Məhkəmə qərarları › İş №2(025)-1417/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1417/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1417/2022 16.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: borc müqavilləsi üzrə mübahisələr, borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 (beş min) manat borc pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsində yanlışlıqla cavabdehin adının X4, tələb olunan məbləğin 5000 manat kimi göstərdiyini, iddia ərizəsinin “xahiş etdi” hissəsinin “Cavabdeh 4740 (dörd min yeddi yüz qırx) manat borc pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi” kimi oxunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli “Kredit Müqaviləsi” əsasında tərəfindən cavabdehə 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində borc pul verilmişdir. Pulun verilməsi notariat kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsi ilə qeydə alınmışdır. Həmin pul xx.xx.2022-ci il tarixədək geri qaytarılmalı olduğu halda, cavabdeh öz öhdəliklərini icra etməmiş və pulu könüllü şəkildə qaytarmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, eyni zamanda göstərdi ki, Cavabdeh əvvəlcədən tanımışdır. Əlikramın dostu olan Səbuhi adlı şəxs onlara “şurub” alverinə girməyi təklif etmişdir. O isə bunun üçün onlara pul verəcəyini, Əlikramı tanıdığından alverə Əlikram nəzarət edəcəyini, Səbuhi adlı şəxsin isə sürücülük edəcəyini təklif etmişdir. Həmçinin alverin qazanc gətirəcəyi halda qazanclarını böləcəklərini, əks təqdirdə isə onlara verdiyi pulu geri alacağını bildirmişdir. Onunla razılaşmışlar və belə olub icarəyə avtmobil götürərək Səbuhi adlı şəxsə vermiş, həmçinin alverə başlamışlar. Alverə başlayandan sonra xeyli pul xərcləsə də, Əlikram və onun tanışı Səbuhi alveri batırmışdır. Belə olub onlardan pulunu tələb etmiş, Əlikram və Səbuhi ona pul qaytarmaları barədə izahat vermişlər. Lakin sonradan Əlikram həmin izahatın heç bir əhəmiyyət daşımadığını bildirdiyindən, prokurorluğa şikayət etmişdir. Belə olub aralarında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Məhkəmədən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək çıxışında göstərmişdir ki, Elman, o və tanışı Səbuhi şurub alverinə başlamaq qərarına gəlmişlər. Bu məqsədlə Elman onlara pul vermişdir. Həmçinin alver etmək üçün Səbuhiyə maşın alınaraq verilmişdir. Alverlərləri istədiyi kimi getməmiş, avtomobil isə xarab olmuşdur. Beləliklə, Elman onlardan ticarət üçün qoyduğu pulu tələb etmişdir. O, kredit müqaviləsi bağlamamışdan əvvəl Elmana 2400 manat pul vermişdir. Kredit müqaviləsi bağlanandan sonra isə Elmana heç bir ödəniş etməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 02 dekabr 2021-ci il tarixdə Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-170 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 4740 manat 00 qəpik (dörd min yeddi yüz qırx) məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2022-ci il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Bildirişdən (Pretenziya) görünür ki, Cavabdeh 1 (bir) ay müddətinə borcu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilədə nəzərdə tutulmuş 4740 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh oğu müqavilə üzrə iddiaçıdan pul almadığını, birlikdə ticarətə girdiklərini, ticarətə Elman tərəfindən xərclənən puldan 2400 manat qaytardığını, lakin kredit müqaviləsi bağlandıqdan sonra heç bir ödəniş etmədiyini göstərmişdir. Həmçinin Cavabdeh əlavə olaraq izahatında kredit müqaviləsini qorxaraq bağladığını qeyd etmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli yazılı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 4740 manat məbləğində borc pul almış və o, həmin borcu xx.xx.2022-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən borc məbləği cavabdehin borcu xx.xx.2022-ci il tarixə qədər qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz notarial qaydada tərəflər arasında imzalanmış kredit müqaviləsində öz əksini tapmışdır. Bundan başqa, cavabdeh kredit müqaviləsinin müəyyən təsirlər altında (qorxu) imzalamasını bildirsə də, bunu təsdiqləyən faktları, qorxunun nədən ibarət olmasını göstərə bilməmişdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının həmin şərtdən kənara çıxan (kredit müqaviləsinin qorxu altında bağlanmasına dair) tələbi əsassız sayılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 33-cü bəndində göstərilmişdir ki,məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Göründüyü kimi Cavabdeh 02 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin iradəsinin zədələnməsi yolu ilə bağlanmasını sübuta yetirə bilməmişdir. Həmin Qəradadın 34-cü bəndində göstərilmişdir ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.Hazırki iş üzrə də Cavabdeh 02 dekabr 2021-ci il tarixli kredit müqaviləsini mübahisələndirməmişdir. Həmin Qərardadın 46-cı bəndində göstərilmişdir ki, İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır.Hazırkı işdən də göründüyü kimi, Cavabdeh 02 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsızlığına dair hər hansı etiraz, qarşılıqlı iddia və s. sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli kredit müqaviləsi etibarlıdır və həmin müqavilənin etibarsızlığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 68 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində borc və 67,4 (altmış yeddi manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4807,4 (dörd min səkkiz yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində borc və 67,4 (altmış yeddi manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4807,4 (dörd min səkkiz yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar