Məhkəmə qərarları › İş №2(025)-180/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-180/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-180/2022 14.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1750 (bir min yeddi yüz əlli) manat məbləğinin və ödənilmiş olan 37.50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 15:50 radələrində Mingəçevir Bəhrəmtəpə yolunda öz hərəkət istiqamətində təxminən 50-60 km saat sürətlə hərətkət edirdi. Qəfildən maşınının arxa hissəsində güclü zərbə dəydiyini hiss etdi. Zərbənin təsirindən maşını təxminən 20-30 metr məsafəyə qədər yolunun kənarına çəkildi. Hadisə nəticəsində böyük stress və sarsıltı keçirdi. Özünü toparlayandan sonra maşına yaxınlaşıb baxdıqda maşınına böyük zərərin dəydiyini gördü. Sonrada onun maşınına çırpılan digər maşın sürücüsü ona yaxınlaşdı. Əvvəllər heç vaxt tanımadığı şəxs sonradan adını bildiyi Cavabdeh olduğunu bildi. Onun maşınının markası VAZ 21099, Cavabdeh maşınının markası VAZ 21013 markalı maşın idi. Hadisə yerinə yol polis əməkdaşları gəldi. Hadisəyə baxış keçirildi. Hadisənin günahkarı birmənalı olaraq Cavabdeh olduğu bildirildi. Hadisə ilə əlaqədar Protokol tərtib edildi. AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş Cavabdeh barəsində inzibati qərar tərtib edildi. O, Rəşad İsmayıldan maşına dəymiş ziyanın ödənilməsini tələb etdi. O, isə ona heç bir köməklik göstərməyəcəyini bildirdi. Cavabdeh avtomobilinin sığorta olmadığı üçün ona dəymiş ziyan sığorta tərəfində ödənilməsi mümkün olmadı. O, sonda məcbur olub qüsur aktı tərtib etdirdi. Onun maşınına dəyən ziyan 1750 manat müəyyən olundu. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olamadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. 27 noyabr 2021-ci il tarixdə təxminən onun idarə etdiyi “VAZ 21013” markalı avtomobil İddiaçı idarə etdiyi VAZ 21099 avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Tərtib olunmuş qüsur aktına əsasən hesablanmış maddi ziyan məbləği ilə razı deyil. “VAZ 21099” minik markalı avtomobilə 1750 manat məbləğində ziyan dəymiş ola bilməz, məbləğ həddindən artıq şişirdilmişdir. Bu səbəbdən ondan tələb olunan maddi ziyan məbləği ilə də razılaşmır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 048075 saylı arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Mingəçevir-Bəhramtəpə yolunun 76 km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. İş materiallarından görünür ki, Cavabdeh barəsində TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 9/1191 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1030 (bir min otuz) manat (dəyişilməli hissələrin qiyməti – 480 manat, təmirbərpa işlərinin qiyməti – 550 manat) müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi “VAZ 21013” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “VAZ 21099” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinin qiyməti 480 manat, təmir-bərpa işlərinin qiyməti 550 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 1750 (bir min yeddi yüz əlli) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1030 (bir min otuz) manat tutulmalıdır. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 37.50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin məbləği 1030 manat və ödənilmiş dövlət rüsumu 37.50 manat olmaqla, cəmi 1067.50 (bir min altmış yeddi manat əlli qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar