Məhkəmə qərarları › İş №2(025)-1611/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1611/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1611/2021 26.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin sədri X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4930 (dörd min doqquz yüz otuz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü ildə Qəbələ şəhərində anadan olmuş Cavabdeh 25.05.2018-ci il tarixdə saat 06:30 radələrindən saat 21:00 radələrinədək Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində Şöpüllü çayının sol sahilində meşə fonduna daxil olmayan Aydınqışlaq kənd bələdiyyə mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı el arasında “Fındıq bağı” adlana torpaq sahəsində 92 sm, 84 sm, 72 sm və 20 sm diametrlərində qovaq cinsinə məxsus 4 (dörd) ədəd köküstə yaş halda olmuş ağacları qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan motorlu mişarla qanunsuz kəsərək Aydınqışlaq Bələdiyyəsinə ümumilikdə 5180 (beş min bir yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Həmin fakt Cavabdeh cinayət işinə dair Qəbələ Rayon Məhkəməsinin 1(025)-09/2019 saylı, 13.02.2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapmış və müvafiq sübutlar həmin işə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11.12.2018-ci il tarixli 1019A nömrəli məktubuna əsasən dəymiş olan ziyanın həcminin 5180 (beş min yüz səksən) manat olması barədə hökmdə qeyd edilmişdir. Həmin ziyandan 250 manat Cavabdeh tərəfindən Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin hesabına ödənilmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin sədri X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə yazılı etiraz ərizəsini təqdim edərək bildirdi ki, 25.05.2018-ci il tarixində Qəbələ rayon Aydınqışfaq bələdiyyəsinə aid olan 4 ədəd kök üstə olan qovaq cinsli ağacları kəsmişdir. Bu hərəkəti ilə bağlı ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin ittihamı qəbul etmişdir. Bu ittihamla bağlı ona Qəbələ rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli l(025)-09/2019 saylı məhkəmə hökmü ilə qazancından dövlət nəfinə 20% tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətində islah işləri cəzası verilmişdir. Sözü gedən məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi andan o, ilkin olaraq 1500 azn (bir min beş yüz manat) məbləğində pulu Ekalogiya və təbii sərvətlər nazirliyinin müvafiq bank hesabına köçürmüş, həmçinin eyni zamanda ona bildirildi ki, 250 azn məbləğində də pul Aydınqışlaq bələdiyyəsinin hesabına köçürülməlidir. O, bu köçürmələridə yerinə yetirib qəbzləri Qəbələ rayon İcra və Probasiya Şöbəsinə təqdim etmişdir. Lakin daha sonra Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən işə muzud əsaslarla işlədiyi Qəbələ Təmizlik və Tullantıların Çeşidlənməsi MMC-yə məktub göndərilərək ona olunan ödənişlərdən 20% həcmində dövlət nəfinə tutulma göstərişi verilmişdir. O, Qəbələ Təmiziik və Tullantıların Çeşidlənməsi MMC-də müqavilə üzrə işə muzd əsaslarla işləmiş, belə ki, özünə məxsus nəqliyyat vasitəsi ilə ayda bir neçə dəfə yükdaşıma işləri həyata keçirmişdir. Buna görə də ona Aylıq 75.00 azn əmək haqqı hesablanıb, həmin hesablanmış əmək haqqının 20% hissəsi hər ay müvafiq qaydada tutulmuşdur. Burada ondan asılı olmayan səbəblərdən qarışıqlıq yaranmışdır. Belə ki, ödənilmiş 1500 azn məbləğində zərərin hansı hesabda olduğuna dair iddiaçı heç bir fikir bildirməmişdir, o cümlədən 18 ay müddətində əmək haqqından tutulmuş ümumilikdə 270 azn haqqında da iddiaçı heç bir fikir bildirməmişdir. Dolayı yolla onun büdcəsindən 1750 azn məbləğində vəsait ödənilmiş lakin bu gün ortalıqda deyil. Ona Qəbələ rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 1(025)-09/2019 saylı məhkəmə hökmü ilə qazancından dövlət nəfinə 20% tutulmaqla 01(bir) il 06 (altı) ay müddətində islah işləri cəzası verilmişdir. Yəni məhkəmə hökmündə dəymiş zərər yəni 5180 azn həcmində pulun tam ödənilməsi və yaxudda bu miqdarda pul ödənilənədək kimi bir qeyd yoxdur. Bundan əlavə hazırkı vəziyyətdə o, törətdiyi bir əmələ görə bir neçə növ cəza ilə qarşılaşır ki, bu da müvafiq qanunvericilik aktlarına tamamən ziddir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-09/2019 saylı 13 fevral 2019-cu il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin Qəbələ rayonu, Aydınqışlaq kəndində “Fındıq bağı” adlanan torpaq sahəsində 92 sm, 84 sm, 72 sm və 20 sm diametrlərində qovaq cinsinə məxsus 4 (dörd) ədəd köküstə yaş halda olmuş ağacları qanunsuz kəsilməsində təqsirli olması və nəticədə Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinə 5180 manat məbləğində maddi ziyan vurulması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Qeyd olunan məbləğdən cavabdeh tərəfindən 250 manat Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh 4930 (dörd min doqquz yüz otuz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinə verilməsini tələb edir. Cavabdeh tərəf daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişdir. Məhkəmə hesab edir ki, qovaq cinsinə məxsus 4 (dörd) ədəd köküstə yaş halda olmuş ağac Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Bələdiyyə, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156-cı maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh iddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin xeyrinə dəymiş zərərin məbləği 4930 (dörd min doqquz yüz otuz) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4960 (dörd min doqquz yüz altmış) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Qəbələ Rayonu Aydınqışlaq Bələdiyyəsinin xeyrinə dəymiş zərərin məbləği 4930 (dörd min doqquz yüz otuz) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4960 (dörd min doqquz yüz altmış) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar