Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1287/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3337.90 manat əsas borc, 51.80 manat faiz borcu və 36.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3426.69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 16.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3337.90 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 16.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc »öhdəliyini icra etməkdən boyun qaçırır. 09.07.2021-dək Cavabdeh1 banka 16.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3337.90 manat əsas borc, 51.80 manat faiz borcu və 36.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3426.69 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək yazılı ərizə təqdim etdi və izahatında bildirdi ki, onlar tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra Cavabdeh1 tərəfindən kredit borcu üzrə ümumən 34 manat ödəniş etmişdir. Həmin məbləğ əsas borcdan çıxılmışdır. Odur qeyd olunan ödənişin nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, 16.12.2019-cu il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 3337.90 manat məbləğində kredit almışdır. Maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Bank tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra o, kredit borcu üzrə 03.09.2021-ci il tarixdə 34 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 16.12.2019-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 3337.90 manat məbləğində kredit almışdır. Həmçinin bankla onun arasında həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Onun maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Bank tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra Cavabdeh1 tərəfindən kredit borcu üzrə ümumən 34 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 16.12.2019-cu il tarixli 5-MZ-1- 0-3562-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 3337.90 manat məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 16.12.2019-cu il tarixli 5-MZ-1-0-3562-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 16.12.2019-cu il tarixli 5-MZ-1-0-3562- 14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 16.12.2019-cu il tarixli 5-MZ-1-0-3562-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 3337.90 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə 1 il güzəşt müddəti tətbiq edilməklə aylıq 70.97 manat, son ayda isə 70.89 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.12.2019-cu il tarixli 5-MZ-1-0-3562-14 nömrəli kredit müqaviləsi üzrə 3337.90 manat əsas borcu, 51.80 manat faiz borcu, 36.99 cərimə borcu olmaqla, cəmi 3426.69 manat borcu vardır. İş materiallarında olan 16.12.2019-cu ildən 15.09.2021-ci ilədək olan tarix aralığını əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra – 03.09.2021-ci il tarixdə 34 manat məbləğində kredit ödənişi həyata keçirmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 01.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, 3337.90 manat əsas borcun bir hissəsi Cavabdeh1 tərəfindən ödənildiyindən onun məbləği azaldılmalı, 3303.90 manata endirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 09.07.2021-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 faiz borcu 51.80 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə faiz borcu üzrə 51.80 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 36 manat 99 qəpik cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 36 manat 99 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 36 manat 99 qəpik məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 3303 manat 90 qəpik əsas borc, 51 manat 80 qəpik faiz borcu və 36 manat 99 qəpik cərimə borcu olmaqla, cəmi 3392 manat 69 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 3303 manat 90 qəpik əsas borc, 51 manat 80 qəpik faiz borcu və 36 manat 99 qəpik cərimə borcu olmaqla, cəmi 3392 manat 69 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1287/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1287/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver