Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-187/2024 14.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC) qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (anası) Nümayəndə, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 iştrakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC) qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC) qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş və "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC) məxsus olan 23 noyabr 2020-ci il tarixli hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddiasına əsasən İddiaçı xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında 2004-cü ildə birgə nikahları olmuşdur. Həmin nikahlarından üç övladları - xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2005ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Atasından qalan Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.2429 ha torpaq sahəsinin ailəsinə məxsus hissənə cavabdeh qanunsuz olaraq sahiblənmişdir. Nikahları pozulduqdan sonra uşaqların baxılmasına görə 2017-ci ildə aliment təyin edilmişdir. Müəyyən səbələrə görə aliment vaxtlı-vaxtında ödənilməmişdir. Bunu da əsas və bəhanə gətirərək qanunsuz olaraq atasından qalan, özünün də heç bir əziyyətlə almadığı əmlakın 2/5 hissəsini 23 noyabr 2020-ci il tarixində "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC müqaviləsinə əsasən hərrac yolu ilə cavabdeh özünə paylı mülkiyyət olaraq götürmüşdür. Dəfələrlə cavabdehə bu məsələ ilə bağlı şifahi formada müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Bildirir ki, o, xx.xx.1981-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olmuşdur. Ailədə üç uşaqdırlar- iki bacısı və özü. Atası 2003-cü ildə vəfat etmişdir. Yaşlı və xəstə anası vardır. Keçmiş həyat yoldaşı ilə münasibətləri həmişə normal olmuşdur. Hər bir ailədə olduğu kimi aralarında bir gün yaranmış narazılıqlara görə nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət edərək qohumların təzyiqi ilə boşanmışlar. Özü yoldaşından ayrılmaq istəməmişdir. Yoldaşının sağlamlıq durumu, yəni psixioloji cəhətdən normal deyildi. Heç bir səbəb və əsas olmadan ailədə söz-söhbətlər yaradırdı. Daha sonra isə məhkəməyə müraciət edərək ondan ayrılmışdır. Hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (anası) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddai tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hərracın nəticələrinə dair adına rəsmiləşdirilmiş torpaq sahəsi ona maraqlı deyil, iddiaçı aliment borcunu ödədiyi təqdirdə həmin torpaq sahəsindən iddiaçının xeyrinə imtina edəcəkdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 iddia tələbinin əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4 və 337.5-ci maddələrinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır; 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir; 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər; 414.4- cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır; 414.5-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir; 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar; 415.7-ci maddəsinə əsasən Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 79.5 kv.m olan fərdi yaşayış evi və 0.2429 hektar torpaq sahəsi paylı mülkiyyət olaraq fərdi yaşayış evi tam, torpaq sahəsi isə 2/5 hissədə Nümayəndə, 1/5 hissədə X2, 1/5 hissədə İddiaçı və 1/5 hissədə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il və daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanladığı QXN/2414 nömrəli məktubdam müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin 8(025)-79/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı üzrə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı və müraciətinə əsasən təqdim edilmiş sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2429 ha həyətyanı torpaq sahəsinin bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixdə bazar dəyəri 19432,0 (on doqquz min dörd yüz otuz iki) manat müəyyən edilmişdir. İşdə olan "xxxx" Şirkətlər qrupu MMC-nin xx.xx.2020-ci il tarixdə sifarişçi Qəbələ rayon İcra və Probasiya şöbəsinə, tələbkar X5, borclu İddiaçı ünvanladığı 254 nömrəli “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-97/2017 saylı icra vərəqəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 6112/5 nömrəli məktubuna əsasən Qəbələ rayonu Vəndam qəsəbəsi 0.2429 ha həyətyanı torpaq sahəsinin ilkin dəyəri 19.432 manat olmaqla, xx.xx.2020-ci il tarixdə saat 11.00-da ünvan 3 ünvanında açıq hərrac keririləcəyi barədə onlara məlumat verilməklə bu barədə bildirilmişdir. Həmçinin onların nəzərinə çatdırılmışdır ki, hərracın keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2020-ci il tarixdə elan dərc edilmişdir. Hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü xx.xx.2020-ci il tarixdə bitir və iştirak hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər: fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və səlahiyyəti təsdiq edən sənədlərdir. Hərracda iştirak etmək üçün beh məbləği 971 manat 60 qəpik təşkil edir. Bildirişdə beh məbləğinin ödəniləcəyi hesab və eləcə də əmlakın dəyərinin ödəniləcəyi hesablar göstərilmişdir. İşdə olan "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) xx.xx.20220-ci il tarixdə sifarişçi Qəbələ rayon İcra və Probasiya şöbəsinə, tələbkar X5, borclu İddiaçı ünvanladığı 254 nömrəli “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-97/2017 saylı icra vərəqəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 6112/5 nömrəli məktubuna əsasən Qəbələ rayonu Vəndam qəsəbəsi 0.2429 ha həyətyanı torpaq sahəsinin dəyəri 3886 manat 40 qəpik olmaqla, xx.xx.2020-ci il tarixdə saat 11.00-da ünvan 3 ünvanında açıq hərrac keririləcəyi onlara məlumat olaraq bildirilmişdir. Həmçinin onların nəzərinə çatdırılmışdır ki, hərracın keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2020-ci il tarixdə elan dərc edilmişdir. Hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü xx.xx.2020-ci il tarixdə bitir, iştirak hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər: fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və səlahiyyəti təsdiq edən sənədlərdir. Hərracda iştirak etmək üçün beh məbləği 194 manat 32 qəpik təşkil edir. Bildirişdə beh məbləğinin ödəniləcəyi hesab və eləcə də əmlakın dəyərinin ödəniləcəyi hesablar göstərilmişdir. İşdə olan "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) 23 noyabr 2020-ci il tarixli, 83 saylı “Hərracın yekunları barədə protokol”un surətindən görünür ki, Qəbələ rayon İcra və Probasiya şöbəsinin sifarişçisi olaraq Cavabdeh2 MMC-nin direktoru X3 təşkilatçılığı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2429 ha torpaq sahəsinin İddiaçı məxsus 0,048 ha hissəsi üzrə həmin tarixdə saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5D (3-cü mərtəbə) keçirilən hərracda həmin torpaq sahəsini dəyəri 3886 (üç min səkkiz yüz səksən altı manat 40 qəpik olmaqla X7 əldə etmişdir. X7 tələbkar olduğundan beh ödənilməmişdir. İşdə olan "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) 23 noyabr 2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, həmin müqavilə Cavabdeh2 MMC-nin direktoru X8 ilə X7 arasında Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2429 ha torpaq sahəsinin İddiaçı məxsus 0,048 ha hissəsi üzrə torpaq sahəsini dəyəri 3886 (üç min səkkiz yüz səksən altı manat 40 qəpik olmaqla bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 79.5 kv.m olan fərdi yaşayış evi və 0.2429 hektar torpaq sahəsi paylı mülkiyyət olaraq fərdi yaşayış evi tam, torpaq sahəsi isə 2/5 hissədə Nümayəndə, 1/5 hissədə X2, 1/5 hissədə X4 və 1/5 hissədə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il və daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, hazırki mübahisə obyekti olan daşınmaz əmlakla bağlı Qəbələ Rayon Məhkəməsinin icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq Qəbələ rayon İcra və Probasiya şöbəsi sifarişçisi olaraq Cavabdeh2 MMC-nin direktoru X3 təşkilatçılığı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2429 ha torpaq sahəsinin İddiaçı məxsus 0,048 ha hissəsi üzrə hərracın keçirilməsi təşkil edilmiş, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. 23 noyabr 2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən yuxarıda adı çəkilən məhkəmə sənədi üzrə tələbkar əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən dəyəri 3886 (üç min səkkiz yüz səksən altı manat 40 qəpik) olmaqla almışdır. Eyni zamanda mülki işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-97/2017 saylı icra vərəqəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 6112/5 nömrəli məktubuna əsasən hərraca çıxarılmış Qəbələ rayonu Vəndam qəsəbəsi 0.2429 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus 0,048 ha hissəsinə tələbin yönəldilməsindən İddiaçı məlumatı olmuşdur. Qeyd edilən bu faktın özü iddiçının məhkəməyə verildiyi iddia ərizəsinin əsassız olduğunu sübuta yetirir. Bundan başqa iddiaçı iddia ərizəsində “atasından qalan Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.2429 ha torpaq sahəsinin ailəsinə məxsus hissənə cavabdeh qanunsuz olaraq sahiblənmişdir. Nikahları pozulduqdan sonra uşaqların baxılmasına görə 2017-ci ildə aliment təyin edilmişdir. Müəyyən səbələrə görə aliment vaxtlı-vaxtında ödənilməmişdir. Bunu da əsas və bəhanə gətirərək qanunsuz olaraq atasından qalan, özünün də heç bir əziyyətlə almadığı əmlakın 2/5 hissəsini 23 noyabr 2020-ci il tarixində "xxxx" Şirkətlər qrupu MMC-yə (yeni adı Cavabdeh2 MMC müqaviləsinə əsasən hərrac yolu ilə cavabdeh özünə paylı mülkiyyət olaraq götürmüşdür” kimi fikirlər göstərməklə iddia tələbini əsaslandırmışdır. İddiaçının iddia tələbində göstərdiyi bu hala tənqidi qiymət verən məhkəmə qeyd edir ki, İddiaçı məhkəmədə cavabdehlərə qarşı "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) 23 noyabr 2020-ci il tarixli, 83 saylı “Hərracın yekunları barədə protokol”un ləğv edilməsi tələbini qoysa da qanuni əsaslara söykənmiş heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddiasına haqq qazandırmağa çalışmışdır. Çünki, işin mövcud halları ilə müəyyən edilir ki, hərrac iddiaçının iddiasında əsaslandırdığı Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.2429 ha torpaq sahəsinin Nümayəndə məxsus 2/5 hissəsi üzrə deyil, faktiki olaraq iddiaçının özünə məxsus 0,048 ha hissəsi üzrə hərrac keçirilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il və daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 təşkil edən çıxarışla da təsdiq edilir. Hansı ki, həmin Çıxarışla tələbin yönəldildiyi, iddiaçıya məxsus olmuş torpaq sahəsinin X4 mülkiyətinə hərracdan sonra keçdiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. "xxxx" Şirkətlər qrupu MMC-nin (yeni adı Cavabdeh2 MMC) 23 noyabr 2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, həmin müqavilə Cavabdeh2 MMC-nin direktoru X8 ilə X7 arasında Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2429 ha torpaq sahəsinin İddiaçı məxsus 0,048 ha hissəsi üzrə torpaq sahəsini dəyəri 3886 (üç min səkkiz yüz səksən altı manat 40 qəpik olmaqla bağlanmışdır. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Qəbələ rayonu Vəndam kəndində yerləşən və 0.2429 hektar torpaq sahəsinin 1/5 hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il və daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunun 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və sair. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə isə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Qəbələ rayonu Vəndam kəndində yerləşən və 0.2429 hektar torpaq sahəsinin 1/5 hissədə X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə iddia tələbi təmin edilə bilməz. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qanunun mənasına görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Beləliklə, iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətlər qrupu MMC (yeni adı "xxxx" MMC) qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətlər qrupu MMC (yeni adı "xxxx" MMC) qarşı “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-187/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-187/2024
14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver