Məhkəmə qərarları › İş №2(025)-1010/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1010/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1010/2020 09.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 925,15 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 16,21 manat faiz, 716,91 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 231,53 manat borc, ümumilikdə 1889,80 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 67/2013 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 23% dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulası ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh1 xx.xx.2020-ci il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 925,15 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 16,21 manat faiz, 716,91 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 231,53 manat borc, ümumilikdə 1889,80 manat məbləğində kredit borcu vardır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizələrə etiraz təqdim edərək göstərdi ki, Cavabdeh1 tərəfindən sonuncu kredit ödənişi iş materiallarında olan hesabdan çıxarışda göstərildiyi kimi xx.xx.2016-cı il tarixdə sonuncu ödəniş edilmişdir. Həmçinin ekspert rəyi ilə də təsdiqini tapmışdır ki, bank müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürməmişdir. Həmçinin, Cavabdeh2 “iddia müddətinin tətbiqi barədə” ərizəsi mülki məsuliyyətdən, yəni zaminlik müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yaxa qutarmaq məqsədi daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iddianı qəbul etmir və iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi kreditin alınması xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə rəsmiləşdirilmişdir. İş materiallarından göründüyü kimi kredit və zaminlik müqaviləsi 7 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı iddia ərizəsini məhkəməyə 2020-ci ildə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2018-ci ildə olmalı idi. Bundan qabaq da iddia ərizəsi verilmiş, lakin həmin vaxtı da iddia müddəti ötürülmüşdür. Belə ki, iddia 2019-cu ildə verilmişdir. Məhkəmə iddia müddəti keçməsinə baxmayaraq mühasibatlıq ekspertizası təyin etmiş və guya onun borcunun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə mühasibatlıq ekspertizasından gələn rəyə görə guya o, 2016-cı ilin fevral ayının 29-da Banka 50 manat pul ödədəyini göstərmişdir. Əslində bunu Bankda iddia edir ki, guya o, həmin vaxtı pul ödəmişdir. Lakin o, ümumiyyətlə həmin vaxtı banka pul ödəməmişdir. Onun 50 manat ödənişdən xəbəri yoxdur. Yəqin ki, bank bu ödənişi özü çıxartdırıb ki, iddia müddəti keçməsin. Lakin bu ödənişin olması da iddia müddətinin axınının başlanmasına təsir edə bilməz. Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə münasibətlərindən irəli gələn münasibətlərdə iddia müddətinin axımı, son müəyyən edilmiş icra müddəti ilə müəyyən edilir. Yəni, müqavilə müddəti bitən tarixdən iddia müddətinin axımı başlayır. Lakin Bank guya onun ödəniş etdiyini əsas gətirərək iddia müddətinin keçməməsinin əsas gətirmək istəyir. Lakin bu mümkünsüzdür. Çünki heç onu da o ödəməmişdir. Banka ödənilmiş ödəniş qəbzi gətirilsə, onun imzası olmaması müəyyən olunardı. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iddianı qəbul etmir və iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi kredit xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə rəsmiləşdirilmişdir. İş materiallarından göründüyü kimi kredit və zaminlik müqaviləsi 5 il 6 ay əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 3 il 9 ay ötmüşdür. İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2018-ci ildə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2018-ci ildə olmalı idi. Bundan qabaq da iddia ərizəsi verilmiş, lakin həmin vaxtı da iddia müddəti ötürülmüşdür. İddiaçı ilə bağlanmış kredit müqaviləsinin bitməsindən artıq 3 ildən çox müddət ötmüşdür və bu vaxta qədər Bank cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Həmçinin onunla zaminlik müqaviləsi bağlanmış, lakin həmin zaminlik müqaviləsi üzrə öhdəlik tərəfindən iki illik verilmişdir. Bu səbəbdən zaminlik müqaviləsinə xitam verilməlidir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi və ya icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, cavabdehlərin ərizələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 67/2013 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 67/2013 nömrəli kredit müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh1 5000 AZN kredit məbləğini 24 ay müddətinə, illik 23 %-lə, aylıq 261,87 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə xx.xx.2013cü il tarixli, 28 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 925,15 AZN, faiz borcu üzrə 16,21 AZN, 716,91 AZN cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 231,53 manat borcu olmaqla, cəmi 1889,80 AZN borcu vardır. İş materiallarında olan Cavabdeh1 adına olan “Hesabdan Çıxarış”dan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 50 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbardarlıqdan görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 iş günü müddətinə ləğv etməyi təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1963-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1972-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 faiz borcu 16,21 manat olmuşdur. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borc üzrə 925,15 manat, faiz borcu üzrə isə 16,21 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 716,91 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 70 manata endirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 231,53 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi xx.xx.2013-cü il tarixli 67/2013 saylı kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2015-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinəəsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı isə xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 il ərzində (birinci dəfə iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu ildə daxil olmuşdur) zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə, yəni Cavabdeh2 münasibətdə tələbi əsassızdır. Məhkəmə eyni zamanda Cavabdeh1 iddia tələbinin tətbiqinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdehin sonuncu dəfə xx.xx.2016-ci il tarixdə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdə iddia qaldırılmaqla iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 50 manat ödəniş edilmiş, yəni borclu şəxs borcunu etiraf edən hərəkətlər etmiş, iddia müddətinin axımı kəsilmişdir. Bundan sonra iddiaçı birinci dəfə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixdə ödənilən 50 manat onun tərəfindən ödənilməməsi, həmin qəbzə onun qol çəkməməsi cavabdeh tərəfindən sübuta yetirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçı bank Cavabdeh1 borcunu tələb etməkdə haqlı olmuşdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu ASC-nin xeyrinə 925,15 manat əsas, 16,21 manat faiz borcu, 70 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 231,53 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.242,89 (bir min iki yüz qırx iki manat səksən doqquz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu ASCnin xeyrinə 925,15 manat əsas, 16,21 manat faiz borcu, 70 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 231,53 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.242,89 (bir min iki yüz qırx iki manat səksən doqquz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar