Məhkəmə qərarları › İş №2(025)-122/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-122/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-122/2021 26.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2800 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, ailəsi ilə birlikdə Qəbələ rayonu Məmmədağalı kəndində yaşayır. Cavabdeh2 4-5 il bunda əvvəl, Cavabdeh1 isə 4 ay bundan əvvəl tanımışdır. Cavabdeh2 İsmayıl rayonu Sumağallı kənd sakini, Cavabdeh1 isə Qəbələ rayonu Nohurqışlaq kənd sakinidir. 2019-cu il tarixdə Cavabdeh2 təssərrüfatında olan irili-xırdalı 17 baş qoyunu 1700 manat dəyərində sataraq nəğd pulunu almışdır. Pula ehtiyacı olduğuna, eləcədə 3 baş iribuynuzlu heyvanı sataraq əvəzində bir baş inək almaq üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh2 zəng edərək 3 baş satılası iribuynuzlu heyvan olduğunu bildirmişdir. Saslan ona yanında Vasif adlı şəxsin olduğunu deyərək heyvanları onun istədiyini, səhəri gün gələrək heyvanlara baxacaqlarını bildirmişlər. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 onun yaşadığı həyətə gələrək həyətində olan 1 baş dişi danaya və bir baş yanında erkək cinsli bala olan inəyə baxdıqdan sonra heyvanları hansı qiymətə satacağını soruşmuşlar. Həmin şəxslərə heyvanların 3 başını birlikdə 3500 manata satdığını bildirmişdir. Vasif və Saslan heyvanları baha qiymətə satdığını əsas gətirmişlər. Sonra heyvanları 2800 manata almağa razılaşmışlar. Heyvanları aparıb satdıqdan sonra pulunu verəcəklərini bildirmişlər. Hətta Saslan ona həyətində satılası bir baş inəyin olduğunu, gəlib ona baxmağını demişdir. O, Saslan və Vasiflə şifahi şəkildə razılaşaraq xx.xx.2020-ci il tarixdə Elməddin adlı şəxsin idarə etdiyi "qazel’ markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobili ilə heyvanları İsmayıllı rayonunun Sumağallı kəndində Cavabdeh2 yaşadığı həyətə aparmışlar. Saslanla Vasif heyvanları onun həyətindən apardıqdan sonra ertəsi gün Saslanın yaşadığı ünvana getmiş və onda olan bir baş yanında balası olan inəyə baxaraq inək xoşuna gəlmədiyi üçün almaqdan imtina edərək heyvanları satıb ona çatacaq 2800 manat pulu vermələrini bildirmiş, Salan və Vasifin yalançı olduqları sonradan ona məlum olduğundan xx.xx.2020ci il tarixdə Salana zəng edərək heyvanlarını qaytarıb gətirmələrini bildirmişdir. Saslan ona Bərdə bazarında olduğunu, heyvanları nahar vaxtı gələrək həyətindən aparmağını bildirmişdir. Cavabdeh1 ona heyvanları nə səbəbə satmadığını sual verdikdə Vasifə heyvanları satmadığını bildirmişdir. Vasifin ona bu məsələyə görə Saslana zəng vurmamasını, həmin həftənin bazar günü görüşərək pulu verəcəyini bildirmişdir. Həftənin bazar günü çatdıqda Vasifə zəng edərək pulunu verməli olduğunu dedikdə Vasif onunla görüşmək istədiyini demişdir. Həmin günü Bunud kəndində Vasiflə görüşən zaman Saslanda Vasiflə birlikdə olmuşdur. Söhbət zaman Vasif ona əlavə heyvan aldığını, həmin aldığı heyvaları kəsən zaman qida təhlükəsizliyi tərəfindən tutularaq cərimələndiyini, qısa zamanda kredit alaraq pulunu verəcəyini demişdir. Həmçinin Saslanın həyətindəki inəyi gələrək aparmağını bildirdikdə Saslana həmin inəyi aparmayacağını, ona çatacaq olan satdığı inəkləri 2800 manat pulunu topa şəkildə vermələrini xahiş etmişdir. Saslan və Vasif ona Vasifin qohumu olan Afəddin adlı şəxsin adına kredit alacaqlarını və pulunu verəcəklərini demişlər, lakin həmin vaxtdan indiyə kimi Saslan və Vasif ondan aldıqları heyvanlara görə razılaşdıqları 2800 manat pulu verməmişlər. Belə olub Qəbələ rayon Polis şöbəsinə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsində araşdırılma aparılmış, Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı X1 tərəfindən xx.xx.2020-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alan Ədilov X4 Məmmədov ilə birlikdə ondan 3 baş iribuynuzlu heyvanı 2800 manata aldıqlarını və həmin məbləği qaytarmadığını etiraf etmişdir. Lakin araşdırma zamanı Cavabdeh2 izahatının alınması mümkün olmamışdır. Bununla bağlı bir neçə dəfə Qəbələ rayon Polis şöbəsinin əməkdaşlarına müraciət etsə də, nəticəsi olmamışdır. Həmçinin sonradan ona məlum olmuş ki, Cavabdeh1 və Cavabdeh2 onun kimi digər şəxsləri də bu yollarla aldatmışlar. Hətta onların içərisində məhkəməyə müraciət edəni də olmuşdur. O da artıq cavabdehlərin könüllü şəkildə borclarını ödəyəcəklərinə inanmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib göstərdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə 3 baş iribuynuzlu heyvanın 2800 manata satmaq barədə razılaşmışlar. Lakin cavabdehlər iribuynuzlu heyvanları almaqlarına baxmayaraq bu günə qədər onun pulu ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh2 ilə birlikdə 3 baş iri buynuzlu heyvanı 2800 manata almışlar. Lakin iddiaçıya bu günə kimi heç bir məbləğ qaytarmamışlar. Borcunu etiraf edir və borcunu qaytarmağa hazırdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 həmçinin 51 300 34 32 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh2 məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ-in İB-in müstəntiqi, polis kapitanıEmil Niyazovun xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK-1/917 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon icra Hakimiyyəti Başçısının Məmmədağalı kənd X5 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş16noyabr 2020ci il tarixli, 169 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonunun Məmmədağalı kənd sakini olmaqla hazırda Məmmədağalı kəndində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1986-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə müvafiq olaraq, iddianın Cavabdeh1 tərəfindən etiraf edilməsi məsələsinə qiymət verib hesab edir ki, etiraf qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, Cavabdeh1 məhkəmə təqdim etdiyi etiraz ərizəsindəki etirafı ilə sübuta yetmişdir. Belə ki, Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçının tələb etdiyi 2800 (iki min səkkiz yüz) manat məbləğində iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə tərəflərin arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə görə 2800 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının Cavabdeh2 da borc tələb etməsinə məhkəmə onu qeyd edir ki, xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh2 izahatı alınmamış, onun fikrini öyrənmək mümkün olmamışdır. Lakin Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədə, həmçinin xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda olan izahatında Cavabdeh2 ilə birlikdə 3 baş iribuynuzlu heyvanı 2800 manata aldığını bildirmişdir. Bu səbəbdən iddia tələbi borcun Cavabdeh2 tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh1 Cavabdeh2 ilə birlikdə iddiaçıya 2800 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıya Cavabdeh2 ilə birlikdə 2800 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2800 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2.830,0 (iki min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2800 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2.830,0 (iki min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar