Məhkəmə qərarları › İş №2(025)-1054/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1054/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1054/2023 07.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nama mini 48-2 qırmızı rəngli mopedin nisyə satışına görə borclu qalmış 1100 (bir min bir yüz) manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2022-ci il tarixində İddiaçı özünə məxsus (VİN Code) LB404P9A6JC120234 Nama mini 48-2 qırmızı rəngli moped ilə Qəbələ rayonunda olarkən Qəbələ rayonu, Vəndam qəsəbə sakini Cavabdeh ilə tanış olmuş və həmin şəxs mopedini almaq istədiyini bildirmişdir. Həmin tarixdə Cavabdeh 5 ay ərzində hər ayın 15-də 300(üç yüz) manat ödəməklə 1500 (bir min beş yüz) manata mopedi nisyə satmışdır. Ödəniş kart hesabına göndərilməli idi və ödəniş etməzsə qeyd müqavilə əsasında mopedin tam verildiyi kimi geri alınmasını və ya məhkəməyə müraciət etməklə mübahisəni həll edə bilməyi barədə razılaşma olmuşdur. Razılaşma tərəflərin və 2 nəfər şahidin iştirakı ilə imzalanraq bağlanılmışdır. Cavabdeh şəxs xx.xx.2022-ci il tarixində bank hesabına 300 (üç yüz) manat və xx.xx.2023-cü il tarixində isə 100 (bir yüz) manat ödəniş etmişdir. Lakin Cavabdeh yazılı razılaşmaya əsasən mopedin nisyə satışına görə ona hissə-hissə ödəməli olduğu 1500 manatdan 400 manat ödəniş etməklə 1100 manat borcu qalmış və hal-hazıradək ödəməmişdir. Dəfələrlə onunla mobil telefon ilə əlaqə saxlanılmış, votsapda yazışmalar aparılmış və hər zaman müxtəlif bahanələr gətirərək borcunu ödəyəcəyini bildirsədə sonda vədinə əməl etməmişdir. Son günlərə kimi cavabdehin mopedin satışına görə ona olan borcunu qaytaracağına ümid edirdi. Razılaşmanın müddəti xx.xx.2023-cü il tarixində bitdiyindən və cavabdeh şəxs öhdəliyi icra etmədiyindən artıq ona məlum oldu ki, o ona qalan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsaəsn əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə təeəfin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan yazılı müqavilədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində Klass İnşaatçılar filialından aldığı İdentifikasiya nömrəsi: (VİN Code) LB404P9A6JC120234 Nama mini 48- 2 qırmızı rəngli mopedi Cavabdeh 1500 AZN, 5 ay hər ayın 15-i 300 AZN ödəməklə nisyə satır. Ödəniş kart hesabına göndərilir və qəbzlər ödəniş bitənə qədər saxlanılır. Ödəniş etməzsə bu müqavilə əsasında mopedin tam verildiyi kimi geri alınması və ya məhkəməyə müraciət edə bilər. Müqavilə 2 nəfər şahidin şahidliyi ilə imzalanır. Borc verən: İddiaçı, borc alan: Cavabdeh, şahid 1: X1, şahid 2: X3. İşdə olan alqı-satqı aktından görünür ki, 12 aprel 2019-cu il tarixində Nama mini 48-2 markalı LB404P9A6YC120234 nömrəli qırmızı rəngli mopedi X2 ünvanından İddiaçı almışdır. İşdə olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 300 (üç yüz) manat kart hesabına ödəniş olunmuşdur. İşdə olan kart hesabının artımından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı kart hesabına 100 (bir yüz) manat ödəniş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iki şahidinin iştirakı ilə Cavabdeh 5 ay ərzində hər ayın 15-də 300 (üç yüz) manat ödəməklə 1500 (bir min beş yüz) manata mopedi satmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində 300 (üç yüz) manat və xx.xx.2023-cü il tarixində isə 100 (bir yüz) manat İddiaçı ödəniş etmişdir. Cavabdehin iddiaçıya 1100 manat borcu qalmış və halhazıradək ödəməmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 1100 (bir min yüz) manat məbləğində pul vəsaiti, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə   q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində pul vəsaiti və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 1131 (bir min bir yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar