Məhkəmə qərarları › İş №2(025)-1069/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1069/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1069/2021 29.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1764,23 manat məbləğində kredit borcu, 365,53 manat məbləğində faiz borcu və 727,86 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2857 (iki min səkkiz yüz əlli yeddi) manat 62 (altmış iki) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 09.11.2020-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 09.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 235,77 manat ödəniş etmiş və onun iddiaçıya 1764,23 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 24.05.2021-ci il tarixə 408 gün üçün hesablanmış faiz borcu 365,53 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 24.05.2021-ci il tarixə 408 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 727,86 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, imkanı olmadığından borcunu ödəyə bilmədiyini, imkanı olduqca borcunu ödəyəcəyini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh1 arasında bağlanmış 09.01.2020-ci il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 18 ay müddətinə, aylıq 2.25 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09.01.2020-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh1 2.000 manat məbləği aylıq 2.25 %-lə, 18 ay müddətinə aylıq 137 manat, sonuncu ay isə 132,42 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09.01.2020-ci il tarixli 035A********** saylı Kredit müqaviləsi üzrə 1764,23 manat əsas, 365,53 manat faiz və 727,86 manat cərimə olmaqla, cəmi 2857,62 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan 09.01.2020-ci il tarixli, 035G**********01 saylı İddiaçı QSCnin İsmayıllı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 09.01.2020-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarında olan kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 01.09.2020-ci il tarixdə 2000,0 manatı imza edərək qəbul etmişdir. İşdə olan «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, (zamin) Cavabdeh2 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 16.04.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1980-ci ildə Qəbələ rayonu Bunud kəndində doğulmuşdur və Qəbələ rayonu, Bunud kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 12.01.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1979cu il tarixdə Qəbələ rayonu Məmmədağalı kəndində doğulmuş, Qəbələ rayonu, Məmmədağalı kəndində qeydiyyatdadır. Göründüyü kimi, 09.01.2020-ci il tarixli 035A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-dən 18 ay müddətinə, aylıq 2.25 % faiz dərəcəsi ilə 2000,0 manat manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh1 09.01.2020-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 1764,23 manat əsas və 365,53 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 727,86 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 170 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Bununla da məhkəmə Cavabdeh1 09.01.2020-ci il tarixli 035A********** saylı kredit razılaşması üzrə 1764,23 manat əsas, 365,53 manat faiz və 170 manat cərimə olmaqla, ümumilikdə 2.299,76 manat kredit borcunun tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 1764,23 manat məbləğində kredit borcu, 365,53 manat məbləğində faiz borcu və 170 manat cərimə borcu olmaqla, cəmi 2.299,76 (iki min iki yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 1764,23 manat məbləğində kredit borcu, 365,53 manat məbləğində faiz borcu və 170 manat cərimə borcu olmaqla, cəmi 2.299,76 (iki min iki yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar