Məhkəmə qərarları › İş №2(025)-1667/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1667/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1667/2025 19.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq müqavilə üzrə öhdəliyin icra olunmaması nəticəsində ona dəymiş maddi zərərə görə 800 manat pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə əldə edilmiş 03 iyun 2025-ci il tarixli şifahi razılaşmaya əsasən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə mebel dəsti (şkaf qapısı, mətbəx, dəhliz və uşaq mebel dəsti) quraşdırmağı Cavabdeh sifariş etmiş və ona qabaqcadan 1900 manat (700,0 manat kart hesabına köçürmə, 1200,0 manat nağd ödəmə) ödəmişdir. Cavabdeh pulu alaraq sifarişi qəbul etmiş, xx.xx.2025-ci il tarixdə şkaf qapısı və mətbəx mebel dəstini hazırlayaraq gətirmiş, lakin dəhliz və uşaq mebel dəstini gətirməyərək 800 manat dəyərində işi icra etməmişdir. Ona görə də, müqavilə üzrə öhdəliyin icra olunmaması nəticəsində ona dəymiş maddi zərərə görə 800 manat pul vəsaitinin alınıb verilməsi barədə iddia qaldırmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli **********1 nömrəli köçürməyə əsasən İddiaçı tərəfindən ****6800 nömrəli kart hesabına 500,0 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli **********6 nömrəli köçürməyə əsasən İddiaçı tərəfindən ****6800 nömrəli kart hesabına 200,0 manat ödənilmişdir. İşdə olan ”WhatsApp” yazışmalarının mətnlərinə əsasən Cavabdeh müqavilə üzrə yerinə yetirmədiyi işlərə görə 800 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2025-ci ilin iyun ayında İddiaçı mebel dəsti hazırlamaqdan ötrü qabaqcadan 1900 manat almış, lakin işi qismən icra etmiş və 800 manat borclu qalmışdır. Cavabdeh hərəkətləri nəticəsində İddiaçı zərər çəkmiş və dəymiş zərərin ödənilməsini təmin etməkdən ötrü 30,0 manat dövlət rüsumu ödəmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə pordatçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 800 (səkkiz yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar