Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1634/2025 06.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq müqavilə üzrə öhdəliyin icra olunmaması (mənzilin təmir-bərpa işlərinin yerinə yetirilməməsi) nəticəsində ona dəymiş maddi zərərə görə 5200 manat (2700 manat ödənilmiş haqq, 2500,0 manat kirayə haqqı) və 52 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 26 mart 2024-cü il tarixdə o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmirini Cavabdeh sifariş etmiş və ona qabaqcadan 4000 manat ödəmişdir. Cavabdeh pulu alaraq sifarişi qəbul etmiş, lakin işə başlamamış və müxtəlif bəhanələr gətirərək öhdəliyini icra etməmişdir. O, həmçinin mənzildə gedəcək təmir işlərinə maneçilik törətməmək üçün beş ay müddətində kirayədə qalaraq həy ay 500,0 manat kirayə haqqı ödəmişdir. Bakı şəhəri, Xətai rayonu 35-ci Polis şöbəsndə aparılan araşdırma zamanı Cavabdeh evin təmiri məqsədilə ondan 4000 manat aldığını etiraf etmiş, həmin məbləğdən yalnız 1300 manat qaytarmışdır. Ona görə də, Cavabdeh 5200 manat (2700 manat ödənilmiş haqq, 2500,0 manat kirayə haqqı) məbləğində nağd pul vəsaiti və 52 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə barədə iddia qaldırmışdır. İşdə olan Bakı şəhəri Xətai RPİ 35-ci Polis bölməsində toplanmış materiallara əsasən Cavabdeh 26 mart 2024-cü il tarixdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili təmir etməkdən ötrü ondan 4000,0 manat aldığını, lakin işləri icra etmədiyini etiraf etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 26 mart 2024-cü il tarixdə İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmirini Cavabdeh sifariş etmiş və ona qabaqcadan 4000 manat ödəmişdir. Cavabdeh heç bir iş görməmiş və aldığı məbləğdən 2700 manat qaytarmamışdır. İddiaçı beş ay müddətində kirayədə qalaraq cəmi 2500,0 manat məbləğində ödəniş etməsi müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2700 (iki min yeddi yüz) manat və 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat əsas borc və 47 (qırx yeddi) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-1634/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1634/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver