Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-84/2025 20.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax Rayon Məhkəməsinin qətnaməsi əsasında ona verilmiş Qax rayonu, Qaxbaş kəndində yerləşən torpaq sahəsinə Çıxarış və plan-ölçü sənədinin alınması üçün ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən mərhum anasından miras qalan əmlakın ona verilməsi qət edilmişdir. Hazırda həmin əmlaka dair Çıxarış və plan-ölçü sənədi almaq istəyir. Lakin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin mütəxəssislərinə ölçmə işlərinin aparmasına imkan vermir. Buna görə də, inzibati orqan maneələr olduğundan Çıxarışın verilməsindən imtina etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş izahatında göstərmişdir ki, məlum olduğu kimi mərhum anasından miras qalan 10 faiz torpaq sahəsi varır. Həmin torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinə ölçdürərək öz adına Çıxarış ala bilmir. Cavabdeh gəlib-gedənə, hamının üstünə hücum çəkir. Cavabdeh torpaq şöbəsinin əməkdaşlarına, Bələdiyyənin nümayəndəsinə və vəkilə hücum edir. Bu səbəbdən çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, onu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin mütəxəssisləri çağıraraq bildirmişlər ki, onun həyətyanı torpaq sahəsini ölçməyə gəlmişlər. O isə həmin əməkdaşlardan hansı əsasa görə onun torpaq sahəsini ölçməyə gəldiklərini soruşmuşdur. Şəhadətnamə göstərir ki, evin sərhəddinin kənarı ilə sonadək aşağı hissə özünün, üst hissə isə atasınındır. İddiaçı məhkəməyə verdiyi sənəddə heç anasının adını düz yazmamışdır. Çıxarış özündə və qardaşında vardır. İddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli Daşınmaz əmlaka torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Qax rayonu,Qaxbaş kəndində yerləşən torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə 25 iyul 2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə baxılmış, torpaq sahəsi ilə bağlı mübahisə olduğundan və torpaq sahəsinin sərhəd hüdudlarını naturada müəyyənləşdirmək mümkün olmadığından ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən «Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun» 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)78 №li, 12 fevral 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı mərhum atası A.Xudeynatovdan miras qalmış 0.05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsində (0.025 ha), mərhum anası Z.Xudeynatovadan miras qalmış 0.075 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsində (0.0187 ha), ümumilikdə JN-468F, KOD 40309028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə miras kütləsi hesab olunan 0.10 ha həyətyanı torpaq sahəsinin 0.04 ha hissəsində miras payı müəyyən edilmməsi, həmin payın bölünərək İddiaçı verilməsi, İddiaçı mərhum atası A.Xudeynatovdan miras qalmış 0.17 ha pay torpaq sahəsinin ½ hissəsində (0.085 ha), mərhum anası Z.Xudeynatovadan miras qalmış 0.255 ha pay torpaq sahəsinin ¼ hissəsində (0.063 ha), ümumilikdə JN-0057 KOD 40309028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında miras kütləsi hesab olunan 0.34 ha torpaq sahəsi üzrə 0.15 ha hissəsində miras payı müəyyən edilmiş və həmin payın bölünərək İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd ediməsi, X4 iddiası qismən təmin ediməsi, N.Xudeynatov tərəfindən mərhum anası Z.Xudeynatovadan miras qalmış əmlakın qəbulu müddətinin buraxılması səbəbləri üztirlü hesab edilməklə uzadılması, N.Xudeynatovun mərhum anası Z.Xudeynatovadan miras qalmış 0.075 ha həyətyanı torpaq sahəsinin ¾ hissəsində (0.056 ha), 0,255 ha pay torpaq sahəsinin ¾ hissəsində (0.19 ha) miras payının müəyyən edilməsi, ayrılmış paya mülkiyyət hüququnun tanınması və həmin hüquqların DƏDRX-də qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarış verilməsi, iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 3-16-5/8-69-308/2024 №li, 18 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X7 və X9 nikahı 08 mart 1960-cı ildə 14 nömrəli akt qeydi ilə rəsmi qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə «Xudeynatov», arvada «Xudeynatova» soyadı verilmişdir. JN-468F, KOD 40309028 №li Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi X1, X2 və X5 ümumbirgə mülkiyyətinə verilmişdir. JN-469F, KOD 40309028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh, X3 və X8 ümumbirgə mülkiyyətinə verilmişdir. İV-JQ №494831 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 oktyabr 1997-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 noyabr 1997-ci il tarixdə 54 № ilə qeydiyyat aparılmışdır. AZ-İ №231884 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 fevral 2007-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2007-ci il tarixdə 8 № ilə qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətə yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlakdan iddiaçıya pay verilməsi barədə Qax Rayon Məhkəməsinin 2(024)78/24 №li, 12 fevral 2014-cü il tarixli qətnaməsi mövcuddur. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ əşya hüquqları institunun əsas və aparıcı sahəsidir. Mülkiyyət hüququ əşya hüquqları sisteminə daxil olsa da, öz məzmununa görə digər əşya hüquqlarından köklü surətdə fərqlənir. Hər şeydən əvvəl digər əşya hüquqları əşyanın mülkiyyətçisi olmayan şəxslərə mənsub ola bildiyi halda, mülkiyyət hüququ yalnız həmin əşyanın mülkiyyətçisinə mənsub ola bilər. Mülkiyyət hüquq münasibətləri cəmiyyətin iqtisadi-sosial həyatının təməlində dayanır və onun inkişafında mühüm rol oynayır. Mülki hüquq sistemində mülkiyyət hüququ öz qanuni mövqeyində bərqərar oldu. Şərh olunan maddədə göstərildiyi kimi, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə mənsub əmlakı (əşyası) olmalıdır. Şübhəsiz ki, şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Əşyanın şəxsə mənsub olması isə onun iqtisadi mənada mənimsənilməsi ilə, huquqi mənada ona mülkiyyət hüququnun əldə edilməsi ilə baş verir. Hüquq elmində mülkiyyət hüququnun yaranmasının əsaslarını ilkin və törəmə deyə iki qrupa ayırırlar. Mülkiyyət hüququnun yaranmasının ilkin əsasına o hallar daxildir ki, əşya üzərində mülkiyyət hüququ əvvəllər heç kimə məxsus olmasın, ilk dəfə yaranmış olsun. Bu hallara yeni hazırlanmış əşyaya, emal əşyalara, yığılması hamıya müyəssər olan əmlaka, sahibsiz əmlaka, tapıntı əmlaka, dəfinəyə və s. üzərində mülkiyyət hüququnun əldə edilməsi aiddir. Mülkiyyət hüququnun yaranmasının törəmə üsuluna başqalarının mülkiyyət hüququ əsasında əmələ gələn hüquqlar aiddir. Bura milliləşdirilmə, özəlləşdirmə, əmlaka, miras əmlaka və s. mülkiyyət hüququnun yaranması, habelə müqavilələr üzrə mülkiyyət hüququnun əldə edilməsi halları aid edilir. Şərh olunan maddədə mülkiyyətçinin öz əmlakı üzərində istənilən məzmunlu sərəncam hüququ iki halda məhdudlaşır: qanunvericilikdə müəyyən edildiyi halda; başqa halda, o cümlədən mülkiyyətçinin iştirakçısı olduğu müqavilələr də nəzərdə tutulduğu halda. Əgər sərəncam hüququ qanunvericiliklə mülkiyyətçinin iradəsindən asılı olmayaraq məhdudlaşırsa, müqavilə ilə belə hüquq mülkiyyətçinin öz iradəsi ilə məhdudlaşır. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlüklə saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai mənafelərə toxunarsa müəyyən hüquqi nəticələr yaranır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin mühafizəsi və müdafiəsi məsələləri bir sıra hüquq sahələrində müəyyən edilmişdir. Mülkiyyət hüququnun pozulmasına görə mülki hüquqda müəyyən edilmiş əmlak məsuliyyəti, cinayət hüququnda müəyyən edilmiş cinayət məsuliyyəti və ya əmək hüququnda müəyyən edilmiş maddi məsuliyyət xəbərdaredici tədbirlər kimi şəxsləri başqalarının mülkiyyət hüququnu pozmaqdan çəkindirərək, mülkiyyətin mühafizəsinə xidmət edirlər. Lakin həmin normalar mülkiyyət hüququnun konkret pozuntusunu tətbiq edildikdə artıq mülkiyyətin müdafiəsi tədbirləri kimi çıxış edirlər. Şərh olunan maddə mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: mülkiyyət hüququnun tanınması; özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi maddədə nəzərdə tutulmuş bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyət hüququnun tanınması son dərəcə mühüm əhəmiyyətli hüquqi nəticələrə səbəb olan mülkiyyət hüququnun müdafiəsi üsuludur. Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia viııdikasiya iddiası adlanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarış olmasa da, həmin torpaq sahəsinin ona verilməsini təsdiq edən ilkin sənəd hesab olunan torpaq sahəsinin planı və ölçü sənədi vardır. İddiaçı torpaq sahəsini adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, həmin orqanın əməkdaşları ölçmə işləri üçün torpağa baxış keçirmək istəsə də, cavabdehlər buna imkan verməmişdir. Nəticədə miras qalmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi torpaq sahəsi üzrə titul sahibliyə malikdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mərhum atasından qalmış torpağı adına rəsmiləşdirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Ona görə də, cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarına qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin n 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: Qax Rayon Məhkəməsinin 2(024)78/14 №li, 12 fevral 2014-cü il tarixli qətnaməsinin əsasında İddiaçı verilmiş Qax rayonu, Qaxbaş kəndində yerləşən torpaq sahəsinə Çıxarış və plan-ölçü sənədinin alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı, Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-84/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-84/2025
20.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver