Məhkəmə qərarları › İş №2(025)-1383/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1383/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1383/2021 09.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 17728,14 (on yeddi min yeddi yüz iyirmi səkkiz dollar 18 sent) ABŞ dolları əsas borc, 9697,97 (doqquz min altı yüz doxsan yeddi dollar 97 sent) ABŞ dolları faiz borcu, 22641,77 (iyirmi iki min altı yüz qırx bir dollar 77 sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 50067,88 (əlli min altmış yeddi dollar 88 sent) ABŞ dolları və 30 AZN məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26 noyabr 2021-ci il tarixdə İddiaçı BOKT ASC nümayəndəsi Nümayəndə3 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Əliyeva küçəsi, ev 3 304 saylı mənzilə dair tərəflər arasında ipoteka müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması; Cavabdeh 17728,14 (on yeddi min yeddi yüz iyirmi səkkiz dollar 18 sent) ABŞ dolları əsas borc, 9697,97 (doqquz min altı yüz doxsan yeddi dollar 97 sent) ABŞ dolları faiz borcu, 22641,77 (iyirmi iki min altı yüz qırx bir dollar 77 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50067,88 (əlli min altmış yeddi dollar 88 sent) ABŞ dolları və 30 AZN məbləğində dövlət rüsumunun tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.11.2015-ci il tarixli, reyestr nömrəsi **********54-05301-093020, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi qadağan olunması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadından Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli 2(107)-1844/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ləğv edilmiş, mülki işin yenidən araşdırılıb baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərardadı ilə İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı İddiaçı BOKT ASC-nin iddianı təmin etmək tədbirləri haqqında ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10.11.2021-ci il tarixli 2(107)-2181/2181 nömrəli qərardadı ilə İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2(025)-1383/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmış, qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minməsi qərara alınmışdır. 02.12.2021-ci il tarixdə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə (vəsatət) göndərərək, mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 08.12.2021-ci il tarixdə İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 məhkəməyə elektron qaydada ərizə göndərərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qəbul olunana qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 vəsatətini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəsatət təmin edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı "İddiaçı BOKT ASC VÖEN **********, Cavabdeh VÖEN **********). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, Cavabdeh kredit “biznesin inkişafı” məqsədilə verilmişdir. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri İddiaçı BOKT ASC hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. (0490/16 nömrəli kredit müqaviləsi). Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda məhkəmə İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 “iş üzrə icraatın dayandırılması” barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməli və həmin məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatətə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar