Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1278/2021 28.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat pul vəsaitinin və 31 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, kənd təsərrüfatı məhsullarının, əsasən çərəz məhsullarının topdan satışı ilə məşğul olurmuş. Əvvəllər tanıdığı X5 həmin məhsulların satışı iə məşğul olduğundan ondan xahiş etmişdir ki, ona satması üçün məhsullar versin. Beləliklə, onlar daimi işləməyə başlamışlar. Ona nisyə məhsul vermiş, o da öz növbəsində satış etmiş və onun pulunu qaytarmışdır. Bir müddət sonra X5 onu Cavabdeh ilə tanış etmiş və bildirmiş ki, Cavabdeh onun yaxın dostudur, o da həmin məhsulların satışı ilə məşğul olur, ona da nisiyə olaraq məhsul verməyini xahiş etmişdir. Azər Əsədovla normal işlədiklərindən və onun tərəfindən hər hansı bir problem yaşamadığı üçün o, buna etiraz etməmişdir. Beləliklə o, X5 ilə bərabər Cavabdeh da məhsul verməyə başlamışdır. Onlar bir müddət normal işləsələr də, bir müddətdən sonra Cavabdeh onun pulunu müəyyən hissəsini verməmişdir. Beləliklə Cavabdeh ona 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat borcu qalmışdır. Cavabdeh 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat ona borcu olması barədə yazı yazaraq vermişdir və həmin məbləği sentyabr ayının 1-nə kimi tamam verib qurtaracağına söz vermişdir. Ona borcu olmasını yazılı şəkildə yazaraq ona verdiyi vaxtdan bir aydan çox vaxt ötməsinə baxmayaraq, o, həmin borcdan ona heç bir ödəniş etməmişdir. O da həmin məhsulları nisiyə alaraq cavabdehə vermişdir. Hazırda onun mal aldığı şəxslər onu məcbur edirlər ki, onların pulunu ödəsin. Daimi ona zəng edib pullarını tələb edirlər. Cavabdeh onun pulunu vermir ki, o da digər şəxslərin pulunu ödəsin. Buna görə də o mənəvi iztirablar keçirir. Hətta bu onun evində müəyyən problemlərə səbəb olur. O, cavabdehdən ona borclu olduqları pul vəsaitini ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh ona borclu olduğu 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat pul vəsaitinin və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, bu işlərin əvvəlində onun iştirakı olmamışdır. Oğlu ilə iddiaçı aralarında nə olmağından xəbəri yoxdur. İddiaçının onun oğluna verdiyi ləpələrin içində xarab olanları olduğunu bilsə də, nə qədərinin xarab olmasını bilmir. Borclu olduqları pulun çoxu 1 il ərzində, yəni yanvardan bu günə yığılan puldur. Oğlu demiş ki, 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat borcu var, lakin onun 4000 (dörd min) manatı Azərdədir. Qalan mal pandemiya dövrünə olduğunundan ziyana düşmüşlər. Azər Zarağana gəlmiş və orada onunla danışmışlar. Sonradan Azərə telefonla danışanda 4000 (dörd min) manatın özündə olduğunu desə də, Azər telefonu söndürmüşdür. Ondan sonra Azərlə əlaqə saxlaya bilməmişlər. Əvvəl borcu ödəmək üçün vaxt istəsə də, indi ödəniş etməyə imkanı yoxdur, ancaq oğlu Elman borcu ödəyə bilər. Məhkəmədən göstərilən halların nəzərə alınmasını və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən 21.06.2021-ci il tarixdə yazılmış və imzası ilə təsdiq edilmiş “İzahat”dan görünür ki, Cavabdeh həmin izahatda Şəmkir rayonu Könüllü kənd sakini İddiaçı 24763 AZN borc pul aldığını, həmin pulu sentyabr ayının 1-dək qaytarmağa söz verdiyini, izahatı heç bir təzyiq olmadan özü yazdığını qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçı cavabdehə satması üçün kənd təsərrüfatı və çərəz məhsulları verdiyini, lakin cavabdehin ona 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat borcunun qaldığını və cavabdehin həmin borcun qalmasına dair yazılı izahat verdiyini əsas gətirərək həmin məbləği cavabdehdən tələb edir. Cavabdehin etibarnamə üzrə nümayədəsi isə oğlu Cavabdeh İddiaçı 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat borcu olduğunu bildiyini, lakin həmin borcun 4000 (dörd min) manatının X4 olduğunu bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 21.06.2021-ci il tarixdə yazılmış və imzası ilə təsdiq edilmiş “İzahat”dan görünür ki, Cavabdeh həmin izahatda Şəmkir rayonu Könüllü kənd sakini İddiaçı 24763 AZN borcu olduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) oğlu Elmanın İddiaçı 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat borcu olduğunu bildiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh tərəfindən 21.06.2021-ci il tarixdə yazılmış və imzası ilə təsdiq edilmiş “İzahat”ın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilərək 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi oğlu Elmanın İddiaçı borclu olduğu 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat ın 4000 (dörd min) manatının X4 olduğu bildirsə də, həmin məbləğin Azəd Əsədov adlı şəxsdə olmasına dair dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında mübahisələndirilən borc məbləği isə Cavabdeh tərəfindən 21.06.2021-ci il tarixdə yazılmış və imzası ilə təsdiq edilmiş “İzahat”la sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə cavabdehə və onun etibarnamə üzrə nümayəndəsinə izah edir ki, hazırkı halda 4000 (dörd min) manat pulun X4 olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməslər də, gələcəkdə sözügedən şəxsə qarşı ayrı iddia qaldıra bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat məbləğində borc və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, ümumilildə 24794 (iyirmi dörd min yeddi yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 24763 (iyirmi dörd min yeddi yüz altmış üç) manat məbləğində borc və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, ümumilildə 24794 (iyirmi dörd min yeddi yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1278/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1278/2021
28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver