Məhkəmə qərarları › İş №2(025)-194/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-194/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-194/2021 15.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 borclu olduğu 400 (dörd yüz) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona mebel alışı ilə bağlı 400 (dörd yüz) manat məbləğində pul borcludur. Belə ki, 2017-ci il tarixdə qızı Mehribanla qardaşı Elşən ailə qurarkən onlara maqazindən mebel alarkən pulu çatmamış və ona zəng edərək pulunun çatmadığını bildirərək 350 (üç yüz əlli) manat pul istəmiş, pulu borc istədiyini və qaytaracağını bildirmişdir. Cavabdehə özündə pul olmadığını bildirmədən başqasından 400 (dörd yüz) manat alaraq öz evində həyat yoldaşının yanında çay süfrəsi arxasında ona vermişdir. Cavabdeh bir müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Qohum olduqlarına görə tələb etməyə çəkinmişdir. Borc aldığı adamın pulunu hissə-hissə qaytarmışdır. Hazırda qohumluq münasibətləri pozulub. Cehiz əmlakını götürərkən borc verdiyi 400 (dörd yüz) manatı tələb etdi. Ancaq qaytarmaqdan imtina etməklə ona borclu olmadığını bildirmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda da qeyd edilmişdir. Cavabdeh açıq şəkildə bildirdi ki, ondan borc almayıb, ona görə də tələb etdiyi 400 (dörd yüz) manatı qaytarmayacaq. Bu səbəbdən təiəb etdiyi 400 (dörd yüz) manat borc pulu məhkəmə qaydasında alınıb- verilməsini tələb etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2017-ci il tarixində qardaşı X4 mebel almaq üçün Qəbələ rayon Tikanlı kənd nümayəndəsinə yaxınlaşaraq şəhid ailəsi olduqlarını və köməklik göstərilməsini xahiş etmişdir. Kəndin icra nümayəndəsi Azər müəllim Ağdaş rayonunda dördyol deyilən ərazidə yerləşən mağazada tanışının olduğunu bildirdi. Həmin mebel mağazasına getdi və Azər müəllim tərəfindən göndərildiyini bildirərək 100 manat beh verərək mebeli nisyə aldı. Qalan pulu isə toydan sonra yığılan pulla ödəyəcəyi barədə vəd vermişdir. Mebelin qalan pulunu toydan yığılan pulla toydan 1 gün sonra dayısı Akif Abdullayev ilə birlikdə gedib ödəmişdir. Toy danışıqlarını dayısı Şair Abdullayev, anası Südabə Qocayeva və bibisi Alagöz Rəsulova etmişdir. Toy məsləhəti zamanı iddiaçı deyib ki, “mən sizdən süd pulu istəmirəm, siz də məndən mebel pulu istəməyin”. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X1 cehiz əşyalarını – elektrik avadanlıqlarını, yataq əşyalarını, bütün növ qab-qacaq əşyalarını, xalça və pərdələri, qızıl-ziynət əşyaları – 1 ədəd boyunbağı, 1 ədəd qolbağı, 1 dəst sırğa, 2 ədəd üzüyü təhvil almışdır. Həmçinin aktda qeyd olunur ki, iddiaçı cavabdehdən mebel almaq üçün verdiyi 400 manat pulu tələb etdi. Cavabdeh isə pul tələbinə etiraz edərək göstərdi ki, ona 400 manat pul verilməmişdir. Aktın doğruluğunu İddiaçı, Cavabdeh və digər şəxslər imzaları ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən pul tələbini iddia etsə də, tələbini əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar