Məhkəmə qərarları › İş №2(025)-1186/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1186/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1186/2021 16.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 kredit verən İddiaçı MMC-nin xeyrinə 1900 manat əsas borc, 798 manat faiz borcu (müharibə dövrü iki ay faiz və cərimə hesablanmayıb) və 3420 manat dəbbə pulu (cərimə, penya), cəmi 6118 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən MMC borclular Cavabdeh1 və Cavabdeh2 24.06.2019-cu il tarixdə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Əsas borcdan 100 (yüz) manat ödənmiş, qalıq əsas kredit borcu 1900 (min doqquz yüz) manat qalmışdır. Müqavilənin şərtlərinə görə 1900 manata bir ayda 6 faizdən 114 (yüz on dörd) manat faiz ödəməlidirlər. Cavabdehlər son ödənişlərini 24.07.2020-ci ilə qədər ödəyiblər. 24.07.20-ci ildən 24.03.21-ci ilə qədər, yəni 9 aydır ki, aylıq ödənişlərini ödəmirlər. Ona görə borclular ilə müharibədən öncəki aylar ərzində dəfələrlə danışıqları olmuşdur. Telefon danışıqlarında borclulara izah etmişlər ki, onlarla bağlanmış olan müqaviləyə əsasən faiz borcları gecikdiyi halda əlavə cərimə ödəyəcəklər. Hər dəfə telefon danışığında borclu bildirmişdir ki, əmək haqqı köçənə qədər ona möhlət verin, borclarını ödəyəcəkdir. 27 sentyabr 2020-ci il müharibənin başlaması və 09 noyabr 2020-ci il müharibənin bitməsilə əlaqədar olaraq borcluları gözləmişlər. Humanist addım ataraq Vətən və torpaq xatirinə onlar borclulardan 44 gün deyil, yəni 60 gün (iki ay) faiz tələb etmirlər. Cavabdehlər müharibə bitdikdən sonra Yanvar və Fevral 2021-ci il tarixlərinin əmək haqqısı köçənə söz vermişlər, belə olub onları aylar ərzində gözlətmişlər. Cavabdeh1 fevral 2021-ci il tarixində onlara telefon danışığında bildirmiş ki, ona mart ayının 22-nə qədər möhlət versinlər, laterya oyunu oynayır, ikinci o götürəcəkdir, onlara olan borclarını tam olaraq ödəyəcəkdir. Onlar da bir təşkilat olaraq, humanist addım atıb demişlər ki, 1900 manat əsas borclarını ödəsin, faiz borclarınından güzəştlər edəcəkdir, onlara cərimə tətbiq etməyəcəklər. 23 mart 2021-ci il tarixində Cavabdeh1 zəng etmiş və demişlər ki, onlardan aldığı möhlət bitmiş və borclarını ödəsin. Qarşılığında Cavabdeh1 onlara bildirmiş ki, “onun imkanı yoxdur, ödəyə bilmir, aparın verin məhkəməyə, mənə məhkəmə nə edəcək ki?”. 27.03.2021-ci il tarixində isə borclu Cavabdeh2 zəng etmiş, ona məlumat vermişlər ki, zamin olduğu Cavabdeh1 borclarını ödəmir. Cavabdeh1 dediyi sözləri zaminə bildirmişlər. Cavabdeh2n cavabı isə bu olmuşdur ki, “kredit götürülübsə ödənilməlidi, verin məhkəməyə, o məhkəmədə sözünü deyəcəkdir.” Borclular möhlət almaqla ancaq vaxt qazanmış olmuşlar, ödənişlə bağlı müsbət bir nəticə olmamış və ödəniş etməmişlər. Müəyyən tarixlərdə dəfələrlə smslər göndərmişlər. Borclulara götürdüyü kreditin faizini ödəməyi barədə hətta yazılı məlumat vermişlər. 28.10.2020-ci il tarixdə isə borclulara bildiriş göndərmişlər. 30.03.2021-ci ildə borclulara təkrar və sonuncu bildirişi göndərmişlər. Bildirişdən sonra onlar məhkəməyə müraciət etməli olmuşlar. 9 aydır ki, borclular faiz borclarını düşünülmüş formada ödəmirlər, gecikmənin səbəbkarı borclulardır. Borclular üzərinə götürdükləri vəzifələri və bağlanmış olan müqavilənin şərtlərini bilərəkdən pozmuşlar, borclarını ödəməkdən imtina etmişlər. Ona görə də məcburiyyət qarşısında qalıb, müqaviləyə xitam verərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 28 avqust 2017-ci il tarixli “Ban hesabının açılması və xidmətin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə görə “Bank” “Müştəri”yə cari hesab(lar) açmağı və bu növ hesab(lar) üçün Azərbaycan Respublikasının hüquqi aktında nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesab(lar)a daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesab(lar)dan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab(lar) üzrə digər əməliyyatların aparılmasına dair “Müştəri”nin sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. İşdə olan “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi və girova götürülməsi barədə” 24 iyun 2019-cu il tarixli rəydən görünür ki, girov qoyan tərəfdən təqdim edilmiş qızıl-zinət əşyaları qiymətləndirilərək siyahıya alınmış və girov üçün İddiaçın icraçı direktoru Nümayəndə tərəfindən qəbul edilmişdir. İşdə olan 24 iyun 2019-cu il tarixli “Girov biletinə” № 1 əlavədən görünür ki, suda verən verilmiş borcun müddətliyi vaxtında ödənilməsi və təminatlığı prinsipləri əsasında Sudaalana 2000 manat (iki min) məbləğində 12 ay müddətinə illik faiz dərəcəsi 72 faiz olmaqla bir aya 6 faiz nəğd pul vəsaiti verimişdir. Sudanın qaytarılma müddəti 24.05.2020-ci il tarixinədək müəyyən edilmişdir. Sudanın öhdəliyinin icrası girovla təmin olunur. Girov təminatı olaraq qızılzinət əşyaları götürülür. Həmçinin həmin müqaviləyə əsasən Cavabdeh2 zamin kimi öz üzərinə öhdəlik götürmüşdür. 24 iyun 2019-cu il tarixli “Girov biletinə” № 1 əlavənin 2.1-ci bəndindən görünür ki, ssuda alan öhdəliyi vaxtında icra etməməsi üçün tam məsuliyyət daşıyır. Əks təqdirdə aylıq faiz məbləğinin ödənilməsi vaxtından 1 (bir) gün keçdiyi halda əlavə olaraq qalıq borcunun 1 (bir) faiz məbləğində cərimə ödəyir. İşdə olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 30.03.2021-ci il tarixli xəbərdarlıq (təkrar və son bildiriş) məktublarından görünür ki, cavabdehlərCavabdeh1 və Cavabdeh2 kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmənin 14sentyabr 2021-ci il tarixli, 2(025)-1186/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. “Məhkəmə Ekspertizası Mərkəzi”-nin 22noyabr 2021-ci il tarixli, 9/7121 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 İddiaçı MMC-dən alınmış kredit vəsaiti üzrə banka 24.06.2021-ci il tarixə 1900,00 manat əsas, 0,00 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı MMC-dən 2000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin (zəmanətçi) durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu 24 iyun 2019-cu il tarixli “Girov biletinə” № 1 əlavə müqaviləsini imzalamış, həmin müqavilədə zaminin (zəmanətçinin) birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, “Məhkəmə Ekspertizası Mərkəzi”-nin 22 noyabr 2021-ci il tarixli, 9/7121 nömrəli rəyindən görünür ki, 24.06.2021-ci il tarixə Cavabdeh1 əsas borcu 1900,0 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 1900,00 manat tutulmasını əsaslı hesab edir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, “Məhkəmə Ekspertizası Mərkəzi”-nin 22 noyabr 2021-ci il tarixli, 9/7121 nömrəli rəyindən görünür ki, Cavabdeh1 faiz borcunun 0,00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi faiz borcuna aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3420 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 190 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X1” MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1900 manat əsas borc və 190 manat cərimə borcu olmaqla, cəmi 2090 (iki min doxsan) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1900 manat əsas borc və190 manat cərimə borcu olmaqla, cəmi 2090 (iki min doxsan) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X1” MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar