Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1364/2022 15.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşağa sabit pul məbləğində 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2015-ci il tarixdə Fatimə, xx.xx.2017-ci il tarixdə Raim adlı övladları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X12 iddiaçı – anaları X4 yanında saxlanılmışdır. Həmçinin həmin qətnamə ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadk saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Halhazırda qızı Fatimənin 7, oğlu Raimin isə 5 yaşı var. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çətir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya Etiraz: Cavabdeh poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Etiraz ərizəsi isə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı iki övladları var. İddiaçı iddia tələbi ilə nikahları pozulmuş və birgə nikahdan doğulan uşaqlarının saxlanması üçün hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat alimentin ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxmışdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-584/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi əsasında hər uşaq üçün hər ay 100 manat ödəyir. Bundan əlavə övladlarının bütün xərclərini özü ödəyir. Bütün sosial problemlərini, sağlamlıqlarında yaranan problemləri özü həll edir. Hazırki iddiada iddiaçı “alimentin artırılmasına dair” iddia tələbində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat alimentin ondan alınaraq ona ödənilməsini tələb etmişdir. O, hal-hazırda "xxxx" MTK-da fəhlə vəzifəsində çalışır və hər ay 400 manat əməkhaqqı alır. Həmin məbləğin 200 manatını hal-hazırda uşaqlarının saxlanılması üçün aliment ödəyir. Bundan əlavə bildirir ki, ailələrinin sosial şəraitini yaxşılaşdırmaq üçün birgə nikah dövründə "xxxx" ASC-dən birgə nikah dövründə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında 5000 manat kredit götürmüşdür. Hər ay 267 manat kredit ödənişi edir. Həmin kreditin ödənişlərini etməkdə çətinlik çəkir. Baxmayaraq ki, həmin krediti ailələrinin sosial problemlərini həll etmək üçün götürmüşdür, lakin hazırda cavabdeh həmin kreditin ödənilməsində ona heç bir köməklik göstərmir, əksinə, çalışır ki daha çox ondan aliment alsın. Aldığı 400 manat əməkhaqqından 200 manat aliment ödədikdə, 267 manat kredit ödənişinə pul çatdıra bilmir, bundan başqa qalan pul onun minimum yaşayını ödəmir. Hazırda valideynlərinə də o baxır. Bütün bu xərclər onun üzərində qalmışdır. Bu səbəbdən də iddiaçının ondan tələb etdiyi 2 uşaq üçün 386 manat alimenti ödəyə bilmir. Düşünür ki, alimentin miqdarı dəyişilmədən, yəni hər uşaq üçün 100 manat olaraq saxlanılmalıdır. Ya da alimentin məbləği əmək haqqının 1/3 hissəsinə yönəldilməlidir. Bu səbəbdən bildirir ki, əgər iddiaçının iddia tələni təmin edilsə, o, iddiaçıya vaxtı-vaxtında aliment ödəyə bilməyəcəkdir. Beləliklə, iddia tələbinin rədd edilməsini və alimentin miqdarının dəyişilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, hal-hazırda Qəbələ rayonu Hacallı kəndində “Yeni market”də işləsə də, uşaqlar üçün verilən noyar tətilindən sonra işdən çıxacaqdır. Buna səbəb əvvəl valideynləri ilə yaşaması və uşaqlarını valideynlərinin məktəbə aparması olmuşdur. Lakin valideynləri ona ev tikərək ayrı evə çıxartdıqlarından işdən çıxmaq məcburiyyətindədir. Göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, hər uşaq üçün ayda 100 manatdan çox aliment ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı X10 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı - anaları X4 yanında saxlanılması, Cavadov Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 585586 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 03 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 802481 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 02 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 23 dekabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 378652 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikahın pozulması 20 noyabr 2020-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 88 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Zeynalova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmilli kənd İƏD tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Böyük Əmilli kəndindədir və həmin kənddə yaşayır. İşdə olan “Mediasiya prosesinə xitam verilməsi Barədə” 26 avqust 2022-ci il tarixli, MŞİH 00495 nömrəli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyinə görə mediasiya prosesinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.6-cı maddəsinə uyğun olaraq “Mediasiya prosesinə xitam verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X12 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)- 584/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı X10 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı - anaları X4 yanında saxlanılması, Cavadov Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün 193 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, hal-hazırda rəsmi əmək haqqının 400 manat olduğunu, o cümlədən birgə nikah dövründə aldığı krediti ödəyini və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə hər ay hər bir uşağa təyin edilmiş 100 manat aliment həmin uşaqların yaşının və bu xüsusda aradan keçən 2 il ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin hər ay 400 manat əmək haqqı alması halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 100 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə alimentin miqdrı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, aliment təyin olunan 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 170 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2022-ci il üçün isə bu məbləğ 193 manat təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı heç bir yerdə işləmir və hər hansı qazancı (gəliri) yoxdur. Lakin cavabdeh, ödənilməyən alimenti borcu nəzərə alınmaqla yalnız təyin olunmuş aylıq hər bir uşaq üçün 100 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan 2 ildən artıq müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 150 manat, iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay hər bir uşaq üçün 150 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər bir uşağa görə 150 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 386 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 32 (otuz iki) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1364/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1364/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver