Məhkəmə qərarları › İş №2(025)-1519/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1519/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1519/2021 12.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4732,73 manat məbləğində kredit borcu, 79,37 manat məbləğində faiz borcu və 3033,04 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7845 (yeddi min səkkiz yüz qırx beş) manat 14 (on dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 27.09.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4732,73 (dörd min yeddi yüz otuz iki manat yetmiş üç qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02.12.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 4732,73 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 24.08.2021-ci il tarixə 631 gün üçün hesablanmış faiz borcu 79,37 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,2 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, əsas kredit borcunun ödənilməsinə etiraz etmir. Lakin cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Həmçinin borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Hər ay 60-70 manat ödəniş etməyə imkanı çatır. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə, aylıq 0,0833 faiz dərəcəsi ilə 4732,73 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh 4732,73 manat məbləği aylıq 0,0833 %lə, 60 ay müddətinə ilk on iki aylıq 3-5 manat civarında, sonrakı aylar 101 manat, sonuncu ay isə 84,12 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.09.2019-cu il tarixli 007A********** saylı Kredit müqaviləsi üzrə 4732,73 manat əsas, 79,37 manat faiz və 3033,04 manat cərimə olmaqla, cəmi 2857,62 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan kreditin verilməsi – köçürmə ərizəsindən görünür ki, Cavabdeh 27.09.2019-cu il tarixdə 4732,73 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan «Xəbərdarlıq» məktublarından görünür ki, Cavabdeh kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 19.08.2021-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1955-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuşdur və Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. Göründüyü kimi, 0927.09.2019-cu il tarixli 007A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-dən 60 ay müddətinə, aylıq 0,0833 % faiz dərəcəsi ilə 4732,73 manat manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə 4732,73 manat əsas və 79,37 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 3033,04 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 470 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Bununla da məhkəmə Cavabdeh 27.09.2019-cu il tarixli 007A********** saylı kredit razılaşması üzrə 4732,73 manat əsas, 79,37 manat faiz və 470 manat cərimə olmaqla, ümumilikdə 5.282,1 manat kredit borcunun tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4732,73 manat məbləğində kredit borcu, 79,37 manat məbləğində faiz borcu və 470 manat cərimə borcu olmaqla, cəmi 5.282,1 (beş min iki yüz səksən iki manat on qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4732,73 manat məbləğində kredit borcu, 79,37 manat məbləğində faiz borcu və 470 manat cərimə borcu olmaqla, cəmi 5.282,1 (beş min iki yüz səksən iki manat on qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar