Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-142/2022 17.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2049.81 manat əsas borc, 6.25 manat faiz borcu və 1.70 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2057.76 manat borcun və 40.58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Orucəli oğlu 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 2510 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 19-dək Cavabdeh Orucəli oğlunın banka 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2049.81 AZN əsas borc, 6.25 AZN faiz, 3.4 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2059.46 AZN borcu vardır. Cavabdeh Orucəli oğlunın 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 3.40 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1.70 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini, həmçinin 16.02.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəni müdafiə edərək izahatında bildirdi ki, onlar tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra Cavabdeh tərəfindən kredit borcu üzrə ümumən 55 manat ödəniş etmişdir. Həmin məbləğ əsas borcdan çıxılmışdır. Odur qeyd olunan ödənişin nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, 28.10.2019-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 2510 manat məbləğində kredit almışdır. Maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Bank tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra o, kredit borcu üzrə 19.01.2022-ci il tarixdə 55 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 28.10.2019-cu il tarixli 5-Y-2-0-429-15 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 2510 manat məbləğində illik 1 % olmaqla 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 28.10.2019-cu il tarixli 5-Y-2-0-429-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 2510 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə 1 il güzəşt müddəti tətbiq edilməklə aylıq 53.37 manat, son ayda isə 53.18 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28.10.2019-cu il tarixli 5-Y-2-0-429-15 nömrəli kredit müqaviləsi üzrə 2049.81 manat əsas borcu, 6.25 manat faiz borcu, 3.40 cərimə borcu olmaqla, cəmi 2059.46 manat borcu vardır. İş materiallarında olan 28.10.2019-cu ildən 16.02.2022-ci ilədək olan tarix aralığını əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra – 19.01.2022-ci il tarixdə 55 manat məbləğində kredit ödənişi həyata keçirmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 03.11.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 2049.81 manat əsas borcun bir hissəsi Cavabdeh tərəfindən ödənildiyindən onun məbləği azaldılmalı, 1994.81 manata endirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 19.11.2021-ci il tarixə Cavabdeh faiz borcu 6.25 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə 6.25 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 1 manat 70 qəpik cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1 manat 70 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1 manat 70 qəpik məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40.58 (qırx manat əlli səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 1994 manat 81 qəpik əsas borc, 6 manat 25 qəpik faiz borcu və 1 manat 70 qəpik cərimə borcu olmaqla, cəmi 2002 manat 76 qəpik kredit borcu və 40.58 (qırx manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh 1994 manat 81 qəpik əsas borc, 6 manat 25 qəpik faiz borcu və 1 manat 70 qəpik cərimə borcu olmaqla, cəmi 2002 manat 76 qəpik kredit borcu və 40.58 (qırx manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-142/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-142/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver