Məhkəmə qərarları › İş №2(025)-1306/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1306/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1306/2023 02.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 mart 2011-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment həcminin artırılaraq Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 oktyabr 2009-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Xasiyyətləri uyğun gəlməməsi səbəbi ilə Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2013 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Həmin nikahdan, onların 25 mart 2011-ci il tarixdə Əsgər adlı övladları doğulmuşdur. Cavabdeh heç vaxt övladına qarşı qayğı göstərən və bir sözlə maddi tələbatını qarşılayan bir ata olmamışdır. Qəbələ Rayon Məhkəməsi 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2013 saylı qətnaməsi ilə uşağa 60 (altmış) manat aliment tutularaq ona verilməsini qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti cavabdeh ödəsə də, həmin alimentlə o, uşağın ən kiçik ehtiyaclarını belə qarşılaya bilmir. Cavabdeh uşağı saxlamaq üçün ona heç bir maddi yardım göstərmir. Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə qətiyyən maraqlanmır, uşağın bütün ehtiyacını mən təkbaşına qarşılayır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, 60 manat aliment uşağın xərclərini qarşılamaq üçün heç cür kifayət etmir. Hətta bu il uşağın məktəb paltarlarını da anasından borc alaraq almışdır. Özü işləyir və əməkhaqqı 600 manat təşkil edir. Lakin kredit ödəyir və bu səbəbdən maddi vəziyyəti olduqca aşağıdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, cavabdehin Cavabdeh onun oğludur. Oğlu yenidən ailə qursa da, uşağı olmamışdır. Hal-hazırda oğlunun harada olmasından xəbərsizdir. Özünün isə himayəsində xəstə həyat yoldaşı, həmçinin müharibə iştirakçısı olan oğlu vardır. Aliment məbləğini o ödəyəcəkdir və əgər aliment məbləği çox olmazsa ödəyə bilər. Artıq aliment ödəməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2023 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, X14 ilə X6 arasında Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2009-cu il oktyabrın 01də qeydə alınmış 08 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan 25 mart 2011ci il təvəllüdlü uşaqları X7 anası X3 himayəsində saxlanılması, Cavabdeh 2013-cü il iyunun 27-dən başlayaraq oğlu Əsgərin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon Çarxana kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 627440 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 03 № ilə qeyd edilmişdir. İşdə olan 14 may 2014-cü il tarixli, AZ-İ seriyalı, 183059 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikahın pozulması 15 noyabr 2013-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 78 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Qaçaybəyli soyadı verilmişdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Çuxur Qəbələ kəndində yaşayır. İş materiallarında olan “X5 X11” 21 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X5 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X5 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X5 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X5 X11” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 25 mart 2011-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları 25 mart 2011-ci il təvəllüdlü X13 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)- 425/2023 nömrəli qətnaməsinə əsasən, X14 ilə X6 arasında Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2009-cu il oktyabrın 01-də qeydə alınmış 08 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan 25 mart 2011-ci il təvəllüdlü uşaqları X7 anası X3 himayəsində saxlanılması, Cavabdeh 2013-cü il iyunun 27-dən başlayaraq oğlu Əsgərin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altmış) sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 25 mart 2011-ci il təvəllüdlü X1 üçün 220 manat aliment tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə alimentin məbləğinin qismən artırılarsa ödəməyə imkanı çatdığını və çox artırılacağı təqdirdə isə ödəyə bilməyəcəyini qeyd edir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2023 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 93 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 25 mart 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)- 425/2023 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 60 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin rəsmi iş yerinin olmaması, iddiaçının özünün rəsmi əməkhaqqının olması kimi halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 60 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, iddiaçı aliment təyin olunması üçün məhkəməyə müraciət etdiyi 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 193 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2023-cü il üçün isə bu məbləğ 220 manat təşkil etmişdir. Lakin cavabdeh, təyin olunmuş aylıq 60 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşağın artan tələbatları konteksində ou əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin - iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 150 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay 150 manat miqdarında artırılması hissəsində təmin edilməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 220 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, iddiaçının özünün də işləyərək əməkhaqqı almasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli “X5 X11” barədə protokoldan görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi mediasiya xərcinin digər formada ödənilməsinə dair qeyd-şərt və ya mediasiya xərclərinin bərabər şəkildə bölüşdürülməsini istisna edə hər hansı hal müəyyən edilmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 25 mart 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 150 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(025)-425/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 25 mart 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 150 (bir yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 25 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar