Məhkəmə qərarları › İş №2(025)-1563/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1563/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1563/2021 21.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7017.1 manat əsas borc, 1592.64 manat faiz borcu və 96.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5658.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 04 aprel 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 04.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-dək Cavabdeh1 banka 04.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7017.1 manat əsas borc, 1592.64 manat faiz borcu və 96.19 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5658.06 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, oğlu Cavabdeh1 04.04.2019-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 10000 manat məbləğində kredit almışdır. Həmçinin bankla Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Onların maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmirlər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «Nikoyl» İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 04.04.2019-cu il tarixli 11-MZ-1- 0-733-19 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 10000 manat məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733- 19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10000 manat məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 548.88 manat, son ayda isə 549.04 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsinə 05 iyun 2020-ci il tarixli əlavə Razılaşmaya əsasən Kredit müqaviləsinin müddəti 04 iyul 2021-ci ilədək uzadılmışdır. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 qalıq 6503.69 manat məbləği illik 28 %-lə, 13 ay müddətinə 2 ay güzəşt müddəti tətbiq edilməklə aylıq 677.20 manat, son ayda isə 677.16 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsinə 26 oktyabr 2020-ci il tarixli əlavə Razılaşmaya əsasən Kredit müqaviləsinin müddəti 05 may 2021ci ilədək uzadılmışdır. İş materiallarında olan 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 qalıq 7217.10 manat məbləği illik 28 %-lə, 31 ay müddətinə 3 ay güzəşt müddəti tətbiq edilməklə aylıq 353.95 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04.04.2019-cu il tarixli 11-MZ-1-0-733-19 nömrəli kredit müqaviləsi üzrə 7017.1 manat əsas borcu, 1592.64 manat faiz borcu, 96.19 cərimə borcu olmaqla, cəmi 5658.06 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 27.08.2021-ci il tarixə Cavabdeh1 əsas borcu 7017.1 manat, faiz borcu 1592.64 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 7017.1 manat, faiz borcu üzrə 1592.64 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 96 manat 19 qəpik cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 96 manat 19 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 96 manat 19 qəpik məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 7017 manat 10 qəpik əsas borc, 1592 manat 64 qəpik faiz borcu və 96 manat 19 qəpik cərimə borcu olmaqla, cəmi 8705 manat 93 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 7017 manat 10 qəpik əsas borc, 1592 manat 64 qəpik faiz borcu və 96 manat 19 qəpik cərimə borcu olmaqla, cəmi 8705 manat 93 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2019-cu il tarixli müqavilə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar