Məhkəmə qərarları › İş №2(025)-1068/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1068/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1068/2023 27.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-1606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına, onun himayəsində olan 03 mart 2012-ci ildə anadan olmuş X2 və 20 mart 2014-cü ildə anadan olmuş X1 18 yaşı tamam olan günədək saxlanması üçün atası olan Cavabdeh hər ay üzrə hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, hər ayda cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 aprel 2011-ci ildə Cavabdeh ilə olan nikahları Qəbələ rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(025)- 1606/2021 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından 03 mart 2012-ci ildə anadan olmuş Polad adlı və 20 mart 2014-cü ildə anadan olmuş Şövkət adlı iki nəfər uşaqları onun himayəsində saxlanmış, uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat alimentin cavabdehdən tutularaq onun xeyrinə alınıb verilməsi qət olunmuşdur. Alimentin hazırkı miqdarı uşaqlarının cəmisi on beş gün saxlanması xərclərini ödəməyə kifayət etmədiyi aşkar və hamıya məlum bir faktdır, hər ikisi məktəblidir. Uşaqlarının normal təhsil alması, yaxşı qidalanması, sağlamlığının qorunması və digər çox zəruri tələbatlarının ödənilməsi mühümdür, lakin bu məsələlərdə çox çətinliklər çəkir. Cavabdeh əmlakının bir hissəsini qaytarmamış, birgə nikahları dövründə yaşayış evi tikməklərinə baxmayaraq hazırda ev bütünlüklə onun sərəncamında qalmışdır. Odur ki, 2 uşağına görə təyin edilmiş alimentin hazırkı miqdarının artırılması üçün iddia ərizəsi ilə müraciət edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ilə onların birgə nikahlarından 03 mart 2012-ci il tarixdə X5 və 20 mart 2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hal-hazırda iş olanda usta kimi işləyir, rəsmi olaraq heç bir yerdə işləmir, onun maddi vəziyyəti zəifdir. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayonu Yengicə kənd İƏN-yi tərəfindən 07 aprel 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Qəbələ rayonu Yengicə kənd İƏN-yi tərəfindən 02 aprel 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Qəbələ rayon Yengicə kənd İƏN-nin xx.xx.2021-ci il tarixdə verdiyi çıxarışdan görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri N kitabında 02 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abduyev, arvada Abduyeva soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-1606/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər üşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş, uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini tələb edir. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin hər uşaq üçün 220 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 150 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X2 və 20 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və mediasiya xərci 50 (əlli) manat tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 mart 2012-ci il təvəllüdlü X2 və 20 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar