Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1500/2021 14.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2006-cü il tarixli kredit müqaviləsi üzrə 1388 manat əsas borc, 2284.21 manat faiz borcu, 2713.22 manat cərimə və kredit müqaviləsi üzrə 28 sentyabr 2008 il tarixdən, 27 iyul 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 184.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 6569.58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 oktyabr 2006-cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 12000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 iyul 2021-dək Cavabdeh nun banka 02 oktyabr 2006-cü il tarixli kredit müqaviləsi üzrə 1388 manat əsas borc, 2284.21 manat faiz borcu, 2713.22 manat cərimə və kredit müqaviləsi üzrə 28 sentyabr 2008 il tarixdən, 27 iyul 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 184.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 6569.58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək məhkəməyə yazılı ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı ASC Cavabdeh qarşı 02.10.2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilməsi barədə məhkəməyə müraciət etsə də, 13 il müddət ərzində bank tərəfindən onlara heç bir xəbərdarlıq edilməyib. Ümumiyyətlə qeyd olunan kredit müqaviləsi üzrə 2007-ci il tarixdə banka olan borc ödənilmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddianın verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdir. Qeyd olunanları nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəsinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi iddiaları qəbul etmir. Belə ki, tərəfidən 27 sentyabr 2006-cı il tarixdə iddiaçının qeyd etdiyi kimi "kredit müqqaviləsinə" əsasən deyil ipoteka müqaviləsinə əsasən ünvan 2i evi ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin Qəbələ Rayon Filialından 24 ay müddətibə 12000 manat vəsait almışdır. Qeyd olunan ipoteka müqaviləsi üzrə öhtəliyi tam şəkildə təmin olunduğundan "xxxx" ASC-nin Qəbələ rayon filialının 18/09/2007-ci il tarixli, 211 nömrəli məktubu əsasında DƏDRX-nin Qəbələ Şəhər Ərazi İdarəsi və Qəbələ Rayon Notariat Kontoruna məktub ünvanlanmış, ipoteka predmeti olan və yüklü edilmiş ünvan 2i ev girovdan azad edilmişdir. İddiaçı ilə aralarında bağlanmış ipoteka müqaviləsinin bağlandığı tarixdən 15 il, öhtəliyinin təmin edilməsindən isə 14 il keçməsinə, həmçinin yüklü edilmiş ipoteka predmetinin yüklülükdən azad edilməsinə, tərəfindən 2008-ci ildə "xxxx" ASC-nin Ağdaş rayon filialında yüklü edilməsinə (DƏDRX-nin Qəbələ Rayon Ərazisinin 04 iyul 2088-ci il tarixli arayışına əsasən yüklülük və ya məhdudiyyət olmamışdır) və həmin öhtəliyin belə onun tərəfindən icra edilməsinə, borcun bağlanmasına, nəhayət onun tərəfindən həmin ipoteka predmetinin özgəninkiləşdirilməsinə, yəni satılmasına baxmayaraq iddiaçı tərəfindən hansı məntiqlə hesablanmaqla 1388 manat əsas borc daxil olmaqla, faiz, cərimə hətta əldən çıxmış fayda iddiasında olması əsassızdır. İddiaçı tərəfindən 13/11/2018-ci il tarxli "ipoteka predmetinə tutmanın yönəldilməsinə" dair ona ünvanladığı bildirişində qeyd olunan əsassız borc iddiasının olması haqda məlumatlanmış və MKR-də göstərilənlər öz əksini tapmışdır. Onun tərəfindən hələ 12 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Mərkəzi Banka, "xxxx" ASC-nə və "NikoylBank" Bərdə rayon filialına ərizə ilə müraciət edilmiş, üzərində əsassız və qanunsuz olaraq hesablanmış borcun silinməsi haqqında tədbirlər görülməsi xahiş edilmişdir. Mərkəzi Bank tərəfindən müraciəti "xxxx" MMC-nə ünvanlanmış, tərəflərindən məlumatların təchizatçıları tərəfindən təqdim edilən məlumatların yalnız texniki emal edildiyi, hər-hansı dəyişikliyin edilməsi səlahiyyət xaricində olması, məlumatlarda yanlışlıq olduğu iddiasında olduğu halda müvafiq sənədlərlə məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinin bağlandığı tarixdən 15 il, öhdəliyinin təmin edilməsindən isə 14 il keçməsinə baxmayaraq iddiaçı tərəfindən ipoteka predmeti olan müqavilənin mahiyyətindən yayınaraq (öhdəlik icra edildiyindən "xxxx" ASC-nin Qəbələ royon filialının 18/09/2007-ci il tarixli, 211 nömrəli məktubu verilmişdir) kredit borcu iddiası ilə irəli sürdüyü hər-hansı əsassız tələbi qəbul etmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında arasında bağlanan 27 sentyabr 2006-cı il tarixli 1841/850/01 saylı kredit müqaviləsinə əsasən Borc alana 12000 manat məbləğində illik 24 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 27.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 sentyabr 2006-cı il tarixli 1841/850/01 nömrəli kredit müqaviləsi üzrə 1388 manat əsas, 2284.21 manat faiz, 2713.22 manat cərimə və 28.09.2008-ci il tarixdən, 27 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda olaraq 184.15 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 26.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki tələb üzrə iddia müddəti ötürülməsinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2006-cı il tarixli 1841/850/01 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 24 faizlə 24 ay müddətinə 12000 manat kredit verilmişdir. Hazırda iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə 1388 manat əsas borcu, 2284,21 manat faiz borcu, 2713,22 manat cərimə borcu və kredit müqaviləsi üzrə 27 iyul 2021 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 184,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6569,58 manat borcun tutulması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 27 sentyabr 2006-cı il tarixli 1841/850/01 saylı kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 27.09.2008-ci il müəyyən olunmuşdur. İddiaçı iddia tələbi ilə 31 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 6.1.8) Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1500/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1500/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver