Məhkəmə qərarları › İş №2(025)-140/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-140/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-140/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X3, cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh1 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 malın satışından qalan 800 (səkkiz yüz) manat məbləğində borc pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə övladının müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğundan, ona məxsus 1 baş cins inəyini atası X9 və sürücü olan tanışı X7 ilə birlikdə Qəbələ rayonu, Nic qəsəbəsindəki heyvan satışı üçün bazara aparmış və Cavabdeh1 1300 (bir min üç yüz) manata satmışdır. Cavabdeh1 1300 manatdan ilkin olaraq 500 manatını ödəmiş, qalan 800 (səkkiz yüz) manatını isə 1 ay ərzində ödəyəcəyinə söz vermişdir. Əvvəl razı olmamış, lakin sonradan onun yanında olan atası Cavabdeh1 atasını əvvəllər Qəbələ RPŞ-də işlədiyi üçün tanıdığından, mobil telefon ilə zəng eləyərək digər Cavabdeh2 ilə əlaqə saxlamış və sonuncu “narahat olmayın, inəyi verin, ödəməzsə mən ödəyərəm” deyərək oğluna şifahi qaydada zamin durmuşdur. Cavabdehlərin səmimiliyinə inandı. Lakin 1 ay keçdikdən sonra cavabdeh inəyini alaraq ona borclu qaldığı pulu ödəmədiyindən onun yaşadığı ünvana gedərək borclu qaldığı 800 manat pulu və ya inəyini istədikdə, inəyi satdığını bildirdi, borclu qaldığı pulu indi imkanı olmadığından yay aylarında taxıl və ot biçimi olduqdan sonra, qeyd etdiklərini satıb ödəyəcəyinə söz verdi. Yenə də o cavabdehin səmimiyyətinə inanaraq gözləməli oldu. Yay aylarında isə o, Cavabdeh1 yaşadığı ünvana gedərək borcunu istədikdə “taxılı və ot bağlamalarını sataraq digər borclarını ödədiyindən, pulum yoxdu, borcu verə bilməyəcəm” demişdir. Ondan sonra aldadıldığını bildiyindən xx.xx.2020-ci il tarixində Qəbələ RPŞnə ərizə ilə müraciət etdim. xx.xx.2020-ci il tarixində Polis şöbəsində araşdırma aparılan zaman Cavabdeh1 Qəbələ RPŞ-nin rəis müavini Aləddin müəllimin yanında olarkən onun atası Cavabdeh2 ilə mobil telefon ilə əlaqə saxlanılmış və o özünə məxsus avtomobili sataraq oğlunun borcunu ödəyəcəyini, həmçinin özü də fındıq meyvəsini sataraq ödəyəcəyini bildirmişdir. Ona görə də cavabdeh ilə barışaraq şikayətinin olmadığını bildirdi və gözləməli oldu. Bir müddət keçdikdən sonra özü fındıq meyvəsini və atası avtomobilini satdığını öyrəndi və o, yenidən Cavabdeh1 yaşadığı ünvana gedərək yolda onunla rastlaşdı, ona olan 800 manat borcu tələb etdi, bu zaman mübahisə yarandı və onu nalayiq sözlərlə təhqir edərək borc pulu qaytarmayacağını bildirdi və hədələdi. DİN-nin “102” məlumat mərkəzinə müraciət edərək Cavabdeh1 etdiyi hərəkətlər barədə məlumat verdi. Qəbələ RPŞ-də araşdırma aparıldıqdan sonra ona məktub ilə şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirdilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında göstərdi ki, İddiaçı 1300 manata 1 baş cins inəyini almışdır. Həmin pulu əkin vaxtı qaytaracağı barədə İddiaçı söz vermis, lakin pulu hımin vaxtı ödəmək alınmamışdır. İddiaçının bəhs etdiyi avtomobil bank öhdəlikləri səbəbindən həbs altında olub, borcu ödəyə bilmədiyindən avtomobili əlindən alıblar. Ümumi borcdan 500 manat ödəmişdir, qalan borcu da ödəməkdən boyun qaçırmır. İddiaçının özünə də bildirmişdir ki, qalan borcu iki ay ərzində ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini etiraf edərək izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur. İddiaçı 1 baş cins inəyini 1300 manata Şahlara satmışdır. İddiaçının atası ona zəng vuraraq bu alış-veriş barədə məlumat verib. O isə razı olmadığını bildirərək “uşağım bilər, siz bilərsiz” demişdir. Şahlar hal-hazırda heçyerdə işləmir, ona görə də borcu ödəyə bilmir. Onlar qalan borcu ödəməkdən boyun qaçırmırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin məzmununa əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinin məzmununa əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinin məzmununa əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlərə 1 baş inəyi 1300 manat qarşılığında satmış, cavabdehlər Cavabdeh1 və X5 qeyd edilən puldan 500 manat ödəmiş, qalan 800 manat pulu isə yaxın zamanda ödəyəcəyi ilə bağlı vəd vermişdirlər. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. Cavabdehlər iddiaçıya 800 manat məbləğində borclarının olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh1 və X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehlər iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və qeyd olunan pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 və X5 arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə sonuncuların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 800 (səkkiz yüz) manat məbləğində borcun yaranması öz təsdiqini tapmışdır və həmin borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və X1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdehlər İddiaçı onlara qarşı “pul” tələbinə dair iddia ərizəsini qəbul etdikləri ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 800 (səkkiz yüz) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 800 (səkkiz yüz) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar