlardır. İşi təhvil verən adam odur. Mebel ona təhvil verilməmişdir. Onlara artıq ziyan dəymişdir. Onlar artıqlaması ilə xərc çəkmişlər. İddiaçının onlara 5800 (beş min səkkiz yüz) manat borcu olduğu halda onlar ziddinə getməmişlər və axırıncı dəfə razılaşmışlar ki, onlar 5800 (beş min səkkiz yüz) manatdan vaz keçəcəklər, iddiaçı isə mebeli olduğu kimi qəbul edib qalan işləri tamamlayacaqdır. Onlara mebel heç bir formada qaytarılmamışdır, istəyir səliqəli, istəyir səliqəsiz olsun. İş prosesində iddiaçının keyfiyyətlə bağlı heç bir narazılığı olmamışdır. Sadəcə olaraq “Zəfəroğlu” ilə anlaşdığı üçün bu hərəkətləri etmişdir. Binəqədi rayon polis şöbəsində də, tanışlarından istifadə edib müxtəlif təzyiqlər göstərmişlər. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan sifarişdən görünür ki, iddiaçı “İdeahome”dən 5850 manat dəyərind və 5950 manat dəyərində mətbəx və 1780 manat dəyərində ada mətbəxi mebeli sifariş etmişdir İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbsinin verdiyi Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 3, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbsinin verdiyi Arayışdan görünür ki, Cavabdeh Qax şəhəri, F.X.Xoyski küçəsi, ev 24-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 90 (doxan) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İdeahome”dən 5850 (beş min səkkiz yüz əlli) manat dəyərində və 5950 (beş min doqquz yüz əlli) manat dəyərində mətbəx və 1780 (bir min yeddi yüz səksən) manat dəyərində ada mətbəxi mebeli sifariş edilmişdir. İddiaçı cavabdeh tərəfindən sifariş götürülən işin yarımçıq və keyfiyyətsiz görüldüyünü əsas götürərək cavabdehə ödəmiş olduğu 7000 (yeddi min) manat pulu və ödəmiş olduğu 100 (bir yüz) manat dövlət rüsumu tələb etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları işin araşdırılan halları və işdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə ilkin olaraq mətbəx mebel dəstinin hazırlanması üçün 5000 (beş min) manat pul ödənilmiş, cavabdeh sifariş etdiyi mebel dəstini, səhv ölçülər götürməsi səbəbindən, ölçülərdə təxminən 20-25 sm-lik fərq olmaqla korpus hissələrini gətirmiş, bundan sonra ikinci mebel dəstini daha tez hazırlamaq üçün, iddiaçıdan 2000 (iki min) manat pul almışdır. Lakin cavabdeh tərəfindən sifariş götürülən ikinci mebel dəsti də keyfiyyətsiz hazırlanmış, mebel dəsti səhv rənglənmiş, daha sonra həmin nöqsan aradan qaldırılmış, lakin mebel dəstinin ölçüləri və parametrləri düz gəlmədiyi üçün iddiaçı tərəfindən mebel dəsti geri qaytarılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən videogörüntülər və fotoşəkillər tədqiq olunan zaman, mətbəx mebel dəstinin bəzi hissələrinin müxtəlif rəngdə olması, daxili boyalarının keyfiyyətsiz və müxtəlif rəngdə olması, üst boyasının əl dəydikdə qopması və s. qüsurların olması müəyyən edilmişdir. Eyni zamanda cavabdehin məhkəmə iclasında Binəqədi rayon Polis idarəsində iddiaçının tələb edəcəyi puldan imtina etməsi, iddiaçı tərəfdən mətbəx mebelini olduğu kim qəbul etməsi və başqa mebel ustaları tərəfindən işin qalan hissəsini davam etdirmələri barədə razılaşdıqlarını göstərdikləri işin keyfiyyətsiz görülməsinə dəlalət edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi işin faktiki halları, tərəflərin izahatları və işdə olan sübutlarla sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı məhkəmədə tələb etdiyi 7000 (yeddi min) manata görə iddia qaldırmaq üçün 90 (doxsan) manat dövlət rüsumu ödəsə də, 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən - Podratçı işi şəxsən yerinə yetirməyə yalnız həmin müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar