Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1086/2020 27.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, X1, iddiaçının vəkili X3, üçüncü şəxslər X7 və X8 iştirakları ilə X1 Cavabdeh və üçüncü şəxslər X11 və X12 qarşı «pul tələbi»nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 Cavabdeh və üçüncü şəxslər X11 və X12 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2543 (iki min beş yüz qırx üç) manat əsas qalıq borcunun, 1.118,98 (bir min bir yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat özgə vəsaitindən istifadəyə görə faizin, 300,00 (üç yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş pulun və 30,00 (otuz) manat ödənilmiş rüsum pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə qardaşı oğlu (üçüncü şəxs) X17 ona müraciət edərək bacısının Cavabdeh ilə nişanlandığını, yaxın vaxtlarda toy mərasiminin olacağını, Rübailin kreditə mebel götürmək istədiyini, bunun üçün mebel mağazasında zəmanət istədiklərini bildirmişdir. Ona görə də onun pensiya kartının mağazanın sahibi X12 verilməli olduğunu, sonuncunun isə onun pensiya kartından aybaay 18 ay müddətində hər ayda 150 manat pul götürəcəyini, bunun əvəzində Cavabdeh 2700 manat dəyərində cehizlik mebelin kreditə verilməsi barədə müqavilə bağlanacağını demişdir. Bir neçə dəfə onunla danışıq apardıqdan sonra kartından mağaza sahibi tərəfindən çıxarılacaq pulun Cavabdeh tərəfindən ona vaxtlı-vaxtında qaytarılacağına onu inandırmışlar. Beləliklə, o, 2015-ci ilin oktyabr ayında pensiya kartını Cavabdeh, Rübail də həmin kartı «Mebel» mağazasının sahibi olan Cabir Ağayevə vermişdir. Daha sonra müqaviləni imzalamaq üçün onu mebel mağazasına dəvət etmişlər. Rübailin və onun yaxın qohumlarının iştirakı ilə mebel mağazasında kredit müqaviləsini imzalamışdır. İmzalanmış kredit müqaviləsinin bir nüsxəsi Rübailə verilsə də, ona verilməmişdir. Digər nüsxəsi isə mağazada qalmışdır. Bundan sonra Rübailin adamları 2700 manat dəyərində cehizlik mebeli yığıb onun evinə aparmışlar. Bu qayda ilə razılaşdırılmış müqaviləni Rübailin xeyrinə bağlamışlar. Onun pensiya kartı 18 ay müddətinə mebel mağazasının sahibi Cabir Ağayevdə qalmışdır. Cabir isə hər ay 150 manat pulu onun pensiya kartından Rübailin krediti üçün ödəniş olaraq götürmüşdür. Cabir Ağayev onun pensiya kartını 2016-cı ilin mart ayında kartdan ümumilikdə 2700 manat pulu aldıqdan sonra ona qaytarmışdır. Cavabdeh isə cəmi iki dəfə xx.xx.2015-ci il tarixdə 67 manat, xx.xx.2016-cı ildə 90 manat ona poçt vasitəsi ilə ödəniş həyata keçirmişdir. Beləliklə, Cavabdeh 2700 manat borcundan cəmi 157 manat ödəniş edərək onun 2543 manat borcu qalmışdır. Bu müddət ərzində dəfələrlə onun evinə gedib borcunu ödəməyi tələb etsə də, Cavabdeh hər dəfə ödəniş edəcəyinə söz vermiş, lakin qeyd etdiyi kimi iki dəfədən əlavə ödəniş həyata keçirməmişdir. Bu yaxınlarda isə imkanının olmadığını, borcunu ödəmək istəmədiyini ona bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh pensiya kartını onun razılığı ilə mebel mağazasına təqdim etməklə cehizlik mebel götürmüş, mebelin 2700 manat məbləğində dəyərini kartından ödəmişdir. Həmin pulun ona qaytaracağına söz vermiş, cəmi 157 manatını qaytarmış yerdə qalan 2543 manatını qaytarmaqdan imtina etmişdir. Cavabdeh üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etməklə qalan hisəsinin icrasından imtina etmiş, yəni öhdəliyini lazımınca icra etməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının vəkili X9 iddia tələblərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, o, iddiaçıdan əslində kartının ona verilməsini xahiş etməmişdir. Lakin sonradan iddiaçının kartı vasitəsilə mebel alınmışdır. O zaman elə bilmişlər ki, iddiaçı həmin mebeli onlara hədiyyə edibdir. İddiaçının kartı ilə 2300 manatlıq mebel alınmışdır. 800 manat pulu atası və anası iddiaçıya poçtla ödəmişlər. Lakin ödəniş qəbzləri hazırda onlarda qalmamışdır. Həbs olunduğuna görə qalan məbləği ödəyə bilməmişdir. İddiaçıya hazırda borcunun olduğunu etiraf edir. Məhkəmədən isə ədalətli qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs X17 göstərmişdir ki, iddiaçı onun bibisi, cavabdeh isə yeznəsidir. Mebelin pulunun yarası ödənilmişdir. Ancaq sübut olmadığı üçün iddiaçı yenidən pul tələb edir. Çünki iddiaçı ona pulun qalan hissəsinin bibi payı olduğunu bildirmişdir. İndi isə bibi payını tələb edir. Kartdan pul çıxdıqca bibisinə cavabdeh Rübailin atası və anası pul ödəmişdir. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxs X18 göstərmişdir ki, 2017-ci ilə qədər mebel mağazası işlətmişdir. Ancaq o, iş üzrə iddiaçını tanımır. İddiaçı vəziyyəti ona izah etdikdə çox pis olmuşdur. Lakin iddiaçını xatırlamır. Mebel veriləndə mağazada qeydiyyat aparmışlar. Borclu şəxsin kartından pulun ödənilməsi nadir hallarda olmuşdur. İş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. X13 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, tərəflər arasında mübahisələndirilən mebel onun qızı köçəndə alınmışdır. Qızı köçəndə maddi vəziyyəti ağır olmuşdur. Tamara Ağayeva zəng edərək maddi köməklik məqsədi ilə kartının aparılmasını təklif etmişdir. O, Tamaraya kartdan pul götürüldüyünü və mebelə 2300 manat məbləğində ödənildiyini bildirmişdir. Lakin Tamara heç bir narazılıq bildirməmiş və ona «pulunuz olanda ödəyərsiniz, qalanı da bibinin payı olsun» deyə cavab vermişdir. Cavabdehin anası isə ona Tamaraya vermək üçün 350 manat məbləğində pul vermişdir. O, həmin pulu aparıb evində iddiaçıya vermişdir. Ustasına da qulluq etmişdir. Buna görə də iddiaçı ona qalan pulun «sənin qızına pay olsun» demişdir. 350 manatdan başqa pul ödəməmişdir. X6 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçı Tamara Ağayevanın bacısı qızıdır. 2015-ci ilin oktyabr ayında əvvəlcədən zəng edərək bildirməklə Təbriz Ağayev və Cavabdeh Tamara Ağayevadan kartı götürmək üçün gəlmişlər. Razılaşdıqları kimi sonuncu kartı onlara vermişdir. Bir gün sonra isə alınan mebelə dair razılıq sənədinə imza çəkmək üçün mağazaya gəlmişlər. Həmin vaxt özü, xalası, Rübailin ailə qurduğu qız, həmin qızın anası mağazada olmuşlar. Mağaza sahibinə zəng edərək kartını vermək istəmədiyini bildirdikdə isə cavabdeh toyun sabahsı günü pulu ödəcəyinə söz vermişdir. Buna görə də mağaza sahibi onlara narahat olmamağı təklif etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxx» MMC-nin Mıxlıqovaq kənd poçtunun xx.xx.2016-cı il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh X10 90 manat məbləğində pul göndərmişdir. İşdə olan «xxxxxxxx» MMC-nin Mıxlıqovaq kənd poçtunun xx.xx.2015-ci il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh X10 67 manat məbləğində pul göndərmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi tabeliyində Dövlət X25 X28 Qəbələ rayon filialının xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı verdiyi **********9 nömrəli arayışında ailə başçısını itirməyə görə 2015-ci il ərzində cəmi, 2179.0 (iki min bir yüz yetmiş doqquz) manat, (yanvar -148, 25, fevral -148,25, mart- 148,25, aprel - 148,25, may -148,25, iyun -148,25, iyul - 148,25, avqust - 148,25, sentyabr – 148,25, oktyabr - 148,25. noyabr - 148,25, dekabr- 148.25), 2016-cı il ərzində cəmi, 2422.16 (iki min dörd yüz iyirmi iki) manat, (yanvar -160.18, fevral - 160.18, mart - 160.18, aprel - 160.18, may- 160.18, may - 160.18, iyun -160.18, avqust - 160.18, sentyabr - 160.18, oktyabr -160.18, noyabr -160.18. dekabr 160.18) pensiya aldığı qeyd edilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2015-ci ilin oktyabr ayında X1 qardaşı oğlu (üçüncü şəxs) X17 iddiaçıya müraciət edərək bacısının Cavabdeh ilə nişanlandığını, yaxın vaxtlarda toy mərasiminin olacağını, buna görə də Rübailin kreditə mebel götürmək istədiyini və bunun üçün isə mebel mağazasında zəmanət istədiklərini bildirmişdir. Bundan sonra iddiaçı, cavabdeh və iş üzrə üçüncü şəxs X7 razılığı ilə iddiaçının pensiya kartı mebel mağazanın sahibi X12 verilmişdir. Tərəflər 18 ay müddətində həmin kart vasitəsi ilə cavabdehin aldığı mebelin dəyərini mağaza sahibi Cabir Ağayevə ödənilməsi barədə aralarında şifahi razılığa gəlmişlər. Buna görə də iddiaçının pensiya kartından 18 ay müddətinə cavabdeh tərəfindən alınmış mebelin dəyəri mağanın sahibi Cabir Ağayevə ödənilmişdir. Yəni, pensiya kartından mebelin dəyəri olaraq ödənilən pul məbləği iddiaçının buna könüllü razılığı ilə olmuşdur. Bundan əlavə cavabdeh X2na «xxxxxxxx» MMC-nin poçt xidmətlərindən istifadə etməklə xx.xx.2016-cı il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzi ilə 90 manat və xx.xx.2015-ci il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzi ilə 67 manat məbləğində pul göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı 2543 (iki min beş yüz qırx üç) manat əsas qalıq borcunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Mülki işin məhkəmə araşdırılması zamanı tərəflər arasında mübahisələndirilən borc məbləğinin tərəflərin qarşılıqlı razılaşması əsasında 2700 manat məbləğində (mebelin dəyərinin həmin məbləğdə olmaması) deyil, 2300 manat təşkil etdiyi müəyyən edilmişdir. İşin qeyd olunan bu halını cavabdehin özü də məhkəmə araşdırılması zamanı verdiyi izahatında etiraf etmişdir. Məhkəmənin qənaətinə görə kredit müqavilələrinə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, kredit müqaviləsinin şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, müqavilə bütün tərəflərin iradəsinə və iradə ifadəsinə uyğun şəkildə bağlınmışdır. İddiaçının istinad etdiyi kredit müqaviləsi isə etibarlı əqd olmaqla, onun irəli sürdüyü faktiki hallar iddia tələblərinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Buna görə də «xxxxxxxx» MMC-nin poçt xidmətlərindən istifadə etməklə cavabdehin xx.xx.2016-cı il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzi ilə iddiaçıya 90 manat və xx.xx.2015-ci il tarixli AZ3621 indeks nömrəli, ********* saylı mədaxil qəbzi ilə 67 manat məbləğində (90 manat + 67 manat = 157 manat) ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh X2na olan borcu 2143 manat ( 2300 manat - 157 manat = 2143 manat) təşkil edir və buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçının kartı ilə 2300 manatlıq mebel alındığını etiraf edən cavabdeh mülki işin məhkəmə araşdırılması zamanı verdiyi izahatında həmin borcdan 800 manat məbləğində pulun atası və anası tərəfindən iddiaçıya poçtla ödənildiyini, eyni zamanda ödəniş qəbzlərinin hazırda onlarda qalmadığını göstərmişdir. Lakin onun anası məhkəmədə verdiyi ifadəsində 350 manat pulun ödənildiyini bildirmişdir. Bunu təsdiq edən hər hansı bir sübutu isə yoxdur deyə bildirmişdir. İşin qeyd olunan halına qanunvericiliyin yuxarıda sadalanan tələbləri kontekstində hüquqi qiymət verən məhkəmə qeyd edir ki, cavabdeh valideynləri tərəfindən iddiaçıya kredit borcundan 800 manatın ödənildiyinə, bir sözlə, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, X16 Cavabdeh 1.118,98 (bir min bir yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat özgə vəsaitindən istifadəyə görə faizin, 300,00 (üç yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş pulun və 30,00 (otuz) manat ödənilmiş rüsum pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tamara Ağayeva iddia ərizəsində cavabdeh tərəfindən ödənilməmiş hesab etdiyi 2543 manat məbləğində pul vəsaitindən 4 il müddətində cavabdehin faydalandığını və buna görə bank uçot dərəcəsinə uyğun olaraq ona 11 faiz miqdarında (2543 manat x 11% = 279,73 manat x 4 il = 1.118,92 manat) ödənilməli olduğunu bildirmişdir. Lakin o, 1.118,98 (bir min bir yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat özgə vəsaitindən istifadəyə görə faizin alınması tələbinin istinad etdiyi hallara, yəni tələb etdiyi həmin rəqəmə dair (borc pul vəsaitindən istifadəyə görə faizin hansı əsaslarla hesablanması və tələb etdiyi bu rəqəmin hardan və necə alındığına dair) heç bir sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə aınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə olunmuş Oğuz rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil (iddiaçının vəkili) X4 (VÖEN: **********) məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, seriya ĞLM 478404 nömrəli mədaxil qəbzində iddiaçıya göstərilən hüququ yardıma görə 300 manat məbləğində pul ödənildiyini qeyd etmişdir. Vəkilin cəmi bir dəfə məhkəmə iclasında iştirak etdiyini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alan məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş ağlabatan məbləğ olaraq 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2143 (iki min yüz qırx üç) manat məbləğində pul, 50 manat hüquqi yardıma görə vəkilə ödənilmiş pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində pul alınaraq X2na ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2143 (iki min yüz qırx üç) manat məbləğində pul, 50 manat hüquqi yardıma görə vəkilə ödənilmiş pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində pul alınaraq X2na ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1086/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1086/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver