Məhkəmə qərarları › İş №2(025)-1080/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1080/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1080/2020 21.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150 (bir yüz əlli) manata satdığı, sonradan həmin telefonun oğurluq səbəbindən alındığına görə cavabdehdən 150 (bir yüz əlli) manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Daşlıca kəndidndə yaşayır. Cavabdeh mobil telefon ustası olmaqla Bakı şəhərində işləyir. Telefon təmiri və köhnə telefonlarin təmiri ilə məşğul olur. Onun telefona ehtiyacı olsa da, yeni telefon almağa maddi imkanı yoxdu. Ona görə də biraz aşağı qiymətə istifadə edilmiş telefon almaq istəyirdi. Cavabdeh həmkəndlisi olduğuna görə oğlu Sahil cavabdehdən ondan ötrü ucuz qiymətə işlənmiş telefon tapmasını xahiş etmişdir. Cavabdeh işlənmiş Samsung C-5 markalı telefonu onlara 150 (bir yüz əlli) manata təklif etməklə münasib telefon olduğunu, qüsurunun olmadığını bildirmişdir. Cavabdehin təklif etdiyi telefonu özünün dediyi qiymətə 150 (bir yüz əlli) manata aldı və bir aya yaxın müddətdə işlətdi. Təxminən bir aydan sonra ona zəng gəldi ki, Səbail rayon polis şöbəsindəndir. Cavabdeh tərəfindən ona satılan C5 markalı Samsung telefonunun oğurluq olduğu bildirildi və polisə təhvil verilməsi tələb edildi. Telefonu polisə heç bir əvəz almadan göndərdilər. Cavabdehə isə telefonun oğurluq olduğunu, axtarışda olduğunu və polisə təhvil verildiyini bildirməklə ona bu telefona görə ödədiyi 150 (bir yüz əlli) manatın geri qaytarilmasını tələb etdi. Cavabdeh əvvəl telefonun oğurluq olduğunu bilmədiyini bildirməklə satan adamı tapıb ondan pulu alıb ona qaytaracağını bildirdi. Ancaq bir müddət sonra telefon satanın tutulduğunu, onunla görüşə bilmədiyini bəhanə gətirərək telefon alışı üçün ondan pul almaq imkanının olmadığını bildirməklə yayınmağa calışmışdır. Dəfələrlə o və oğlu pulu tələb etsələr də ala bilməmişlər. Cavabdehin ona verməli olduğu 150 (bir yüz əlli) manatı məhkəmə qaydası ilə alınması məcburiyyətində qalmışdır. Ancaq cavabdeh Samsung markalı C-5 mobil telefonu satanda həmin telefonun ehtibarlı telefon olduğunu yəni heç bir probleminin olmadığını bildirməklə onları inandırmışdır. Həm o, həm də oğlu cavabdehin Bakı şəhərində işləməsinə baxmayaraq həmkəndlisi olduğundan ona inanmışdılar. O, Samsung markalı C-5 telefonunu cavabdehdən vicdanlı alıcı olaraq alqı satqı yolu ilə əldə etmişdir. Cavabdeh ona lazimi keyfiyyətli olmayan yəni qusurlu mal satmaqla onu aldatmış malın qüsurlari barədə onu məlumatlandırmamışdir. Ona görə də o, cavabdehdən ona satdığı oğurluq telefonu eyni dəyərdə keyfiyətli və qusursuz telefonla əvəz etməsini ya da onun dəyəri olan məbləği (pulu) qeyri şərtsiz qaytarmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və şahidlərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı onun anasıdır. Cavabdeh onun sinif yoldaşı olmuşdur, telefon ustasıdır. Anasına telefon lazım olduğundan onlar Eminə müraciət etdilər. Emin Samsunq C5 markalı telefonu təqdim edərək məsləhətli telefon olduğunu və heç bir probleminin olmadığını bildirdi. 150 manat qarşılığında onlar həmin telefonu aldılar. Bir müddət keçdikdən sonra Səbail rayon Polis İdarəsindən müstəntiq zənq vurdu ki, həmin Samsunq markalı telefon oğurluqdur və istintaqa təhvil verilməlidir. Onlar da telefonu Eminə qaytarıb, Emin, isə dediyinə görə telefonu müstəntiqə təhvil vermişdir. Eminə pulun qaytarılması tələb olunduqda, o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı, pulu geri qaytarmaqdan boyun qaçırdı, nə də əvvəlkinin əvəzinə başqa bir telefon da vermədi. X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, İddiaçı onun iş yoldaşıdır. Cavabdeh telefon ustasıdır. İddiaçı telefon lazım olduğundan o və oğlu Sahil Eminə müraciət etdilər. Emin Samsunq C-5 markalı telefonu təqdim edərək heç bir probleminin olmadığını bildirdi. Emin həmin telefonu Məruzəyə 150 manata satmışdır. Bir müddət keçdikdən sonra Məruzəyə Səbail rayon Polis İdarəsindən zəng vurdular ki, həmin Samsunq markalı telefon oğurluqdur. Məruzə telefonu Emin vasitəsilə müstəntiqə qaytarmışdır. Məruzə və oğlu Emindən pulu tələb etdikdə isə Emin hər dəfə pulu geri qaytarmaqdan boyun qaçırdı. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən 150 manat dəyərində işlənmiş Samsunq C-5 markalı mobil telefonu almış, bir neçə müddət keçdikdən sonra mobil telefonun oğurluq olduğu məlum olmuşdur. Bu səbəbdən iddiaçı həmin mobil telefonu hüquq mühafizə orqanlarına təhvil verilməsi üçün cavabdehə qaytarmış, cavabdeh telefonu iddiaçıdan təhvil almış, əvəzinə isə iddiaçıdan aldığı 150 manat pulu və ya başqa bir mobil telefonu qaytarılmasına söz vermişdir. Lakin, cavabdeh vermiş olduğu vədə əməl etməmiş, nə 150 manat pulu, nədə ki, başqa bir mobil telefonu iddiaçıya qaytarmamışdır. Nəticədə İddiaçı məcbur olub Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş 150 (bir yüz əlli) manat məbləğində pul, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar