Məhkəmə qərarları › İş №2(025)-1896/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1896/2025

10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1896/2025 10.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayeva Şəhla Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 1571,00 AZN ziyana görə pulun və ödədiyi dövlət rüsumunun həmin şəxsdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan it cinsi Lagotta Romanyola olan itini Cavabdeh idarə etdiyi Opel Astra markalı 99RV348 dövlət nömrə nişanlı avtomobillə vurmuşdur. Həmin iti 3 dəfə əməliyyat etdirmişdir. İtin əməliyyatlarına çəkilən xərci 1571 manat təşkil etmişdir. İtin müalicəsi davam edir. Bütün sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, onların Nic qəsəbəsində torpaq sahələri var, hadisə zamanı oğlu kilsənin yanında olmuş, itlər də onunla olmuşdur. Həmin günü yəni 10 sentyabr 2026-ci il tarixində saat 4-5 arası öz obyektində olmuşdur. Kilsə ilə üzbəüz ona məxsus obyekt var və iki aydır ki, orda imiş. İt isə oğlu ilə birlikdə kilsənin qabağında gəzmişdir. Həmin itlər trufel adlı göbələyi axtaran itlərdir. Onları xaricdən gətirtmişdir. Onlar heç zaman itə xalta taxaraq gəzdirmirlər, it də xalta olmadan daim gəzmiş və yolu keçmişdir. Sözügedən hadisə olan yer böyük yolların olduğu yer deyil, dar yolları var. Həmin yolda sürət həddi 50 km/saat olar. İt kilsənin qabağından keçmək istəyəndə Cavabdeh idarə etdiyi avtomobil 75-80 km/saat sürət ilə gələrək iti vurmuş, sonra maşını bir az qabaqda saxlamış və maşından düşərək ətrafa baxmışdır. Həmin vaxt əlində digər iti olmuşdur. Sürücünün baxdığını görəndə “gəl mənə kömək et” demişdir. Cavabdehin yanında başqa adam olmuşdur. Həmin adam cavabdehə heç nə olmaz get demişdir. Cavabdeh bundan sonra çıxıb getmişdir. O tez bir zamanda iti Qəbələ Rayon Peşə Təhsil mərkəzində olan baytarın yanına aparmış, ilk müdaxiləni etsələr də heç bir fayda verməmişdir. Ayın 14-ü o, itini Bakıya aparmışdır. Buzovnada yerləşən “CaspianVet” veterinar klinikasında baytar-həkim onu müayyinə etmiş və cərrahi müdaxilənin zəruriliyini ona bildirmişdir. Həmin gün iti ilk əməliyyat olmuş, əməliyyat zamanı itin zədələnmiş nahiyəsinə metal lövhə və metal mil qoymuşdurlar. Sözügedən əməliyyata 1000 manat pul vermiş və həmin qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Əməliyyatdan sonra yaranan hallara görə itini təkrar fərqli günlərdə 3 əməliyyata salmışdırlar. 4cü əməliyyatdan sonra “CaspianVet” veterinar klinikasında baytar-həkimi ona zəng edərək bildirmişdir ki, onun rəyinə əsasən, itin ayağının amputasiya edilməsi zərurəti yaranmışdır. O bunu qəbul etməmiş və iti oradan çıxarıb həmin gün başqa bir klinikaya aparmışdır, orda təkrar əməliyyat olunmuşdur. Hal-hazırda it evdədir, özü ona baxır. O özü ginekoloq həkimdir, sosial ictimai birliyinin üzvüdür. Bu hadisəyə görə işinə düzgün gedə bilmir. İtin dərman və antibiotikləri dəqiq ardıcılıqla edilməlidir. Məhkəmə iclaslarına gələrkən onu kiməsə tapşırmalı olur. Bunun üçün də hər dəfə 50 manat əlavə xərci çıxır, lakin o xərclərin heç birini cavabdehdən tələb etmir. Sadəcə iddia ərizəsində dediyi məbləği ona geri qaytarsın. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 10 sentyabr günü o işdə olmuşdur. Həmin vaxt o siqaret firmasında işləmiş, hal-hazırda həmin firmada işləmir. Hadisə zamanı sürdüyü maşın şəxsi maşını olmuşdur. İşdən çıxıb yavaş sürətlə getmişdir. Yol boyu da qəsəbənin itləri qarşısına çıxmış, lakin maşını görüb yanı ilə keçib getmişlər. Həmin yerdə də bir topa it olmuşdur. O getdiyi yerdə iddiaçının iti kolluqdan ani şəkildə qaçaraq çıxmışdır. O bir az işə tələsmişdir. Düşüb baxmış, görmüşdür ki, iddiaçının iti hürə-hürə qaçıb getdi. Daha sonra iddiaçının iti alıb getdiyini görmüşdür. Qəza olan yerdən bir az uzaqda maşını saxlamış, 10-15 dəqiqə gözlədikdən sonra getmişdir. Hadisə yerində daynanan başqa adam da olmuş, o da elə bilmişdir ki, o, iddiaçının tanışıdır. Həmin adam ona demişdir ki, heç nə olmayıb, o da ona görə getmişdir. Sözügedən hadisə olan yer dar yollardır, o orda iddiaçının dediyi kimi 75 km/saat sürətlə getməmişdir. İddiaçıyla köməklik göstərmək üçün danışmamışıdr. İddiaçı ona zəng edib itin əməliyyat olmalı olduğunu demişdir. O da ona maddi imkanının olmadığını bildirmişdir. İlk məhkəmə iclasından sonra iddiaçı tərəf ilə məhkəmənin inzibati binasında danışmağa və razılaşmağa çalışmış, lakin iddiaçı onunla danışmamış və iddiaçı ona məbləği prinsipə ödətdirəcəyini bildirmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında X2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır. Hadisə baş verən vaxt it yolun kənarında oynamışdır. O, yüksək səs eşitmiş, həmin vaxt maşın iti vurmuşdur. O kilsənin yanında imiş. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Şahid qismində verdiyi izahatında göstərmişdir ki, onun evi hadisə baş verən ərazinin yaxınlığında yerləşir. Hadisə baş verən vaxt iddiaçı ilə bərabər iddiaçıya məxsus kafedə oturub çay içmişdir. Kafe hadisə baş verən yolun yanındadır. Səsə getmiş, görmüşdür ki, maşın iti vurub, it hürə-hürə qaçdı. Səsə itin sahibi də çıxmışdır. Lakin itin vurulması anını görməmiş, səsə getmişdir. Həmin vaxt maşın dəyəndə bərk səs çıxsa da, maşında hər hansı zədə olmamışdır. İt əks istiqamətə qaçmış, iddiaçı da itin arxasıyca getmişdir. Həmin vaxt avtomobilin sürücüsü təxminən 5-6 dəqiqə orda olmuş, maşınına baxış keçirmiş, o da sürücünün yanında dayanmış, sürücü ilə öz aralarında sadəcə hadisəni müzakirə etmiş, maşına baxmışlar, aralarında hər hansı başqa söhbət olmamışdır. Həmin vaxt itin sahibi ilə avtomobilin sürücüsü arasında hər hansı söhbət olmayıb. İddiaçının bir neçə iti var, lakin həmin vaxt hansı itin vurulması tam yadında deyil. O, sonra iş dalıyca başqa yerə getmiş, qayıdanda isə itin ayağının sarğılı olduğunu görmüşdür. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan “CaspianVet” Veterenar Klinikasının heyvanın tibbi qeydiyyatından Çıxarışlardan görünür ki, həmin it xx.xx.2025-ci il tarixdə maşın vurduqdan 3 gün sonra klinikaya aparılmış, həmin vaxt rentgen çəkilmiş və sağ ön ayağın humerus sümüyünün 3 parçalı sınığı diaqnozu qoyulmuş, xx.xx.2025-ci il tarixdə 1-ci, xx.xx.2025-ci il tarixdə 2-ci cərrahi əməliyyat həyata keçirilmiş, həmin sümüyə mil və plak taxılmışdır. həmin it xx.xx.2025ci il tarixdə 3-cü əməliyyat həyata keçirilmişdir. Ayaqdakı mil çıxarılaraq yenisi qoyulmuşdur. İş materiallarında olan rentgen şəkillərindən görünür ki, itin qabaq sağ ayağında qırıq var və cərrahi əməliyyatla ona mil və plak taxılmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək olan dövr ərzində “CaspianVet” Veterenar Klinikasına və müxtəlif apteklərə 1562,4 manat ödəniş həyata keçirilmişdir. Məhkəmənin sorğusuna əsasən Qəbələ RPŞ-dən daxil olmuş maeriallardan müəyyən olunur ki, İddiaçı ona məxsus Lagotto Romangolo cinsli itin avtomobillə vurulması və hadisə nəticəsində itin xəsarət alması ilə şikayət etmişdir. Sürücünü izahatı alınmışdır. Müraciətdə göstərilən xüsusatlar X1 səlahiyyətinə aid olmadığından mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, həmin ərazidən avtomobillə hərəkətdə olarkən it yolun bir tərəfindən digər tərəfinə qəfildən keçən zaman həmin iti maşının qabaq hissəsi ilə vurmuş, it durub oradan zingildəyə zingildəyə uzaqlaşmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 1.43 yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyası 1.1 Ev heyvanı dedikdə, insanın xüsusilə ev şəraitində fərdi zövq almaq və yoldaşlıq münasibətləri yaratmaq üçün saxladığı heyvan nəzərdə tutulur. “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydaları 1.6. Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız baytar həkimləri tərəfindən həyata keçirilir. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2026-cı il tarixli, 20 nömrəli qərarı Məhkəmənin mövqeyi: Göründüyü kimi İddiaçı ev heyvanları (itlər) saxlayır, onlara qulluq edir. xx.xx.2025-ci il tarixdə Cavabdeh həmin vaxt idarə etdiyi Opel Astra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsində hərəkətdə olarkən “Çotari” kilsəsinin qarşısında İddiaçı məxsus Lagotto Romangolo cinsli iti vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə zamanı it qabaq sağ ayağından xəsarət almış, ayağındakı humerus sümüyü sınmışdır. Bu faktı cavabdeh həm keçirilən məhkəmə iclaslarında, həm də Qəbələ RPŞ-də verdiyi izahatında etiraf etmişdir. Ona görə də də bu işin mübahisəsiz halıdır. Hadisə zamanı itin qabaq sağ ayağı sınmışdır. Daha sonra iddiaçı tərəfindən itə tibbi yardım göstərilməsi, üzərində cərrahi əməliyyat icra olunması, eləcə də dərman və digər tibbi vasitələrinin alınması üçün pul vəsaiti xərclənmişdir. İddiaçı “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarına uyğun olaraq, itini baytar həkiminin müayinəsinə aparmış və it üzərində bir neçə dəfə cərrahi əməliyyat icra olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə 505 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-cil tarixdə 133 manat, xx.xx.2025-ci il tarixdə 183 manat və xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 1421 manat məbləğində “Caspianvet” klinikasına ödəniş edilmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə 33,21 manat, məbğləğində "xxxx" MMC-yə məxsus “Aptek Buzovnaya, xx.xx.2025-ci il tarixdə 12,60 manat "xxxx" MMC-yə məxsus “Aptek Buzovnaya, xx.xx.2025-ci il tarixdə 10,95 manat "xxxx" MMC-yə məxsus “Aptek Buzovnaya, xx.xx.2025-ci il tarixdə 12,30 manat "xxxx" MMC-yə məxsus Aptek 385-ə, xx.xx.2025-ci il tarixdə 22,73 manat "xxxx" MMC-yə məxsus Aptekə və xx.xx.2025-ci il tarixdə 49,61 manat "xxxx" MMC-yə məxsus “Aptek Buzovnaya olmaqla, ümumilikdə 141,40 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişlər iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzləri və digər sənədlərlə də müəyyən olunur. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2026-cı il tarixli, 20 nömrəli qərarının 2.4.4-cü bəndində gösdərilmişdir ki, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən müdafiə olunmaq hüququ yuxarıda qeyd edilənlərlə yanaşı, şəxsin avtomobilinə, xidməti otağına və ləvazimatlarına, ona məxsus ev heyvanlarına və bitkilərinə, habelə şəxsi xüsusiyyətə malik digər əşyalarına da şamil edilir. Məsələn, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olma şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə hesab olunur. Hadisə zamanı xəsarət almış Lagotto Romangolo cinsli it iddiaçıya məxsusdur. Beləliklə baş vermiş hadisə şəxsi həyatına hüquqazidd müdaxilə hesab olunur. Buna görə də iddiaçı ona məxsus itin aldığı xəsarət nəticəsində çəkdiyi xərci cavabdehdən tələb etməkdə haqlıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmarayaq yaranır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 1571 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən itin müalicəsinə ümumilikdə 1562,40 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 1562,40 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1562,40 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1562,40 manat məbləğində maddi ziyan alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 35,63 (otuz beş manat altmış üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1562,4 (bir min beş yüz altmış iki manat qırx qəpik) manat və 35,63 (otuz beş manat altmış üç qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar