Məhkəmə qərarları › İş №2(025)-1488/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1488/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1488/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1300 (bir min üç yüz) manat borc, 322 (üç yüz iyirmi iki) manat kredit faizi qismində ödəməli olduğu, 300 (üç yüz) manat gediş-gəliş üçün çəkdiyi xərclər, 100 (bir yüz) manat hüquqi yardım üçün vəkilə və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş, cəmi 2052 (iki min əlli iki) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Oğuz rayon Mollalı kəndində yaşayır. Şəxsi təsərrüfatında qoyun quzu saxlayır. 2020-ci ilin dekabrında Ağdaş rayon Tofiqli kəndində yaşayan Tehran adlı şəxsdən 10 baş boğaz qoyun almışdı. Qoyunların dəyəri olan 1500 manat pulu 2021-ci ilin aprel ayının axırında ödəməliydi. Keçən müddət ərzində qoyunlardan 7 başı balalamışdı. O, 3 baş quzunu satmış, 2021-ci ilin aprel ayının əvvəllərində təsərrüfatında 8 baş qoyun 4 baş quzu olmaqla cəmi 12 baş qoyun-quzu qalmışdı. Tehrana olan 1500 manat borcunu ödəmək üçün həmin qoyun və quzuları satmaq istəyirdi. Bu məqsədlə müxtəlif qəssablara onda satılıq qoyun-quzu olmasi və həmin qoyun-quzuları satmaq istədiyini demişdi. 07 aprel 2021-ci il tarixdə əvvəldən tanımadığı Qəbələ rayon Qəmərvan kənd sakini Cavabdeh ona zəng edərək ətlik heyvan alıb kəsib satmaqla məşğul olduğunu, onda satılıq qoyun-quzu olması barədə eşitdiyini bildirdi, həmin qoyun və quzuları ona satmağı təklif etdi. Cavabdeh heyvanların pulunu bir həftə ərzində nəqd şəkildə ödəyəcəyini dedi. O da 12 baş qoyunquzuyu ona bazar qiymətinə satmağa razılıq verdi. 07 aprel 2021-ci il tarixdə axşam saatlarında Cavabdeh Qazel markalı avtomobillə başqa tanımadığı bir nəfərlə birlikdə onlara gəlib 8 baş qoyun və 4 baş quzunu həmin avtomobilə yükləyib apardı. Qeyd edilən heyvanlara görə Cavabdeh ona ən geci bir həftə ərzində cəmi 1300 manat pul ödəməli idi. Heyvanları aparandan bir həftə keçdikdən sonra o, həmin məbləği tələb edəndə Cavabdeh heyvanların pulunu səhəri gün verəcəyini bildirdi. O, bundan sonra 4 ay ərzində dəfələrlə cavabdehrə zəng etdi, pulunu tələb etdi, heç bir nəticəsi olmadı. Bu müddət ərzində Cavabdeh Qəbələ şəhərində yerləşən ət dükanına gedərək ondan pulunu tələb etmişdir. O, hər dəfə müxtəlif bəhanələrlə pulunu verməkdən yayınmışdır. O, bundan sonra şikayət ərizəsi ilə Oğuz Rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh barəsində qanuni tədbir görülməsini tələb etdi. Cavabdeh şikayəti ilə bağlı Oğuz Rayon PŞ-nə çağırılaraq yazılı izahatı alınmış, onda olan məlumata görə o yazılı izahatında ondan 12 baş xırda buynuzlu heyvanları aldığını, heyvanların dəyəri olan 1300 manat pulu isə ona ödəmədiyini etiraf etmişdir. Hazırda isə Cavabdeh ona olan 1300 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Cavabdeh ondan aldığı qoyun quzuların pulunu dediyi vaxtda ödəmədiyindən o, Tehrana olan borcunu ödəmək üçün məcburiyyət qarşısında qalaraq 17 aprel 2021-ci iİ tarixdə "xxxx" Bank olmayan kredit təşkilatı MMC-dən 1570,00 manat məbləğində kredit almalı olmuşdur. Bu kreditin alınması ilə əlaqədar faiz qismində həmin təşkilata 322 manat məbləğində əlavə pul ödəməlidir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması, hüquqi yardım üçün vəkilə 100 (bir yüz) manat pul ödəmişdir. Bundan əlavə yaşadığı Oğuz rayon Mollalı kəndindən Qəbələ şəhərinə ən azı 20 dəfə, hər dəfə 15 manat xərc çəkməklə gedib cavabdehdən pulunu tələb etmiş, bununla əlaqədar ən azı 300 manat məbləğində xərc çəkmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 07 aprel 2021-ci il tarixdə İddiaçı 12 baş qoyun-quzunu 1300 manat qarşılığında almışdır. həmin pulu 1 həftə ərzində qaytaracağı barədə vəd vermişdir. Lakin həm aylar pandemiya dövrünə düşdüyünə görə ət sata bilməmişdir, gəliri olmamışdır. Bu səbəbdən də iddiaçıya olan borcunu qaytara bilməmişdir. İddia tələbini yalnız 1300 manat pulun və yol xərci üçün çəkilmiş 300 manat pulun ödənilməsi hissəsində qəbul edir. Sonda isə cavabdeh eyni məzmunlu yazılı ərizə təqdim etdi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 12 baş qoyun-quzunu 1300 manat qarşılığında satmış və Cavabdeh borcu 1 həftə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. İddiaçı 1300 manat əsas borc, vəkilə görə ödədiyi 100 manat pulun, yol xərci üçün çəkilmiş 300 manat pulun, 322 manat faiz qismində ödənilmiş pulun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddiaçı ilə arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə iddiaçıya 1300 manat borcunun olduğunu etiraf etmişdir. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən yol xərci üçün çəkilmiş 300 manat pul vəsaitini də qəbul edir. İşdə olan 09 avqust 2020-ci il tarixli, 1236 saylı qəbzdən görünür ki, İddiaçı vəkil xidməti üçün 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 1300 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın "cavabdehdən 322 manat faiz qismində ödənilmiş pul tələbinə dair” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün 100 manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi barədə aşağıdakıları qeyd edir. İddiaçı vəkilə görə ödədiyi 100 manat pulun, yol xərci üçün çəkilmiş 300 manat pulun və ödədiyi dövlət rüsumu cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsində işə baxılması ilə əlaqədar məsrəflərə nələrin daxil olduğu göstərilmişdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndənin yə ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi yardıma çəkilmiş xərclərə görə tələb olunan 100 manat pulun və yol xərci üçün çəkilmiş 300 manat pulun cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab edir. Həmçinin İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu tutulmuş, məhkəmə hesab edir ki, həmin pul vəsaiti Cavabdeh da, tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1300 manat əsas borc, 300 manat yol xərci, 100 manat hüquqi yardıma görə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1730 (bir min yeddi yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat əsas borc, 300 manat yol xərci, 100 manat hüquqi yardıma görə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1730 (bir min yeddi yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar