Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1073/2021 30.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit şəkildə 175 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını qeydə aldıraraq el adəti ilə ailə qurmuşlar. Birgə nikahdan 03.12.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. İlk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan cavabdehin pis vərdişləri olduğu üçün cavabdehlə aralarında tez-tez mübahisələr başlamış və o, nikahın pozulması ilə baölı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında bağlanmış nikah Qəbələ Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(025)-632/14 nömrəli qətnaməsi ilə pozulmuş, qızı onun himayəsində saxlanılmışdır. Ötən dövr ərzində cavabdeh gah həbs edilmiş, gah məcburi müalicələr almışdır. Həmin vaxtdan etibarən cavabdeh hərdən bir arasıra kiçik məbləğlərdə yardım etsə də, son bir neçə aydır ki, ümumiyyətlə heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, hər ay 100 manat aliment ödəməyə maddi imkanı çatır. Belə ki, ikinci qrup əlildir və 130 manat pensiya almışdır. Pensiyası 2020-ci ilin dekabr ayından kəsilmişdir. Yenidən tibbi komissiyadan keçmək vaxtı isə ona hələ çatmamışdır. Alimentini həmişə vaxtında ödəmiş və gecikmələri olmamışdır. Həmçinin alimentdən əlavə birgə nikahlarından doğulmuş uşaqları Fatiməyə başqa xərclərinə də köməklik göstərmişdir. Bütün bunlara baxmayaraq iddiaçı uşağını ona göstərməməkdir. Maddi vəziyətini və qeyd etdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 31.07.2014-cu il tarixli 2(025)-632/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında Qəbələ rayon İHB-nın Zirik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2006-cı il dekabrın 15-də qeydə alınmış 14 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları Fatimə anası X3 himayəsində saxlanılması, Cavabdeh 2014-cü il iyunun 09-dan başlayaraq uşağı Fatimə yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2019-cu il tarixli, AZ-İV seriyalı 333250 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 03.12.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 19 may 2015-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh İİ qrup əlildir və 130 manat pensiya alır. İş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, İddiaçı müəllim işləyir və 438,75 manat əmək haqqı alır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zirik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 124 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Zirik kəndində yaşayır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 03.12.2007-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağı ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 31.07.2014-cu il tarixli 2(025)-632/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında Qəbələ rayon İHB-nın Zirik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2006-cı il dekabrın 15-də qeydə alınmış 14 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları Fatimə anası X3 himayəsində saxlanılması, Cavabdeh 2014-cü il iyunun 09-dan başlayaraq uşağı Fatimə yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 03.12.2007-ci il təvəllüdlü X2 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə İİ qrup əlil olduğunu və hər ay 100 manat aliment ödəməyə maddi imkanı çatdığını bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, 03.12.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin artırılmasını ədalətli və əsaslı hesab edir. Bununla belə cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq cavabdehdən X1 üçün 100 manat aliment tutulması qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 175 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övlada baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, iddiaçının özündə işləyərək əmək haqqı almasını, cavabdehin İİ qrup əlil olmasını, rəsmi iş yerinin olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 31.07.2014-cu il tarixli 2(025)-632/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, Cavabdeh 03.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq iddiaçı X5 ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 31.07.2014-cü il tarixli 2(025)-632/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh 03.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq iddiaçı X5 ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1073/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1073/2021
30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver