Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-129/2022 05.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 035R********** saylı kredit razılaşması üzrə 3283,93 manat məbləğində kredit borcu, 1009,17 manat məbləğində faiz borcu və 1150,93 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5444 (beş min dörd yüz qırx dörd) manat 03 (üç) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 74,45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.12.2013-cü il tarixli, 035L000001160 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.11.2019-cu il tarixli, 035R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərti ilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.02.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 916,07 manat ödəmiş, onun 3283,93 manat məbləğində borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam dayandırılmasınadək hesablanır. Bir gün üçün faiz məbləği həmin razılaşmanın 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25.11.2021-ci il tarixə 345 gün üçün hesablanmış faiz borcu 1009,17 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 25.11.2021-ci il tarixə 345 gün üçün hesablanmış cərimə borcu 1150,93 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin ekspert rəyində göstərilən həddə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 həmçinin 50 7488685 mobil telefon nömrəsinə, Cavabdeh2 50 855 82 62 “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan 20 dekabr 2013-ci il tarixli 0035L000001160 nömrəli kredit xətti müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı QSC həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana – cavabdeh X2 30.000 ABŞ dolları məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Kreditlərin tərəflər arasında «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma (Kredit razılaşmaları) əsasında verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.2-ci bəndinə görə, bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay – 20 dekabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Müqavilənin 1.3-cü bəndinə görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz hissəsi olan Kredit razılaşmaları ilə müəyyən olunur. İşdə olan 29.11.2019-cu il tarixli, 035R********** saylı Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 2,0833 faiz dərəcəsi ilə 4200.00 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan kreditin ödəmə cədvəlindən isə görünür ki, Cavabdeh1 kredit vəsaitini hər ay 226,0 manat, sonuncu ay isə 240,18 manat məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29.11.2019-cu il tarixli, 035R********** saylı Kredit razılaşması üzrə 3283,93 manat əsas, 1009,17 manat faiz və 1150,93 manat cərimə olmaqla, cəmi 5444,03 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan 29.11.2019-cu il tarixli, № 035S**********01 nömrəli İddiaçı QSCnin İsmayıllı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, 29.11.2019-cu il tarixli, 035R********** saylı Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İşdə olan 15 noyabr 2021-ci il tarixli «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, (zamin) Cavabdeh2 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1987-ci ildə Qəbələ rayonu, Kiçik Əmilli kəndində anadan olmuş və Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ RPŞ tərəfindən 22.07.2013-cü il tarixli, seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 1987-ci ildə Qəbələ rayonu Kiçik Əmilli kəndində anadan olmuş və Qəbələ rayonu SoltanNuxa kəndində qeydiyyatdadır. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli, 2(025)-129/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2022-ci il tarixli, 9/1020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə banka 29.11.2021-ci il tarixə 3.235,54 manat əsas, 948,80 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 4200 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2022-ci il tarixli, 9/1020 nömrəli rəyi ilə cavabdeh (borclu) Cavabdeh1 əsas borcunun 3.235,54 manat, faiz borcunun 948,80 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən əsas borcu üzrə 3283,93 manat, faiz borcu üzrə isə 1009,17 manat tələb etmişdir. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 3.235,54 manat, faiz borcu üzrə isə 948,80 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 1150,93 (iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi Cavabdeh1 adına olan 29.11.2019-cu il tarixə olan maliyyə arayışı) manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 323 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 74,45 (yetmiş dörd manat qırx beş qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 3235,54 manat məbləğində əsas borcu, 948,80 manat məbləğində faiz borcu və 323 manat cərimə borcu olmaqla, cəmi 4507,34 (dörd min beş yüz yeddi manat otuz dörd qəpik) manat və 74,75 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 3235,54 manat məbləğində əsas borcu, 948,80 manat məbləğində faiz borcu və 323 manat cərimə borcu olmaqla, cəmi 4507,34 (dörd min beş yüz yeddi manat otuz dörd qəpik) manat və 74,75 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-129/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-129/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver