Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1389/2022 21.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş yetkinlik yaşma çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşağa sabit pul məbləğində 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2015-ci il tarixdə Həvva, xx.xx.2016-ci il tarixdə Əsma adlı övladları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Zarağan kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il oktyabrın 14-da qeydə alınmış 20 nömrəli nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X5 iddiaçı - anaları İddiaçı yanında saxlanılmışdır. Həmçinin həmin qətnamə ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (yüz atmış) manat aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Hal-hazırda qızı Həvvanın 7, Əsmanın isə 5 yaşı var. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1522/2019 nömrəli qətnaməsi ilə hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (yüz atmış) manat aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Hal-hazırda yalnız həmin miqdarda aliment ödəməyə gücü çatır. Belə ki, heç bir yerdə işləmir, İİ qrup əlildir, talassemiya xəstəliyindən əziyyət çəkir. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-1522/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Zarağan kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il oktyabrın 14-da qeydə alınmış 20 nömrəli nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X5 iddiaçı - anaları İddiaçı yanında saxlanılmışdır. Həmçinin həmin qətnamə ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (yüz atmış) manat aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu Zarağan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 827151 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2016-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 40 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu Zarağan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 610256 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 35 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 17 avqust 2022-ci il tarixdə verilmiş AZ-İ №378728 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 21 yanvar 2020-ci il tarixdə xitam verilmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında 85 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə Mirzalıyev, qadına Mirzalıyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından (çap tarixi xx.xx.2022) görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)- 1522/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Zarağan kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il oktyabrın 14-da qeydə alınmış 20 nömrəli nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X5 iddiaçı anaları İddiaçı yanında saxlanılmışdır. Həmçinin həmin qətnamə ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (yüz atmış) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşağa sabit pul məbləğində 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğinin Cavabdeh tutulmasını tələb edir. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 80 manat miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay hər uşaq üçün 100 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 24 sentyabr 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 24 sentyabr 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1389/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1389/2022
21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver