Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1044/2022 22.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Regional X5 nümayəndəsi Nümayəndə və Cavabdeh iştiraklar ilə İddiaçı Qəbələ Regional X5 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qəbələ Regional X8 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4495,41 manat maddi ziyan məbləğinin alınaraq Qəbələ Regional X5 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh meşə qanunvericiliyini pozduğuna görə barəsində 02 aprel 2021-ci il tarixli 127 saylı akt tərtib edilmiş və 268,57 manat, 15 aprel 2021-ci il tarixli 162 saylı akt tərtib edilmiş və 1293,57 manat, 26 aprel 2021-ci il tarixli 222 saylı akt tərtib edilmiş və 42,44 manat, 16 iyun 2021-ci il tarixli 260 saylı akt tərtib edilmiş və 2890,83 manat maddi ziyan hesablanmışdır. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə 27/2/99-20 saylı bildiriş göndərilmiş və 5 gün müddətinə həmin ziyan məbləğinin ödənilməsi xahiş edilmişdir. Cavabdehdən meşə fonduna dəymiş ziyanı ödəmək tələb edilsə də, heç bir nəticəsi olmamış, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, 02 aprel 2021-ci il tarixli, 15 aprel 2021-ci il tarixli, 26 aprel 2021-ci il tarixli aktlar onun tərəfindən imzalanmış və həmin aktlara əsasən ondan tələb edilən pul məbləği ilə razıdır. Lakin 16 iyun 2021-ci il tarixli aktın onun tərəfindən imzalanmamış və həmin aktdan xəbərdar deyildir. 16 iyun 2021-ci il tarixli akta görə ondan tələb edilən məbləğlə razı deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan 29 mart 2021-ci il tarixli Aktdan görünür ki, Bum meşəbəyliyin meşəbəyisi X2, Bum meşəbəyliyin meşəbəyisi köməkçisi X3, Bum meşəbəyliyin 06 saylı meşə dolayının meşə gözətçisi Cavabdeh diametri 44 sm, 48 sm və 52 sm olan 3 ədəd fısdıq ağacının qanunsuz qırıntısını öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 29 mart 2021-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Bum meşəbəyliyinin 6 saylı meşə dolayısının 148 saylı kvartalında 29 mart 2021-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş diametri 44/36 sm, 48/40 sm və 52/44 sm olan 3 ədəd fısdıq ağacının qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 268,57 (iki yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Bum meşəbəyliyinə 6 saylı dolayının meşə gözətçisi Cavabdeh tərəfindən X14 Təsərrüfatının mərkəzinin direktoruna yazılmış izahatdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş 3 ədəd müxtəlif diametrli fısdıq cinsindən olan kəsilmis ağacların cəriməsini ödəyəcəyini bildirmişdir. İşdə olan 15 aprel 2021-ci il tarixli Aktdan görünür ki, Qəbələ RMTM-nin baş mütəxəssis hüquqşunası X6, Bum meşəbəyliyin meşəbəyisi köməkçisi X3, Bum meşəbəyliyin 06 saylı meşə dolayının meşə gözətçisi Cavabdeh fısdıq cinsindən 36 sm ölçüdə 2 ədəd, 40 sm ölçüdə 2 ədəd, 44 sm ölçüdə 4 ədəd, 48 sm ölçüdə 2 ədəd, 52 sm ölçüdə 1 ədəd, 60 sm ölçüdə 1 ədəd, 40 sm ölçüdə 1 ədəd, 44 sm ölçüdə 1 ədəd, 48 sm ölçüdə 1 ədəd, 52 sm ölçüdə 1 ədəd olmaqla, cəmi 16 ədəd fısdıq ağacının qanunsuz qırıntısını öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 15 aprel 2021-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Bum meşəbəyliyinin 6 saylı meşə dolayısının 147 saylı kvartalında 15 aprel 2021-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş diametri 36/28 sm 1 ədəd, 40/32 sm 2 ədəd, 44/36 sm 4 ədəd, 48/40 sm 2 ədəd, 52/40 sm 1 ədəd və 60/48 sm 1 ədəd, cəmi 12 ədəd fısdıq ağacının qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 991,86 (doqquz yüz doxsan bir manat səksən altı qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 15 aprel 2021-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Bum meşəbəyliyinin 6 saylı meşə dolayısının 147 saylı kvartalında 15 aprel 2021-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş diametri 40/32 sm 1 ədəd, 44/36 sm 1 ədəd, 48/40 sm 1 ədəd və 52/40 sm 1 ədəd, cəmi 4 ədəd fısdıq ağacının qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 301,71 (üç yüz bir manat yetmiş bir qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 05 aprel 2021-ci il tarixli Aktdan görünür ki, Bum meşəbəyliyin meşəbəyisi X2, Bum meşəbəyliyin meşəbəyisi köməkçisi X3, Bum meşəbəyliyin 06 saylı meşə dolayının meşə gözətçisi Cavabdeh və qonşu 09 saylı meşə dolayısının meşə gözətçisi X7 diametri 36 sm olan 2 ədəd fısdıq ağacının qanunsuz qırıntısını öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 05 aprel 2021-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Bum meşəbəyliyinin 6 saylı meşə dolayısının 148 saylı kvartalında 05 aprel 2021-ci il tarixdə aparılmış yaz təfdisi yoxlama zamanı aşkar edilmiş diametri 36/28 sm olan 2 ədəd fısdıq ağacının qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 42,44 (qırx iki manat qırx dörd qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 14 iyun 2021-ci il tarixli Aktdan görünür ki, Meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis X4, Bum meşəbəyliyin meşəbəyisi X2, Bum meşəbəyliyin meşəbəyisi köməkçisi X1 meşəbəyliyinin 06 saylı meşə dolayısında fısdıq cinsindən 45 ədəd, pələs cinsindən 4 ədəd, palıd cinsindən 1 ədəd, cökə cinsindən 2 ədəd, ağcaqayın cinsindən 2 ədəd, cəmi 54 ədəd ağacın qanunsuz qırıntısını öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Həcm-Qiymət cədvəlindən görünür ki, Qəbələ RMTM-nin Bum meşəbəyliyinin 6 saylı meşə dolayısının 148 saylı kvartalında 14 iyun 2021-ci il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş 45 ədəd fısdıq, 2 ədəd cökə, 2 ədəd ağcaqayın, 4 ədəd vələs, 1 ədəd palıd, ümumilikdə 54 ağacın qırılması nəticəsində təbiətə dəymiş ziyanın miqdarı 2890,83 (iki min səkkiz yüz doxsan manat səksən üç qəpik) manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qəbələ Regional X8 tərəfindən Qəbələ rayonu Bum kənd sakini Cavabdeh ünvanlanmış 02 iyun 2022-ci il tarixli, 27/2/99-20 nömrəli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 4495,41 manat məbləğində maddi ziyanın 3 (üç) gün müddətinə X16 bank hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarına 7 saylı əlavənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən “Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində qırılmasını müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyin pozanlar, qanunsuz gətirilmiş oduncaq müsadirə edilən halda həmin oduncağın köküstə buraxılışının mövcud nırxının birinci dərəcəsinin üç qat miqdarında, müsadirə edilməyən halda isə həmin nırxın dörd qat miqdarında ziyan ödəyir”. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Qəbələ Regional X8 Cavabdeh təbiətə dəymiş ziyana görə ümumilikdə 4495,41 manat pul tələb edir. Tələbinin əsası kimi isə 02 aprel 2021-ci il tarixli, 15 aprel 2021-ci il tarixli, 26 aprel 2021-ci il tarixli və 16 iyun 2021-ci il tarixli aktları əsas gətirir. Cavabdeh isə 02 aprel 2021-ci il tarixli, 15 aprel 2021-ci il tarixli, 26 aprel 2021-ci il tarixli aktların onun tərəfindən imzalandığını, həmin aktlara əsasən ondan tələb edilən pul məbləği ilə razı olduğunu, lakin 16 iyun 2021-ci il tarixli aktın onun tərəfindən imzalanmadığını və həmin aktdan xəbərdar olmadığını, həmin akta görə ondan tələb edilən məbləğlə razı olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı qismən əsaslı sayıb, iddianın qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Lakin məhkəmə qeyd edir ki, 02 aprel 2021-ci il tarixli, 15 aprel 2021-ci il tarixli və 26 aprel 2021-ci il tarixli aktlar Cavabdeh tərəfindən imzalanmış və aktlarda göstərilən ağacların onun meşə gözətçisi işlədiyi ərazilərdə tapılmasını öz imzası ilə təsdiq etmişdir. Lakin 16 iyun 2021-ci il tarixli akt Cavabdeh tərəfindən imzalanmamış, eyni zamanda sonuncu məhkəmə iclasında həmin aktda göstərilən ağacların qırılmasını qəbul etmədiyini bildirmişdir. İddiaçı isə 16 iyun 2021-ci il tarixli aktda göstərilən ağacların həqiqətəndə 16 iyun 2021-ci il tarixdə aşkar edilməsi, həmin ağacların Cavabdeh meşə gözətçisi işlədiyi ərazidə aşkar edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçı Qəbələ Regional X8 məhkəmə iclasında 16 iyun 2021-ci il tarixli aktda göstərilən ağacların həqiqətəndə 16 iyun 2021-ci il tarixdə aşkar edilməsi, həmin ağacların Cavabdeh meşə gözətçisi işlədiyi ərazidə aşkar edilməsini sübuta yetirə bilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh 1604,58 (bir min altı yüz dörd manat əlli səkkiz qəpik) manat məbləğində maddi zərər tutulub Qəbələ Regional X5 hesabına ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1604,58 (bir min altı yüz dörd manat əlli səkkiz qəpik) manat məbləğində maddi zərər tutulub Qəbələ Regional X5 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36,05 (otuz altı manat beş qəpik) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1044/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1044/2022
22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver