Məhkəmə qərarları › İş №2(025)-182/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-182/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-182/2021 24.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 670 (altı yüz yetmiş) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə onun istifadəsinə olan **-DM-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E200' 'minik markalı avtomobili ilə Qəbələ rayon istiqamətindən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən Mirzəbəyli kəndinə yaxın ərazidə yolun sol hissəsindən 2 ədəd iri buynuzlu sahibsiz heyvan qəflətən qabağına çıxaraq qaçılmaz qəzaya səbəb olmuşdur. Nəticədə avtomobilin sol tərəf qapıları və krel əzilərək 670 (altı yüz yetmiş) manat məbləğində zərər dəymişdir. Hadisəylə bağlı Qəbələ rayon polis şöbəsi tərəfindən araşdırılma aparılmış, həmən 2 ədəd iri buynuzlu heyvanlar Qəbələ rayonu, Courlu kəndində yaşayan Cavabdeh məxsus olması müəyyən olnaraq barəsində İnzibatı Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsi 3(025)-380/2020 saylı xx xxxxxxxx 2020 ci-il tarixli qərar qəbul edərək Cavabdeh İnzibatı Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilərək 80 (səksən) manat cərimə etmişdir. Cavabdeh avtomobilinə dəymiş 670 (altı yüz yetmiş) manat maddi zərəri ödəməkdən imtina edir. Ona görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sahibkar X5 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş Ziyan aktından görünür ki, «Mercedes Benz E200» markalı, **-DM-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 670 (altı yüz yetmiş) manat təşkil edir. İşdə olan İV Tağım YPX inspektoru polis kiçik serjantı X2 tərəfindən tərtib olunmuş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(025)-380/2020 saylı Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan ƏN-Vİ № 311880 saylı xx.xx.2020-ci il tarixli Etbarnamənin surətindən görünür ki, X1 tərəfindən «Mercedes Benz E200» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər hərəkətlər” 10 ay 9 gün müddətinə - xx.xx.2021-ci il tarixinə kimi İddiaçı etibar edilib. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, «Mercedes Benz E200» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx xxxxxxxx 2020 ci il tarixdə Qəbələ rayonu Corlu kəndində özünəməxsus 2 baş iri buynuzlu mal-qaranı asvalt örtüklü yola ötürmüş və nəticədə iddiaçıya məxsus olan «Mercedes Benz E200» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, «Mercedes Benz E200» markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərin məbləğinin cəmi 670,00 manat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 670 (altı yüz yetmiş) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. 670 (altı yüz yetmiş) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar