Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1502/2022 12.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə 6500 (altı min beş yüz) manat məbləğin tutulmasına dair, 86 (səksən altı) manat ödədiyin dövlət rüsumunun tutulmasına dair və hüquqi yardım almaq üçün etdiyi ödəniş 200 (iki yüz) manat pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayında cavabdeh X2 Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilinə mebel düzəlldəcəyi adı ilə ondan 2 dəfə olmaqla ümumilikdə 11500 (on bir min beş yüz) manat pul almış və işin təxminən 5000 (beş min) manat dəyərində olan hissəsini yerinə yetirmiş, lakin geri qalan hissəsini görməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək ya işi tamamlamağı yada pulun qalan hissəsini yəni, 6500 (altı min beş yüz) manatı qaytarmağı tələb etsə də cavabdeh nə öhdəliyinə götürmüş işi yerinə yetirməmiş, nədə ki, qalan 6500 manat pulu geri qaytarmaqdan yayınmaq məqsədi ilə müxtəlif bəhanələrdən istifadə etmişdir. Cavabdeh X2 onun etibarından sui istifadə edərək aldatdığına görə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinə ərizə ilə müraciət etdi. Şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində ərizəsində qeyd etdiyi hallara təsdiqini taparaq aralarında bağaladığı şifahi razılaşma üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini və hal-hazırda da ona borclu olduğunu etiraf etdi. Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi ilkin imanov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinə ərizəsi üzrə 12 aprel 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar çıxardı. Hal-hazırda da cavabdeh ona borcunu qaytarmaqdan yayınır və onunla ünsiyyətdən qaçır, telefon zənglərinə cavab vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin məzmununa əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinin məzmununa əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinin məzmununa əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı İlkin İmanovun “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, 2021-ci ilin noyabr ayında tanıdığı Cavabdeh adlı şəxs İddiaçı Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilinə mebel düzəldəcəyi adı ilə ondan yaşadığı evin yanında 2 dəfə olmaqla ümumilikdə 11.500 manat pul almış, işin təxminən 5.000 manat dəyərində olan hissəsini görmüş, lakin geri qalan hissəsini görməmiş, ondan pulunu geri qaytarmasını istədikdə isə müxtəlif bəhanələrlə onu aldadıb pulun qalan 6.500 manat hissəsini geri qaytarmamışdır. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin HK-1-648 saylı material üzrə araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, “2021-ci ilin noyabr ayında ona Nizami rayonunda yerləşən mənzilinə mebel düzəltmək üçün Höccət adlı şəxs müraciət etmişdir. Həmin mənzildə ölçüləri götürdükdən sonra həmin mebelin uzun müddətə və 14.000 manat pul müqabilində düzəldəciyini İddiaçı Həmzəağa oğluna bildirmişdir. Lakin, işin görülməsi üçün materialları almağa maddi durumunun yetmədiyindən materialların pulunu verməsini İddiaçı Həmzəağa oğluna bildirmişdir. Həmçinin, İddiaçı Həmzəağa oğluna həmin məbləğin 11.500 manat təşkil etdiyini bildirmişdir. 2021ci ilin noyabr ayının sonlarında İddiaçı Həmzəağa oğlunun yaşadığı Nərimanov rayonu ərazisində yerləşən evinin yaxınlığında görüşmüş, həmin vaxt İddiaçı Həmzəağa oğlu ona 5.000 manat pul vermişdir. Bundan sonra o, mebeli hazırlamağa başlamışdır. İddiaçı Həmzəağa oğlu ona materialın pulunu tam vermədiyi üçün iş yarımçıq qalmış və o, İddiaçı Həmzəağa oğlu ilə bu barədə danışdıqdan sonra hissə-hissə materialın pulu ona ödənilmişdir. İddiaçı Həmzəağa oğlunun sifarişi üzrə mebelin təxminən 6.500 manat məbləğində olan hissəsini düzəldib təhvil vermiş, lakin işlədiyi sexin sahibi ilə aralarında yaranmış problem səbəbindən sex müvəqqəti bağlı olduğundan işin qalan hissəsi yekunlaşdırılmamışdır. İddiaçı Həmzəağa oğlu onunla əlaqə saxladıqda ona bildirmişdir ki, materiallar bütövlükdə alınıb, sadəcə sex bağlı olduğundan işin təhvil verilməsi gecikdirilmişdir.” İşin materiallarında olan 05 oktyabr 2022-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 200 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan Fləş kartda mövcud olan səs yazılarından görünür ki, Cavabdeh iddiaçı ilə arasında şifahi müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmədiyini və iddiaçıya 6500 manat borcunun olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı İlkin İmanovun “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh və İddiaçı arasında şifahi müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə cavabdeh 14000 manat müqabilində iddiaçıya ev üçün mebel düzəldiməli, iddiaçı hissə-hissə cavabdehə ümumi olaraq 11500 manat məbləğində pul ödəmiş, həmin müqavilə üzrə cavabdeh öhdəliklərini tam şəkildə icra etmədiyini və iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Lakin həmin məbləğin müəyyən hissəsi üzrə mebel düzəltməmiş, yada ki, qalan pul vəsaiti qaytarılmamışdır. İddiaçı 6500 manat pul vəsaitin, 86 (səksən altı) manat ödədiyi dövlət rüsumunun və hüquqi yardım almaq üçün etdiyi ödəniş 200 (iki yüz) manat pulun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 6500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndərin yə ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi yardım almaq üçün vəkilə çəkilmiş xərclərə görə tələb olunan 200 (iki yüz) manat pulun cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti, 86 (səksən altı) manat dövlət rüsumu və 200 (iki yüz) manat məbləğində hüquqi yardım üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti, 86 (səksən altı) manat dövlət rüsumu və 200 (iki yüz) manat hüquqi yardım üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1502/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1502/2022
12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver