Məhkəmə qərarları › İş №2(025)-1438/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1438/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1438/2021 05.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 05 iyul 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5767.08 manat məbləğində əsas borcun, 1903.25 manat məbləğində faiz borcunun, cəmi 7670.33 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 23% olmaqla 6500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 05 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, İddiaçı ASC-dən 6500 manat məbləğində kredit götürmüşdür. Bu məbləği 4 il müddətində hissə-hissə olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət ödənişləri həyata keçirsə də, işsiz, maddi imkanı zəif olduğundan ödənişlərin qalanını həyata keçirə bilməmişdir. Hazırda işləyir, qalan borcu yalnız hissəhissə ödəyə bilər. Odur ki iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 05 iyul 2019-cu il tarixli CC/10363/70/13 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 6500 manat məbləğində illik 23 % olmaqla 48 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 05 iyul 2019-cu il tarixli CC/10363/70/13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 6500 manat məbləği illik 23 %-lə, 48 ay müddətinə aylıq 208.33 manat, sonuncu ay isə 212.98 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh əsas borcunun 5767.08 manat və faiz borcunun 1903.25 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 5767.08 manat və faiz borcu üzrə isə 1903.25 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 5767 manat 08 qəpik əsas borc və 1903 manat 25 qəpik faiz borcu olmaqla, cəmi 7670 manat 33 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh 5767 manat 08 qəpik əsas borc və 1903 manat 25 qəpik faiz borcu olmaqla, cəmi 7670 manat 33 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli müqavilə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar