Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1716/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin və ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin və ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC xeyrinə 5471,95 manat məbləğində əsas borcun, 945,16 manat məbləğində faiz borcunun, cəmi 6417,11 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu ilə İddiaçı ASC arasında bağlanmış 25.01.2020-ci il tarixli Nağd pul müqaviləsinə əsasən bank Borcluya 39 ay müddətinə, illik 21 % olmaqla 6000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı cavabdeh X2 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, kredit alan vaxt işləmiş və borcunu ödəyəcəyini düşünmüşdür. Lakin sonradan pandemiya olduğundan işdən çıxmış və borcunu ödəməkdə çətinlik çəkmişdir. Hal-hazırda yen işə girmiş və imkanı daxilində borcunu ödəyəcəkdir. Həmçinin 01.10.2021-ci il tarixdə kredit borcundan 100 manat ödəniş etmiş və həmin ödənişində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək göstərdi ki, kredit qardaşı Cavabdeh1 almışdır və imkanları olduqca borclarını ödəyəcəklər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni zamanda məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini, kredit borcundan hər ay 100 manat ödəyəcəklərini bildirmişlər. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan borclu Cavabdeh1 oğlu ilə bank arasında bağlanmış 25.01.2020-ci il tarixli, CC/55067/73/13 nömrəli Kredit Sazişindən görünür ki, bank müştəriyə nağd pul krediti üzrə 36 ay müddətinə, illik 21 %-lə 6000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı ASC qarşısındakı 25.01.2020-ci il tarixli, CC/55067/73/13 nömrəli müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Həmin Sazişin 1-ci bəndinə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərinin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. İş materiallarında olan İddiaçı ASC tərəfindən 26 aprel 2014-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin “Müştərilərinə kreditləşmə və xidmət şərtləri”ndən görünür ki, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 xidmət şərtləri ilə tanış olmuş və tanış olmalarını imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan 25.01.2020-ci il tarixli, CC/55067/73/13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 oğlu 6000 manat məbləği illik 21 %-lə, 36 ay müddətinə aylıq 226,05 manat, sonuncu ay isə 228,04 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.01.2020-ci il tarixli, CC/55067/73/13 saylı “Kredit müqaviləsi” üzrə kredit borcunun restrukturizasiyasına dair” 25 yanvar 2020-ci il tarixli Razılaşmadan görünür ki, kredit müddəti 25 yanvar 2020-ci il tarixdən 3 (üç) ay müddətinə uzaldılır və bu müddət ərzində kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. İş materiallarında olan 25.01.2020-ci il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 a oğluna «İddiaçı ASC-nin xəzinadarlığından 6000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 02.09.2021-ci il tarixli pretenziya məktubundan görünürki, Cavabdeh1 3 gün müddətinə kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.09.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1990-ci ildə Qəbələ rayonunda anadan olmuş Cavabdeh1 oğlu Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 08.09.2021-ci il tarixə olan“Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 25.01.2020-ci il tarixli müqaviləyə əsasən 5471,95 manat əsas, 945,16 manat faiz borcu vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 01.10.2021-ci il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh1 01.10.2021-ci il tarixdə İddiaçı ASC-nin hesabına kredit ödənişi üzrə 100 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Göründüyü kimi, Cavabdeh2 İddiaçı ASC-dən əsas 6000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 01.10.2021-ci il tarixli Qəbzin surətindən görünür ki, iddia ərizəsi tərtib edildiyi tarixdən sonra Cavabdeh1 01.10.2021-ci il tarixdə İddiaçı ASC-nin hesabına kredit ödənişi üzrə 100 manat ödəniş etmişdir. Göründüyü kimi Cavabdeh1 01.10.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir ki, həmin məbləğ də ondan tələb olunan əsas borcdan çıxılmalıdır. Ona görə də, məhkəmə cavabdehlərdən 5471,95 manat yox, 5371,95 manat (5471,95-100) əsas borcun tutulması qənaətinə gəlir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun faiz borcunun 945,16 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehlərdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə isə 945,16 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5371,95 manat əsas borc, 945,16 manat faiz borcu olmaqla, ümumilikdə 6317,11 (altı min üç yüz on yeddi manat on bir qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 5371,95 manat əsas borc, 945,16 manat faiz borcu olmaqla, ümumilikdə 6317,11 (altı min üç yüz on yeddi manat on bir qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1716/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1716/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver