Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1234/2021 07.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh Əkbər oğlunun iştirakı ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh Əkbər oğluna qarşı “kredit borcu tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh Əkbər oğluna qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 2739,15 manat əsas, 136,19 manat faiz və 37,75 manat cərimə borcu olmaqla, cəmi 2913,09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh Əkbər oğlu arasında bağlanmış 18.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 55 ay müddətinə illik 7 % ödəmək şərtilə 2783 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Yavər Novruzov məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi eyni zamanda poçta vasitəsilə göndərdiyi izahatda göstərmişdir ki, ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh 2783 AZN əsas kredit borcundan 43,85 AZN ödəniş etmişdir. (2783-43,85=2739,15) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Bundan başqa sözügedən kredit müqaviləsi bağlanan tarixdə (18.09.2020) cavabdehə məlum fərmanın müddəlarına əsasən kompensasiya hesablanmamış (və ya hesablanmış kompensasiyanın cavabdehin mövcud borcundan silinməsi nəzərdə tutulmamış) və Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında da bununla bağlı heç bir məlumat olmamışdır. Yeni kredit müqaviləsi bağlandıqdan sonra cavabdehin Mərkəzi banka müraciəti əsasında hesablanmış 750 AZN kompensasiyanın cavabdehin mövcud borcundan silinməsi nəzərdə tutulmasına baxmayaraq həmin kompensasiya məbləği indiyənədək Mərkəzi Bank tərəfindən iddiaçı "xxxx" KB ASC-yə göndərilməmişdir. Kompensasiya məbləği sonradan göndərildiyi təqdirdə öhdəliyin icrası mərhələsində tərəflərindən nəzərə alınacaqdır. Məhkəmə iclasında Cavabdeh Əkbər oğlu iddia tələbini qismən qəbul edərək göstərdi ki, prezidentin fərmanına əsasən hazırkı kredit müqaviləsinə görə ona 750 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğ nə ona Mərkəzi Bankdan tərəfindən təqdim edilmiş, nə də bank tərəfindən kredit borcu hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək, cavabdehin ərizəsini nəzərə alaraq və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh Əkbər oğlu (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 18.09.2020-ci il tarixli, 1018nkİSML/20 saylı kredit müqaviləsinə əsasən sonuncuya 55 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 2783 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18.09.2020-ci il tarixli, 1018nkİSML/20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh Əkbər oğlu 2783 manat məbləği illik 7 %-lə, 55 ay müddətinə hər ay 60,0 manat, sonuncu ay isə 25,10 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Əkbər oğlunun 18.09.2020-ci il tarixli, 1018nkİSML/20 saylı kredit müqaviləsi 2739,15 manat əsas, 136,19 manat faiz, 37,75 manat cərimə, cəmi 2913,09 manat borcu vardır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş 30.12.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Əkbər oğlu xx.xx.1966-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh Əkbər oğluna ünvanlanmış 20.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh Əkbər oğlu 1018nkİSML/20 saylı “Kredit və Bank Hesabı müqaviləsi” üzrə sonuncu dəfə 19.10.2020-ci il tarixdə 43,85 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 03.07.2021-ci il tarixə Cavabdeh Əkbər oğlunun faiz borcu 136,19 manat olmuşdur. Məhkəmə bu səbəbdən Cavabdeh Əkbər oğlundan iddiaçı bankın xeyrinə əsas borc üzrə 2739,15 manat, faiz borcu üzrə isə 136,19 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 37,75 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcuna aid hissədə də təmin edilməli, Cavabdeh Əkbər oğlundan iddiaçı bankın cərimə borc üzrə 37,75 manat borc tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Əkbər oğlundan 2739,15 manat əsas borc, 136,19 manat faiz borcu və 37,75 manat cərimə borcu olmaqla, cəmi 2913,09 (iki min doqquz yüz on üç manat doqquz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə cavabdehə izah edir ki, prezidentin fərmanına əsasən kompensasiya olunmuş 750 manat məbləğ gələcəkdə Mərkəzi Bank tərəfindən iddiaçı bank "xxxx" KB ASC tərəfindən ödənildikdən sonra, icra mərhələsində də həmin məbləğin borcundan silinməsini tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əkbər oğlundan 2739,15 manat əsas borc, 136,19 manat faiz borcu və 37,75 manat cərimə borcu olmaqla, cəmi 2913,09 (iki min doqquz yüz on üç manat doqquz qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1234/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1234/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver