Məhkəmə qərarları › İş №2(025)-1344/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1344/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1344/2022 16.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xəqani oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Xəqani oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh Xəqani oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəqani oğlundan 2000 (iki min) manat pulun tutulub ona ödənilməsi, habelə məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır. Cavabdeh ondan borc pul istəmişdir və tanış olduğuna görə ona borc pul verməyə razılaşdı. Belə ki, cavabdeh xx.xx.2021- ci ildə 2000 (iki min) manat borc pul verdi. Cavabdeh həmin borcu 5 ay müddətində qaytarmağı vəd edib. Pulu alması və 5 ay müddətində qaytarmaq barədə yazılı qəbz verib. Qeyd olunanlara əsasən cavabdehdən 2000 (iki min) manat pulun tutulmasını tələb edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Xəqani oğlu məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 16 dekabr 2021-ci il tarixdə imzalanmış qəbzə əsasən Cavabdeh Xəqani oğlu sürücülük vəsiqəsi almaq məqsədi ilə İddiaçı adına 2000 (iki min) manat borc götürmüşdür. O, borc məbləğini İddiaçı 5 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 16 dekabr 2021-ci il tarixdə 2000 manat məbləğində borc vermiş, cavabdeh borc məbləğini İddiaçı 5 ay ərzində qaytarmağı öhdəsinə götürmüş və bu barədə tərəflər arasında qəbz imzalanmışdır. Verilən borc məbləği hələ də ödənilmədən qalmaqdadır. Hazırda iddiaçı Cavabdeh Xəqani oğlundan 2000 (iki min) manat pulun tutulub ona ödənilməsi, habelə məhkəmə xərclərinin cavabdehə aid edilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh Xəqani oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, o, iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və ondan 2000 manat ödənilməmiş borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Xəqani oğlundan 2000 (iki min) manat məbləğində borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Xəqani oğlundan 2000 (iki min) manat məbləğində borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar