Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-137/2023 28.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi, 23000 (iyirmi üç min) manat əsas borcun, 28050 (iyirmi səkkiz min əlli) manat əldən çıxmış faydanın, dövlət rüsumu qismində ödənilmiş 245 (iki yüz qırx beş) manat və vəkilə iddia ərizəsinin tərtibi, lazımi sənədlərin toplanması, birinci məhkəmə instansiyasında hüquqi yardım və digər hüquqi xidmətlər üçün ödənilmiş 500 (beş yüz) manat, cəmi 51795 (əlli bir min yeddi yüz doxsan beş) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonun Xaçmaz Qışlaq kəndində yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 ildir tanıyır. Cavabdeh1 qəssablıqla, Cavabdeh2 isə heyvan alıb satmaqla məşğul olur. Əvəllər onlar bir neçə dəfə iribuynuzlu heyvan aldıqları üçün münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayında onlar müraciət edərək işlərini böyütmək üçün onlara 20.000 (iyirmi min) manat borc pul verilməsini xahiş etmişlər. Qeyd edilən müddətdə həmin şəxslərə heyvan alış-verişi etdiyi üçün onlara borc pul vermək qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında günü dəqiq yadında qalmayan tarixdə Qəbələ rayonunda cavabdehlərə 13.000 (on üç min) manat, bir həftə sonra isə Cavabdeh1 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Həmin pulu Yunusa verdikdən sonra Ayazla telefon vasitəsi ilə əlaqə saxlayanda Ayaz ona 7000 manatla bağlı heç bir problem olmadığını, işlərini görüb qurtardıqdan sonra 3-4 ay ərzində cəmi 20000 manat pulu tam şəkildə qaytaracaqlarını ona demişdir. Cavabdehlərlə münasibətləri yaxın olduğu üçün nə vaxt imkanları olsa pulu qaytara bildiklərini onlara demişdir. Bundan sonra da cavabdehlərə aralarında mal alış-verişi olmuş, onlar yenə heyvan alıb satdıqdan sonra pulu vermişlər. Bu alış-verişlərdən də cavabdehlərin ona əlavə 3000 manat borcları yaranmışdır. Beləliklə, cavabdehlərin ona 23000 manat məbləğində borcları yaranmışdır. Bundan bir müddət sonra cavabdehlərin ona olan bu borclarını verməyi gecikdirdikləri üçün aralarında narazılıqlar yaranmışdır. Cavabdehlərə borclarının qaytarılması barədə təkid etdikdə onlar pul borclarının olmadığını, bu barədə aidiyyəti üzrə şikayət edəcəyini bildirdikdə isə pulun onlara sələmə verdiyini deyərək məsuliyyətdən yaxa qurtaracaqlarını bildirmişlər. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Qeyd edilən məsələ ilə bağlı Cavabdeh1 Qəbələ rayon polis çöbəsində izahat verərək ona 20000 manat borcun olduğunu etiraf etmiş, Cavabdeh2 isə bu məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, 2020-ci ilin noyabr ayında Cavabdeh1 borcu olduğuna görə ondan 20000 manat borc pul almağı istədiyini, Qəbələ rayonu Uludaş kəndində Yunusa 13.000 manat pul verildiyini,7000 manat pulun Yunusa harada verildiyindən məlumatının olmadığını və görmədiyini, pulun Yunus tərəfindən alındığını və ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bildirir ki, o, belə bildirsə də qeyd edilən məbləği cavabehlərin birlikdə ona müraciət etməsi nəticəsində 13000 manatı Ayazın yaşadığı Qəbələ rayonu Uludaş kəndində hər iksinin iştirakı ilə Cavabdeh2, 7000 manatı isə bir həftə sonra Oğuz rayonunda Cavabdeh1 vermişdir. Həmin pulu o, Yunusa verəndən dərhal sonra Ayaz Məmmədov telefon vasitəsi ilə ona bu məsələdən xəbərdar olduğunu, heç bir problem olmadığını, işlərinin qaydaya salandan sonra borcu qaytaracağını bildirmişdir. Onun özü iribuynuzlu mal-qara alıb böyüdüb sataraq qazanc olaraq bir baş 2-3 aylıq dananı 400-450 manata satın alır, 6-7 ay bəsləyib ən azı 1200-1300 manata satır.Cavabdehlərə verdiyi 20000 manat və onların iribuynuzlu mal alış-verişindən ona borclu olduqları 3000 manat, cəmi 23000 manat pula keçən müddət ərzində bir dəfə belə hər biri ən çoxu 450 manatdan ən azı 51 baş dana alıb, 9 ay bəsləyib ən azı 1200 manata sataraq, hər baş danaya 9 ay bəsləmək üçün ən çoxu 200 manat xərci çıxsa belə 51 x 550 =2 8.050 manat qazanc əldə edə bilərdi. Bu əməliyyatı keçən müddət ərzində bir neçə dəfə təkrar edə biləcəyi halda cəmi bir dəfənin qazancını hesablamışdır. Cavabdehlərin ona borclu olduqları 23.000 manat pulu vəd etdikləri müddətdə qaytarmadıqlarına görə bu qazancdan məhrum olmuşdur. O, 245 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması, təmsil və digər hüquqi yardımlar üçün vəkilə 500 manat pul ödəmişdir. Nəticədə onun maddi mənafeyinə cəmi 23000 + 28.050 + 500 + 245 = 51.795 manat maddi ziyan dəymişdir. Buna görə də bu məsələ ilə əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Oğuz rayon sakini İddiaçı ayrı-ayrı vaxtlarda cəmi 4 baş heyvan almışdır. Həmin heyvanların pulunu ona vermişdir. Borclarının altından çıxmaq üçün İddiaçı borc pul istəmişdir. Buna görə də Sadiq ona ayda 600 manat məbləğində pul ödəmək şərti ilə 20000 manat faizə pul vermişdir. 2018-ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi həmin pulu Sadiqə qaytarmışdır. Onun İddiaçı borcu qalmamışdır. Cavabdeh2 bu işlərdə heçbir rolu olmamışdır. Sadiq borcu yalnız onun özünə vermişdir, Ayaza borc verməmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, təxminən 5-6 ildir iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Cavabdeh1 uşaqlıq vaxtından tanıyır. Yunus qəssablıqla məşğul olduğu üçün bir neçə dəfə iribuynuzlu heyvanlar satmış, lakin onunla heç bir ortaqlığı olmamışdır. 2020-ci ilin noyabr ayında günü yadında qalmadığı vaxtda Yunus ona bir neçə şəxsdən nisyə heyvan alaraq satdığını və buna görə borcunun yarandığını, bu səbəbdən də Oğuz rayon sakini İddiaçı faizə pul aldığını, həmin pula heyvan alaraq kəsməklə satacağını və borclarını ödəyəcəyini bildirmişdir. Buna görə də 2020-ci ilin noyabr ayında Yunus Sadiqdən ayda 600 manat faiz olmaqla 20000 manat pul almaq qərarına gəlmişdir. Həmin pulun 13000 manatını Sadiq Qəbələ rayonun Uludaş kəndinə gələrək Yunusa onun iştirakı ilə vermişdir. 7000 manat pulu isə Sadiqin Yunusa harada və nə vaxt verməsindən onun məlumatı olmamış və bunu görməmişdir. Onun özü İddiaçı pul almamış, pulu Cavabdeh1 aldığı üçün ona heç bir aidiyyəti yoxdur. Qeyd olunan xüsusatlara əsasən də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, qəssəblıqla məşğul olduğu üçün Cavabdeh1 tanıyır. Buna görə də cavabdehin İddiaçı borcunun olduğu barədə məlumatı vardır. X5 borcunun məbləğini, onun borcunu qaytardığını bilmir. X4 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, özü də qəssab kimi fəaliyyət göstərdiyi üçün Cavabdeh1 tanıyır. Yunusun Sadiqə borcunun olduğu barədə məlumatı olsa da həmin borcun nə qədər olduğunu və həmin borcu qaytardığı barədə heç nə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X1 04 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qaldırılaraq icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 Oğuz rayon sakini İddiaçı ayrı-ayrı vaxtlarda cəmi 4 baş heyvan aldığını, borclarının altından çıxmaq üçün ondan borc pul istədiyini və Sadiqin ona 20000 manat məbləğində hər ayda 600 manat ödəmək şərti ilə pul verdiyini etiraf etmişdir. İşdə olan X1 04 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət işi üzrə Cavabdeh2 da verdiyi ifadəsində təxminən 5-6 ildir iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu, 2020-ci ilin noyabr ayında Yunusun Sadiqdən ayda 600 manat faiz olmaqla 20000 manat pul almaq qərarına gəldiyini, həmin pulun 13000 manatını Sadiq Qəbələ rayonun Uludaş kəndinə gələrək ona vermdiyini, 7000 manat pulu isə Sadiqin Yunusa harada və nə vaxt verməsindən onun məlumatı olmadığını və bunu görmədiyini, özünün İddiaçı pul almadığını və pulu Cavabdeh1 aldığı üçün ona heç bir aidiyyətinin olmadığını göstərmişdir. İşdə olan Oğuz şəhər bazarının xx.xx.2022-ci il tarixli 27 saylı arayışında 2022-ci ilin əvvəllərində bir baş xüsusi cins 2-3 aylıq dananın alış qiymətinin 400-450 manat olduğu, hazırda isə yaxşı bəslənmiş həmin cür 09-10 aylıq iri buynuzlu heyvanın qiymətinin 1200-1300 manat təşkil etdiyi qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş nömrəsi 26154, terminal nömrəsi 1410 olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ona gösrətilən hüquqi yardıma görə Vəkil 500 manat məbləğində ödəniş etmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X1 icraatında Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 Oğuz rayon sakini İddiaçı 20000 manat borc pul aldığını etiraf etmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 da verdiyi ifadəsində İddiaçı Cavabdeh1 20000 manat məbləğində pul verdiyindən məlumatının olduğunu bildirmişdir.. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında yaranmış borc müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 20000 (iyirmi min) manat məbləğində borcun yaranması, həmin pulun iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. İddiaçı Cavabdeh2 qarşı da eyni iddia tələbi ilə çıxış etsə də onun həmin cavabdehlə borc pula dair hüquq münasibətlərində olması və sonuncunun üzərinə hər hansı borcun ödənilməsinə dair öhdəliklərin götürməsi sübuta yetməmişdir. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilə bilməz. Göstərilən xüsusatlara və qanunvericiliyin şərh olunan tələblərinə əsasən iddia tələbi həmin hissədə və Cavabdeh1 münasibətdə təmin edilməlidir. Cavabdeh1 həmin pulu iddiaçıya qaytardığını bildirsə də etirazının əsası olaraq istinad etdiyi heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də onun iddiaçıya olan borcunu qaytarmasına dair verdiyi izahatındakı xüsusatlara tənqidi yanaşan məhkəmə hesab edir ki, Cavabdeh1 öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda üzərinə düşən öhdəliklərin icrasından yayınmaq məqsədi ilə mülki işin məhkəmə araşdırılması zamanı bu cürə ifadələr vermişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində 20000 manat borcdan əlavə olaraq iribuynuzlu mal alış-verişindən ona borclu olduqları 3000 (üç min) manat borcun, 28.050 (iyirmi səkkiz min əlli) manat əldən çıxmış faydanın da müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə iddia tələbini irəli sürmüşdür. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən həmin məbləğlərə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində borc, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və 245 (iki yüz qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə 245 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində borc, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və 245 (iki yüz qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-137/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-137/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver