Məhkəmə qərarları › İş №2(025)-110/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-110/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-110/2022 03.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2800 manat məbləğində pulun və ödənilmiş 48 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 sentyabr 2020-ci il tarixdə cavabdeh X8 ilə aralarında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdehə 2800 (iki min səkkiz yüz) manat məbləğində borc vermişdir. Cavabdeh isə müqavilənin şərtlərinə əsasən aldığı borc məbləğini 21 noyabr 2021-ci il tarixədək hər ay 200 (iki yüz) manat olmaqla tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. O, aralarında bağlanmış borc müqaviləsinin şərtlərinə əsasən öz üzərinə düşən öhdəliyi icra edərək 2800 manat məbləği cavabdeh X5 vermişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, yəni ona hər ay ödəməli olduğu 200 manat məbləği verməmişdir. Ona 2800 manat pulu verməsini X8 öz imzası ilə təsdiq etmişdir. X9 pul verməsini X3 və X1 imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehə 19.11.2021-ci il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərərək borc məbləğini könüllü şəkildə ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh həmin məktubdan sonrada borc məbləğini ödəməmişdir. O da artıq cavabdehin könüllü şəkildə borcunu ödəyəcəyinə inanmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib eyni zamanda göstərdi ki, Cavabdeh borcu əslində atası vermişdir. Belə ki, atası Şahid təsərrüfatla məşğul olur və təsərrüfatında bir qədər qoyunlar və inəklər vardır. Cavabdeh atasına məxsus heyvanları güdərək, yəni çoban kimi fəaliyyət göstərərək atasından aylıq 400 manat əməkhaqqı almışdır. Atası bir gün ona zəng edərək Cavabdeh 2800 manat borc verməyini istəmiş, o isə sonuncuya inanmadığını, pulu verəcəklərsə rəsmi qaydada verəcəyini bildirmişdir. Atası onunla razılaşmış və Cavabdeh 2800 manat borc vermək üçün həmin pulu ona təqdim etmişdir. O isə Cavabdehla rəsmi qaydada borc müqaviləsi bağlamış və həmin pulu ona vermişdir. Cavabdeh borc almasını onunla izah etmişdir ki, özünə də heyvan alar və beləliklə işinə həvəsi daha da artar. Həm də aldığı əməkhaqqı ilə ailəsini dolandırmaqda çətinlik çəkdiyini bildirmişdir. Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməmişdir. Hal-hazırda da borcunu qaytarmaqdan əsassız olaraq imtina edir. Borcu öhdəliyindən yayınmaq üçün onun polis orqanında işləməsindən istifadə edərək müvafiq orqanlara dəfələrlə əsassız və sübutsuz şikayətlər ünvanlamışdır. Cavabdeh belə əməlləri ilə istəyir ki, ondan pul tələb etməsinlər. Lakin neçə ildir dövlət orqanlarında qüsursuz xidmət etmiş bir vətəndaş kimi cavabdehdən pulunu tələb edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə onun arasında bağlanmış borc müqaviləsi onun tərəfindən imza edilmişdir. Lakin əslində iddiaçıdan 2800 manat pul götürməmişdir. Belə ki, iddiaçı və onun atasına məxsus təsərrüfatda çoban işləmişdir. Qoyunların bəziləri tələf olduğundan həmin qoyunların qiyməti müqabilində onla zorla borc müqaviləsi bağlamışlar. İddiaçı polis orqanında işləməsindən istifadə edərək ona hədə-qorxu gəlmişdir. Əvvəllər ona 400 manat əməkhaqqı verilsə də, sonradan borcuna görə hər ay əməkhaqqından 200 manat çıxılmışdır və beləliklə iddiaçıya və onun atasına olan borcunu tamamilə ödəmişdir və heç bir borcu yoxdur. İddiaçıya borcunu qaytarmasını təsdiq edən heç bir sübutu yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, atasının iddiaçı ilə borc müqaviləsi bağlamasından xəbəri vardır, lakin borc müqaviləsi əsasında atasına pul verilməmişdir. Atası iddiaçıya məxsus təsərrüfatda çoban işləmişdir. Atası çoban işləyən zaman iddiaçı və onun atasına məxsus təsərrüfatda 14 qoyun tələf olmuşdur. Buna görə qoyunun biri 200 manatdan hesablanmaqla borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi bağlanan zaman İddiaçı polis olmasından istifadə edərək atasını müqavilə bağlamağa məcbur etmişdir. Atası Cavabdeh isə daha sonra çoban kimi işlədiyi dövrlərdə 400 manat deyil, 200 manat əməkhaqqı almış, beləliklə borcunu ödəyib qutarmışdır. Lakin bunu təsdiqləyən hər hansı sübut əllərində yoxdur. Məhkəmə iclasında Şahid qismində vediyi ifadəsində göstərmişdir ki, o, iddiaçının atasıdır. Oğlu uzun illərdir ki, polisdə işləyir. Özü isə təsərrüfat işləri ilə məşğul olur və müəyyən qədər qoyunları, malları vardır. Cabahdeh Cavabdeh isə onların heyvanlarına baxaraq çobanlıq etmiş, o isə Cavabdeh aylıq 400 manat maaş vermişdir. Cavabdeh ona məxsus təsərrüfatda xeyli sayda qoyunların itməsinə və məhv olmasına səbəb olmuşdur. Onu çobanlıqdan çıxartmaq istəsə də, etimadını doğruldacağını söz vermiş və onu işdən çıxarmamasını xahiş etmişdir. Daha sonra isə çobanlıq edərkən işinə daha həvəsli olmaq üçün özünə də qoyun almaq istədiyini, bu məqsədlə ondan borc istəmişdir. Bu barədə oğlu İddiaçı məlumat vermiş, oğlu isə Cavabdeh borcu yalnız rəsmi qaydada verilməsini bildirmişdir. Belə olub oğluna 2800 manat pul vermiş və oğlu isə Cavabdeh ilə borc müqaviləsi bağlamışdır. Həmçinin qoyunların, malların ona məxsus olduğunu, oğluna aid olmadığını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsini, iş üzrə şahidin ifadəsini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 21 sentyabr 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış «borc müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» 21.11.2021-ci il tarixədək həmin borc məbləğini hər ay 200 (iki yüz) manat qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 18.11.2021-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliklərini 5 (beş) gün müddətində icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Zirik kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli, 241 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Zirik kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, borc müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbini tərəflər arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli borc müqaviləsi ilə əsaslandırır. Cavadeh isə həmin borc müqaviləsinin onun tərəfindən imzalanmasını etiraf edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı 21.09.2020-ci il tarixli borc müqaviləsinə əsaslanaraq, həmin müqavilədə nəzərdə tutulmuş 2800 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh borc müqaviləsinin onun tərəfindən imzalandığını, müqavilə üzrə iddiaçıdan ümumiyyətlə pul almadığını, sadəcə olaraq 14 qoyuna görə 2800 manat ödəməyi öhdəsinə götürdüyü, həmin öhdəlik üzrə də 2800 manatı ödədiyini bildirmişdir. Lakin Cavabdeh borc müqaviləsi üzrə 2800 manat borcun ödənilməsinə dair məhkəməyə heç bir sübut (pulun qəbuluna dair iddiaçının yazdığı qəbz, pulun (banderolun) iddiaçının yaşadığı ünvana göndərilməsi barədə poçt qəbzi və s.) təqim etməmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında bağlanmış 21.09.2020-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 2800 manat məbləğində borc pul almış və o, həmin borcu 1 il 2 ay müddətində, yəni 21.11.2021-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh borc müqaviləsinin formal olaraq bağlandığı, hər hansı bir pul məbləğinin verilməməsini bildirsə də, işin qeyd hallarına dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. İşin bu halı borc müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Bundan əlavə cavabdeh məhkəmə iclasında borc müqaviləsinin onun tərəfindən imzalandığını etiraf etmişdir. Tərəflər arasında mübahisələndirilən borc məbləği isə cavabdehin borcu 1 il 2 ay müddətinə qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz tərəflər arasında könüllü qaydada imzalanmış borc müqaviləsində öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 48 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar