Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-20/2023 20.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən bağlanmış yolun açılması, dəmir darvazanın cavabdehlərin hesabına götürülməsi və yoldan istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Aydınqışlaq bələdiyyəsində əvəllər öz istifadəsində olan tarpaq sahəsindən 0,12 ha sahəni fərdi yaşayış evi tikmək üçün almışdır. Həmin torpaq sahəsi yaşayış sahəsinin kotigoryasına daxil olmaqla xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmaqla adına DƏDRX-ən çıxarış verilmişdir. Torpaq sahəsi ona satılan zaman əraziyə gediş-gəliş yolu əvvəlcədən olduğundan istifadə üçün ona eni 5 metr olmaqla yol yeri ölçülüb verilmişdir. Ancaq 2022-ci il may ayının axırlarında cavabdehlər ona ölçülüb verilmiş yola dəmir darvaza qoymaqla yoldan istifadəyə maneə yaratmaqla həyətə giriş-çıxışına maneə yaratmışlar. Bağlanmış yolun açılmasına cavabdehlərdən xahiş etdi, nəticəsi olmadı, əksinə nalayiq sözlərlə təhqir olunmaqla hədələrə məruz qaldı. Məcbur olub Aydınqışlaq kənd İnzibati Ərazi nümayəndəliyinə, Aydınqışlaq bələdiyyəsinə müraciət etdi, nəticəsi olmadı. Mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin bilərəkdən yaratdıqları maneələr üzündən mülkiyyətinə verilmiş 0,12 ha həyatyanə torpaq sahəsindən mülkiyyətçi kimi səmərəli istifadə edə bilmir. Yəni cavabdehlər tərəfindən torpaq üzərində mülkiyyət hüququ kobud şəkildə pozulur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, o və ailə üzvləri heç bir yol yerini zəbt etməmişdir. İddiaçıları yol yeri olaraq tələb etdikləri torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçıların hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidən iddiaçıya yalnız 10 metr uzunluğunda yol yeri verə bilər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin sədri X5 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə məxsus torpaq sahəsidir və iddiaçının torpaq sahəsi üçün xəritədə yol yeri kimi nəzərdə tutulmuşdır. Cavabdehlər X3 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçılarının “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 190 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə, AA 534803 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsi tərəfindən verilmiş 30 saylı 14 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinin “ X9” torpaqlarından İddiaçı öz sitifadəsinə olan ərazidən 0.12 ha torpaq sahəsi satılan zaman həmin əraziyə gediş-gəliş yolu əvvələrdə olduğu üçün 5 (beş) mert enində yol ayrılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdehlər tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 24 noyabr 2022-ci il tarixli, **********10 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki;
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmamışdur.
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəlillərinə aydınlıq gətirmək məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 25 oktyabr 2022-ci il tarixli, **********14 saylı mütəxəssis rəyii nəzərə alınaraq məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/615 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmamışdır.
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 190 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən **********95 qeydiyyat nömrəli çıxarış üzrə 0.12 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh X3 isə Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində mülkiyyətdə olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun xüsusi mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən 0.12 ha ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən açılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri ümumiyyətlə nəzərdə tutulmadığı, eyni zamanda iddiaçının yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsinin Qəbələ rayon Aydınqışlaq Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin olması müəyyən edilmişdir. Beləliklə, İddiaçı irəli sürdüyü tələbinin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı cavabdehlər X4, X2 və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yol yerinin açılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev