Məhkəmə qərarları › İş №2(025)-1081/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1081/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1081/2021 16.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "kredit üzrə əsas borcun və ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı "kredit üzrə əsas borcun və ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu ilə "xxxx" QSC arasında bağlanmış 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 2040 AZN (iki min qırx manat) məbləğində əsas borcun və 738,48 AZN (yeddi yüz otuz səkkiz manat qırx səkkiz qəpik) faiz borcunun, cəmi 2778,48 AZN (iki min yeddi yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" QSC (bundan sonra təşkilat) arasında 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 9 ay müddətinə, illik 36 (otuz altı) faiz olmaqla 2040 AZN (iki min qırx manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 04.06.2020-ci il tarixindən bu günə qədər borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 2040 (iki min qırx manat) məbləğində əsas borcu və 738,48 AZN (yeddi yüz otuz səkkiz manat qırx səkkiz qəpik) faiz borcu, cəmi 2778,48 AZN (iki min yeddi yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) məbləğində borcu qalmışdır və 01.06.2021-ci il tarixinə cavabdehin 346 (üç yüz qırx altı) günlük gecikməsi mövcuddur. Təşkilatla borclu arasında bağlanmış 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən “Ödəniş Cədvəli” üzrə müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 50 384 15 45 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli kredit müqaviləsinə əsasən ona 9 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 2040 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan « 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 262,70 manat, sonuncu ay isə 262,93 manat məbləğində ödənişlər etməklə 9 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2020-ci il tarixli BO0009394-2020 nömrəli kredit müqaviləsi üzrə 2040 manat əsas, 738,48 manat faiz, cəmi 2778,48 manat borcu vardır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1976-ci ildə Qəbələ rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış 01.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh "xxxx" QSC-dən əsas 2040 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" QSC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən, cavabdehdən iddiaçının xeyrinə 01.06.2021-ci il tarixə hesablanmış 2040 manat əsas, 738,48 manat hesablanmış faiz borcu tutulmalıdır. Məhkəmə bu səbəbdən Cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 2040 manat, faiz borcu üzrə isə 738,48 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 04.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2040 manat əsas borc, 738,48 manat faiz borcu olmaqla, ümumilikdə 2778,48 (iki min yeddi yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) manat kredit borcu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xeyrinə 04.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2040 manat əsas borc, 738,48 manat faiz borcu olmaqla, ümumilikdə 2778,48 (iki min yeddi yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar