Məhkəmə qərarları › İş №2(025)-1066/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1066/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1066/2021 29.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçılar konkret tələblərinin nə olduğunu göstərmişlər. Lakin ərizənin mətnindən məlum olur ki, iddiaçılar Qəbələ rayon məhkəməsinin icra vərəqəsinin icra olunması üsulundan narazıdırlar. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, “Eyyubov Fəhrad və Tərlan qardaşları məhkəmə qərarını tanımayaraq bölgü xəritəsində olan yeri özbaşına dəyişərək həmin torpaq sahəsini əkmişlər”. Göründüyü kimi iddiaçılar Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamənin lazımı səviyyədə icra edilməməsindən narazıdırlar. Lakin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Çünki “İcra haqqında” qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Belə olan halda qeyd olunan tələbə məhkəmə qaydasında baxıla bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2012-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlardan göründüyü kimi bu tip işlərə qanunvericiliyə əsasən inzibati icraat qaydasında baxılmalı olan işlərdir. Bu işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin onuda qeyd edir ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş qayada dövlət rüsumu ödəməmiş və bunun təsdiq edən qəbzi iddia ərizəsinə əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tapdıq oğlu və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar